İsveç prokuroru Ziya Məmmədov və Arif Əsgərovla bağlı “otkat” işindən danışdı: - “Başqaları da araşdırılır...”
15-03-2017, 16:45
Azərbaycan dəmir yolunun siqnalizasiya sistemləri ilə təchizatı tenderinə dair korrupsiya işi iləbağlı İsveç prokurorluğu, bir yox, bir neçə şirkətin fəaliyyətini araşdırır.
Virtualaz.org xəbər verir ki, bunu işi aparan İsveç prokuroru Tomas Forsberg BBC Azərbaycanca-ya deyib.
"Araşdırdığımız siqnalizasiya sistemləri təchizatına hazırda və keçmişdə aiddiyyatı olan bir yox, bir neçə fərqli şirkət var"-prokuror bildirib. Lakin Tomas Forsberg həmin şirkətlərin adlarını açıqlamaqdan imtina edib.
Xəbər verildyi kimi ötən cümə günü İsveç prokurorluğu 2013-cü ildə Azərbaycan Dəmir Yollarının Bakı-Böyük Kəsik hissəsinin siqnalizasiya sistemləri ilə təchizatı üzrə tenderlə əlaqədar Azərbaycan rəsmilərinə rüşvət verməkdə şübhəli bilinən Kanadanın Bombardier şirkətinin əməkdaşını həbs edib. Yevgeni Pavlov adlı həmin əməkdaş Rusiya vətəndaşıdır.
Kanadanın “Bombardier” şirkətinin İsveç törəmə şirkəti 2013-cü ildə “Azəbaycan Dəmir Yolları” ASC tərəfindən (Həmin vaxt ASC Nəqliyyat Nazirliyinin tərkibində olmaqla ora Arif Əsgərov rəhbərlik edirdi) keçirilən 288 milyon dollarlıq tenderdə qalib gəlib. İsveç hüquq-mühafizə orqanları müəyyən edib ki, əslində həmin tenderə bir neçə başqa şirkət də qatılmışdı və onlar siqnalizasiya avadanlıqlarının təchizatı, quraşdırılması üçün daha aşağı qiymət təklif edirdilər. Lakin tenderi keçirənlər “Bombardier”ə üstünlük verib.
Korrupsiya sövdələşməsi nəticəsində siqnalizasiya avadanlıqları əvvəlcə Londonda qeydiyyatdan keçmiş “Multiserv Overseas” şirkətinə satılıb, sonra həmin şirkət avadanlıqları 5.5 dəfə baha qiymətə “Azərbaycan Dəmir Yolları” ASC-ə satıb. Bu sövdələşmədən 80 milyon dollar “otkat” götürülüb, onun 56 milyon dolları Azərbaycan vəzifəlilərinə çatıb. “Multiserv Overseas” şirkəti Rusiya Dəmir Yollarının keçmiş rəhbəri Aleksandr Yakuninə bağlıdır və fəaliyyətinə onun oğlu rəhbərlik edir. Sövdələşmənin tərkib hissəsi olaraq siqnalizasiya sistemlərinin quraşdırılmasını “Bombardier”in Rusiya törəmə şirkəti həyata keçirib. Bu korrupsiya qalmaqalı “Panama sənədləri”nin köməyi ilə araşdırmaçı jurnalistlər tərəfindən üzə çıxarılıb.
Prokuror Tomas Forsberqin sözlərinə görə təyyarə və dəmir yolu avadanlığı istehsal edən “Bombardier”in bir neçə əməkdaşı Azərbaycan rəsmilərilə gizli sövdələşmədə şübhəli bilinirlər.
Forsberq deyib ki, üç il əvvəl keçirilən tenderdə daha yüksək qiymət təklif edən başqa şirkətlərin iştirakına rəğmən müqavilə “Bombardier” şirkəti ilə imzalanıb."Bombardier” başqa iştirakçılardan az təklif etsə də, 2013-cü ildəki tenderi qazandı", o deyib.
Tomas Forsberq Azərbaycan tərəfilə istintaq çərçivəsində təmasda olub-olmadığı barədə suala cavab verə bilməyəcəyini deyib. Lakin onun sözlərinə görə məsələ beynəlxalq miqyaslıdır və antokorrupsiya işi üzrə bütün tərəflər əməkdaşlıq etməlidir. İsveç prokuroru istintaq davam etdiyi üçün əlavə təfərrüatlara varmaq istəmədiyini bildirib.
Məsələ ilə bağlı araşdırma aparan Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsinə əsasən İsveçdə mənzillənən Bombardier Transportation AB qrupu Britaniyada qeydiyyatdan keçmiş və yalnız kağız üzərində mövcud olan şirkət vasitəsilə Azərbaycandakı rəsmilərə milyonlarla dollar ödəyib. Məsələni araşdıran İsveçin TT agentliyi və Uppdrag Granskning TV proqramında bildirilir ki, Azərbaycan dəmir yollarının siqnallaşdırma avadanlığı ilə təchizatına dair müqavilə 340 milyon dollar dəyərindədir. İsveç prokurorluğuna əsasən dəlillər ötən ilin oktyabr ayında “Bombardier”-in İsveçdəki ofisindən müsadirə edilmiş elektron məktublardan ibarətdir.