Üç “OMON”çunun 66 illik həbs müddəti - “Yeganə arzuları azadlıqda ölməkdir...”

16-03-2017, 09:39           

Mirvari Qəhrəmanlı: “22 il həbsdə yatmaq ölümdən də betərdir”


“OMON” hadisələrindən 22 il ötür. Hazırda bu hadisələrdə iştirak edən şəxslərdən üç nəfər həbsdədir. Onlar ömürlük cəzaya məhkum edilmiş Elçin Əmiraslanov, Səfa Poladov və Arif Kazımovdur. İndiyə qədər edilən cəhdlərə baxmayaraq, dəfələrlə onların əfv müraciətləri olsa da, hər üç ömürlük məhbus Qobustan həbsxanası ilə vidalaşa bilməyiblər.


Martın 14-də Ali Məhkəmədə onların kasasiya şikayətinə baxıldı və müdafiə tərəfin cəzanın 20 illə əvəz olunması barədə verdiyi vəsatət təmin olunmadı. Bundan sonra gözlər bugünlərdə veriləcək əfv sərəncamına dikilib. Bu əfvdə onların azadlığa buraxılmasına olan ümidlər kifayət qədər çoxdur.


Ümumiyyətlə, onların hər biri 22 il həbsxanada cəza çəkmələrinə baxmayaraq, azad edilmələri daim müzakirə mövzusu olub. Təsadüfi deyil ki, 1995-ci ilin bu günlərində baş verən hadisələrdə cinayət məsuliyyətinə cəlb olunanlardan hər kəs azadlıqdadır, yalnız bu üç şəxsdən başqa...

Onların hüquqlarını qoruyan vəkil Elçin Sadıqov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, vaxtilə onlara qarşı sərt cəza tətbiq olunub: “Qanun sərt tətbiq olunduğuna görə indi də bunu aradan qaldırmaq mümkün olmur. Hər üç şəxs ağır xəstəlikdən əziyyət çəkir. Dəfələrlə azad olunmaları üçün müraciət ediblər. Ən azından indi çox ümid edirik ki, onlar bu əfvə düşərlər. Onların yeganə arzuları azadlıqda ölməkdir. Bir çox MDB ölkəsində bu problem həllini tapıb. Ancaq ölkəmizdə bununla bağlı işlər həyata keçirilməyib. Ümid edirik ki, ən azından əfvlə bu məsələləri həll etmək olar. Ali Məhkəmənin son qərarı qanunsuz idi. Bizim Avropa Məhkəməsinə müraciət etməkdən başqa yolumuz qalmayıb. Amma əfvlə onlar azad olunsalar, bu məsələdən daşınacağıq”.

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı Azərbaycanda həm dində, həm də insanlıqda bağışlamaq, tolerantlığın olduğunu söylədi: “Hər şey siyahını əfv üçün təqdim edənin necə təqdim etməsindən asılıdır. Necə təqdim edəcəksə, o qədər də fikir formalaşdıracaq. 22 il keçib. Bu illər ərzində ölkədə yaxşı və pisə doğru dəyişikliklər olub. Bu insanlar cəmiyyət üçün qorxulu deyillər. 22 il həbsdə yatmaq ölümdən də çətindir. İndi ümidlər yalnız prezidentə qalıb. Bildiyiniz kimi, əfv üçün siyahı artıq təqdim olunub və onların da adı var. Kimin təqdim etdiyini deyə bilmərəm. Prezidentə siyahını təqdim edəni humanistliyə çağırıram. Demək istəyirəm ki, onların əfvə düşməsi üçün artıq prezidentə müraciət olunub. Onların həbsdə qalmaları üçün yəqin elə səbəblər var ki, cəmiyyətə açıqlanmır. Müəyyən şəxslərin həbsdə qalmalarında maraqlı olan şəxslər olur, kimisə sifarişli həbs edirlər, yəni səbəblər çoxdur. Bu baxımdan, üç "OMON"çunun həbsdə qalmasında maraqlı şəxslər ola bilər. Yaxşı tərəfdən yanaşanda da, bu şəxslərin adlarının əfv siyahısında olmasının məhkəmə qərarına təsir etdiyini düşünmək olar. Onlarla bağlı görülən işləri də qənaətbəxş saymıram. Əfv çatan zaman bu istiqamətdə çalışmaq doğru deyil. Hər zaman fəaliyyət göstərmək lazımdır, istər onların yaxınları, istərsə də hüquqlarını müdafiə edən şəxslər hər gün çalışmalıdırlar. Yalnız ortada 1-2 jurnalist qalıb, bir də barmaqla sayılan mətbuat orqanları. Sizin qəzet adətən tez-tez bu məsələni gündəmə gətirir. Mətbuat ilboyu bu məsələni diqqətdə saxlamalıdır. Çox təəssüf ki, sizin mətbuatdan başqa bu şəxsləri diqqətdə saxlayan yoxdur”.

Respublika “OMON”un əfsanəvi komandiri Nizami Şahmuradov döyüş yoldaşlarının həbsdə qalması barədə bunları dedi: “Təəssüf ki, məhkəmə qərarı yenə də qüvvədə saxladı. Bütün şəxsi heyət azadlığa çıxıb, yalnız üç nəfərimiz qalıb. Azad olunan şəxslərdən kim indiyə qədər hansısa bir cinayəti törədib ki, bunlar da azad olunduqdan sonra nəsə bir cinayət törətsinlər. Bunlar xəstə adamlardır. Torpaq uğrunda Elçin canını fəda edib. Yenə də bunu etməyə hazırdır. Heç bir məhkəmə onları azad etməyəcək. Ümidimiz yalnız prezidentədir. Həqiqətən onların vəziyyəti çox ağırdır. Sağ olun ki, sizlər daim bu məsələni diqqətdə saxlayırsız. Hər şey üç hərfin üzərindədir. Olan oldu, işdir başımıza gəldi...”musavat.com//












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.