“Qərarlar icra olunmursa, ölkənin vəziyyəti daha da pisləşir”

16-03-2017, 17:56           
“Qərarlar icra olunmursa, ölkənin vəziyyəti daha da pisləşir”
Xəbər verdiyimiz kimi, martın 16-da Azərbaycanın paytaxtında V Qlobal Bakı Forumunun rəsmi açılışı olub. Gundeminfo.az xəbər verir ki, prezident İlham Əliyev “Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunan Forumun açılış mərasimində iştirak edib.

Çıxışında diqqəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəldən Prezident İlham Əliyev 20 ildən çoxdur Dağlıq Qarabağ və ətrafındakı 7 rayonun Ermənistan tərəfindən işğal olunduğunu, həmin ərazilərdəki bütün infrastrukturun və tarixi irsin dağıdıldığını, bir milyondan çox insanın qaçqın və məcburi köçkünə çevrildiyini bildirib. Beynəlxalq təşkilatların qərar və qətnamələrinə baxmayaraq, münaqişənin hələ də həll olunmadığını, Ermənistanın həmin qərarlara məhəl qoymadığını deyən Prezident İlham Əliyev ölkəmizin bir çox hallarda ikili standartlardan əziyyət çəkdiyini, bu münaqişənin regionda sülhə və təhlükəsizliyə ciddi təhdid olduğunu, status-kvonun dəyişilməsinin vacibliyini qeyd edib.

Bütün çətinliklərə baxmayaraq, Azərbaycanın inkişaf etdiyini, iqtisadi göstəricilərimizin artdığını, geniş regional inkişaf proqramlarının icra olunduğunu, işsizliyin və yoxsulluğun dəfələrlə aşağı salındığını deyən Prezident İlham Əliyev ölkəmizin regional və beynəlxalq mövqelərinin çox güclü olduğunu bildirib, həm qonşularla, həm də Avropa İttifaqına üzv ölkələrlə yaxşı əməkdaşlıq əlaqələrinin qurulduğunu vurğulayıb.

Ötən ay Avropa İttifaqı ilə strateji tərəfdaşlığı nəzərdə tutan yeni saziş üzərində başlanan danışıqların əhəmiyyətindən danışan dövlət başçısı bildirib ki, bir müddət öncə Amerika və Rusiya baş qərargah rəislərinin Bakıda görüşməsi bir daha onu göstərir ki, ölkəmizə hörmətlə yanaşılır və Azərbaycanın müstəqil siyasət yürütməsi artıq reallıqdır. Ölkəmizin dünyanı təhdid edən təhlükələrə qarşı mübarizə apardığını, sülhməramlı təşəbbüslərə töhfə verdiyini deyən Prezident İlham Əliyev Azərbaycanın icrasında mühüm rol oynadığı qlobal əhəmiyyətli layihələrdən danışıb, Bakı-Tbilisi-Qars dəmir yolu, Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin və ümumi dəyəri 40 milyard dollar olan “Cənub Qaz Dəhlizi” layihəsinin əhəmiyyətini vurğulayıb.

“Azərbaycan mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa sərmayə qoyur”, - deyən dövlət başçısı ölkəmizin mədəniyyətlərarası dialoqa böyük əhəmiyyət verdiyini, malik olduğumuz tolerantlıq və multikulturalizm ənənələrinin Azərbaycanı bu prosesin mərkəzinə çevirdiyini diqqətə çatdırıb:

"Bu gün dünyada baş verənlər onu göstərir ki, ikili standartlar siyasəti beynəlxalq münasibətlərdə standart bir yanaşmaya çevrilib. Beynəlxalq hüquq və normalar müxtəlif dövlətlər tərəfindən öz istəklərinə və cari siyasi maraqlarına uyğun təfsir olunur. BMT çərçivəsində islahatlar və ümumiyyətlə, beynəlxalq təşkilatların qərarlarının icrası barədə danışarkən məhz bu məsələyə diqqət yetirməyimiz çox vacibdir".

Dövlət başçısı bildirib ki, qərarlar qəbul edilib icra olunmursa, çətin vəziyyətdə olan və əziyyət çəkən ölkənin vəziyyəti daha da pisləşir. Ancaq bu, həm də bütün dünya üçün təhlükədir. Bu, o deməkdir ki, ərazi işğalı məqsədilə istənilən ölkə real vəziyyəti zorla dəyişərək milyonlarla insana əzab verə, nəticədə isə cəzasız qala bilər. Bu səbəbdən biz dəfələrlə bu məsələni müxtəlif dövlətlər və beynəlxalq təşkilatlar qarşısında qaldırmışıq ki, təcavüzə, işğala və dinc azərbaycanlılara qarşı törədilmiş hərbi cinayətlərə görə Ermənistana qarşı sanksiyalar tətbiq edilməlidir. Məhz o zaman bu, ədalət və vahid standartın göstərici olacaq.

Azərbaycan Prezidenti qeyd edib ki, bəzi hallarda müəyyən ölkələr sanksiyalara məruz qalır, digər hallarda isə bu, baş vermir. Münaqişənin həlli beynəlxalq hüquqa əsaslanmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməli və əhalimiz doğma torpaqlarına qayıtmaq hüququna malik olmalıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.