3 qəpiklik işığı bizə 11 qəpiyə satırlar: Qiymət yenə artırılacaq? - ZƏMİN HAZIRLANIR

19-05-2017, 20:54           
3 qəpiklik işığı bizə 11 qəpiyə satırlar: Qiymət yenə artırılacaq? - ZƏMİN HAZIRLANIR
Bakı və ölkənin bölgələrini (Naxçıvandan başqa) elektrik enerjisiylə təmin edən "Azərişıq" ASC tariflərin artırılmasına, gəlirlərinin 26.7 faiz yüksəlməsinə baxmayaraq, 2016-cı ili zərərlə başa vurub. Şirkətin rəsmi olaraq açıqladığı maliyyə hesabatına görə elektrik enerjisi satışının həcmi 959 milyon manata yaxın olub. Bununla belə xərclərin artımı gəlirləri üstələyib.

Nəticədə, ötən ilin iyulun 15-dən elektrik enerjisini istehsalçıdan 4.3 qəpikdən (bunadək 4.1 qəpik) alan və istehlakçıya 6 qəpikdən deyil, 7 qəpikdən satan «Azərişıq» ASC-nin mənfəəti artmaq əvəzinə, il ərzində 3.7 milyon manat azalaraq 73.1 milyon manata düşüb. 2016-cı ilin dekabrın 1-dən isə istehlakçılara elektrik satışı tarifi differensiallaşdırılaraq 7-9-11 qəpik müəyyən edilib. Enerji satışından əlavə, 2016-cı ildə «Azərişıq» ASC-nin 24.7 milyon manatlıq digər gəlirləri də olub. Lakin kommersiya və əməliyyat xərclərinin 27 milyon manat artması ucbatından şirkət ili 372 min manat zərərlə başa vurub.

Bundan başqa, «Azərişıq»a 25 milyon manatdan çox mənfəət vergisi hesablanıb. Maliyyə hesabatında diqqəti cəlb edən həm də odur ki, 2015-ci ildə şirkətə olan 43 milyon manat məbləğində borc «müddətin keçməsi səbəbindən» zərər kimi tanınıb. İl ərzində enerji satışına görə istehlakçıların "Azərişıq" ASC-yə borcları 29.3 faiz artıb. Bu ilin əvvəlinə borcun məbləği kritik həddə – 678 milyon manata çatıb. Şirkət bu məbləğin 44.6 milyon manatının qayıtmasına şübhəylə yanaşır. Maliyyə hesabatında "Azərişıq" ASC-nin nizamnamə kapitalı ilə bağlı fərqli məlumatlar əks olunub. Balans hesabatında 2016-cı ilin əvvəlinə ödənilmiş nizamnamə kapitalının 1 milyard 319.2 milyon, ilin sonuna isə 885.6 milyon manat olduğu göstərilib. Lakin kapitalda dəyişikliklər hesabatında səhmdar kapitalının 1 milyard 356.3 milyon manat olduğu iddia olunur. Lakin Vergilər Nazirliyinin məlumat bazasında şirkətin nizamnamə kapitalı bundan xeyli aşağı – 623.5 milyon manat göstərilib. Yaranan bu vəziyyət qiymət artımının olacağını ehtimal edir.



İqtisadçı-ekspert Akif Nəsirli Cebhe.info-ya açıqlamasında yaranan vəziyyəti şərh edərək bildirib ki, vəziyyətdən çıxış yolu bu cür müəssisələrdə ixtisarların aparılması, lazımsız ştatların bağlanmasındadır. İqtisadçı-ekspert həmçinin qiymət artımı ilə bağlı ehtimallardan da danışıb:“Hazırda bütün dövlət xidmət orqanlarında bənzər vəziyyət müşahidə edilir. Neft şirkəti olan SOCAR da zərərlə fəaliyyətini davam etdirir. Hökumət iş yerləri açmaq adı ilə həmin müəssisələrdə əhəmiyyət kəsb etməyən ştatlar yaradır ki, bu da sonradan əlavə xərc tələb edir. Bu ştatlarda kadrların əmək haqları o qədər də az deyil. Düşünmürəm ki, dövlət müəssisələrinin xərclərinin artmasına birbaşa təsir edən amil məhz bu kadrlar amilidir. Məsələn, fikir verin, SOCAR nə qədər iş yerlərini ixtisar etdi. Bununla belə təbii qazın qiymətini artırdı. Mavi yanacağla yanaşı, kommunal xərclər də artdı”.

İqtisadçının sözlərinə görə, elektrik enerjisinin qiymətinin artırılması üçün real iqtisadi əsas olmalıdır: “10 qəpiyə olan 1 kq mazutla, 5.5 kilovata yaxın elektrik enerjisi alınır. Xammalda bu qiymət 7-11 qəpik arasında dəyişilir. 10 qəpik xammaldan 35 qəpiklik elektrik enerjisi alınır. Digər xərcləri də bunun üzərinə əlavə etsək, deyə bilərik ki, mazutdan alınan elektrik enerjisinin maya dəyəri 2-3 qəpikdən artıq ola bilməz. Sadəcə olaraq, infrastruktur layihələrinə iki qat pul yatırırlar, ixtisarlar olmadığı üçün zərər qarşılanmır. Bu səbəbdən əsas məsələlər kənarda qalır. Əməyi səmərəliləşdirmək, dövlət müəssələrini sağlamlaşdırmaq lazımdır. Elektrik enerjisinin qiymətini qaldırmaqla həmin idarələrinin mənfətini yenidən təmin etmək istəsələr, əhalinin vəsaiti hesabına yenidən iş yerləri açmaq adı altında ştatlara yeni işçilər dəvət edəcəklər. Ümumiyyətlə, ən yaxşı çıxış yolu budur ki, kommunal sahə ilə məşğul olan bu qurumlar özəlləşdirilsin. Azərbaycanda kommunal sahəyə aid olan bu cür qurumlar dövlətin nəzarətində olduqca qiymətlər daha da artacaq”.

İqtisadçının sözlərinə görə, qiymətlər süni şəkildə artırılır: “Əslində, bu qiymətlər qəsdən, maraqlı şəxslər tərəfindən artırılır. Xidmət sahələri özəlləşdirildikdə, onlar dövlət orqanı olmadıqda özəl şirkətlərdən gördükləri iş və onun faydalarını göstərmək tələb olunacaq. Bu zaman əlbəttə ki, hökumət vətəndaş tərəfindən çıxış edəcək. Lakin bu gün həmin şirkətlər hökumətə məxsus olduğu üçün, dövlət belə bir addım atmır”.

Elektrik enerjisinin qiymətini ölkəmiz üçün həddindən artıq yüksək hesab edən iqtisadçı kommunal xərcin artımı ehtimalından da danışıb: “Belə bir vəziyyətdə hökumət qiyməti artırmaqla çıxış yolu tapmamalıdır. Çünki cari qiymətlər yetərincə yüksəkdir. Elektrik enerjisi əsasən mazutdan alınır. Mazut da Azərbaycanın təbii sərvətidir. Mazutun tonu 100 manatdır. Bu isə o deməkdir ki, 1 kiloqram mazutdan 5.5 kilovat enerji əldə edilir. 5 kilovat enerjini 11 qəpiyə sataraq nə qədər gəlir əldə edir”. İqtisadçının sözlərinə görə real iqtisadi vəziyyəti dəyərləndirdikdə qiymət artımının olacağını proqnozlaşdırmaq olmaz: “Bu gün qiymət artımı üçün real səbəb yoxdur. Çünki mazutun da qiyməti artmayıb. “Azərişığ”ın işçiləri üçün xərclərin artması qiymət artımı üçün səbəb olmamalıdır. Həmçinin bu cür dövlət qurumları digər işçilərin əmək haqqlarını artırmaq üçün lüzumsuz ştatları ixtisar etməlidir. Hər dəfə qurum səmərəliliyini artırmaq üçün əhalinin cibinə girməməlidir”.

Nigar Məhərrəm
Cebhe.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.