M .Ə.Sabirin Salman Mümtaza verdiyi ilk və son müsahibəsi - FOTO

20-05-2017, 09:57           

teref.az M .Ə.Sabirin Salman Mümtaza verdiyi ilk və son müsahibəsini təqdim edir ..!
Sabah repressiya olunaraq Oryol şəhərində güllələnən ədəbiyyatşünas,-alim ,türkoloq -şair ,əlyazmaçı Salman Mümtaz -Salman Məmmədəmin oğlu Əsgərzadənin doğum günüdür
Salman o dövrdə yazırdı: “Mən üfüqlərdən doğmaqda olan yeni, qüdrətli türk-islam dünyasını, ana Turanı görürəm. Turan bütün türk qövmlərini öz bayrağı altında toplaya bilən qüdrətli və ədalətli bir dövlət olacaq. Bu dövlət dünya xalqlarına əbədi sülh və səadət gətirəcək, dünyanın hər yerində haqq və ədaləti müdafiə edəcək, zülmə qarşı mübarizə aparacaq, bəşər övladının dinc şəraitdə yaşaması, günahsız körpələrin müharibə qurbanlarına çevrilməməsi, anaların bir də övladları üçün göz yaşları tökməməsi üçün bütün imkanlarından istifadə edəcək”.
Salman Mümtaz bütün varlığını türk millətinin yüksəlişinə və tərəqqisinə həsr etmişdi. Azərbaycanın müstəqilliyinin bir nemət olduğunu və onu göz bəbəyi kimi qoruyub saxlamağın vacibliyini öz məqalələrində dönə-dönə qeyd edən Mümtazın bununla əlaqədar yazdığı “Öyün, millət” şeiri gənclər arasında dillər əzbəri idi:
Tefahur eylə, ey millət,
muradın hasıl olmuşdur,
Daha əflakə yüksəlməz
sənin ahü əfqanın.
Ziyasız rus zulmündən
o yüksək ruhun ölmüşdü,
Dökürdü şişəyə hər dəm
şərabi nab tək kanın.
Qızılgül tək açıl, gül,
gör ki Türkün şanlı ordusu
Revak-ı arşa nasbetmiş böyük Osmanlı unvanın.
Səmaya doğru tuğrul tək sən, ey Türk oğlu, uç, yüksəl
Ki, sənsən şanlı evladı
şərəfli əski Turanın.
Bütün, Mümtaz, ellərdən olar Türk milləti mümtaz ,
Sürər bundan sonra Türklük şərəfli-şanlı devranın.
Sizləri çox yormaq istəmirəm ... M.Ə.Sabirin Salman Mümtaza verdiyi müsahibəni sizlərə təqdim edirəm .Düşünürəm ki , sizlər üçün maraqlı olar
Mirzə Ələkbər Sabirin Salman Mümtaza verdiyi ilk və son müsahibəsindən maraqlı məqamları təqdim edirik...
M. Ə. Sabir yaradıcılığına vurğun olan, onun əsərlərindən təsirlənən məşhur insanlar çoxdur. Görkəmli tədqiqatçı-ədəbiyyatşünas, jurnalist və publisist Salman Mümtaz da belə şəxslərdəndir. Onun "Sabir haqqında xatirələr"indən görünür ki, şairin şəxsiyyətinə və yaradıcılığına məftun olub, hətta bir vaxtlar Sabirlə ünsiyyət qurduğuna görə özünü şanslı insan hesab edib. Qeyd edək ki, M. Ə. Sabirdən müsahibə alan ilk və yeganə jurnalist S. Mümtazdır.
S. Mümtaz 1910-cu ilin iyun ayında Bakıya gəlib, buradan da Tiflisə gedəcəkmiş. Həmin vaxt M. Ə. Sabir Haşım bəy Vəzirovun gündəlik "Səda" (1909-1911) qəzetində korrektor işləyir və mehmanxanada qalırdı. Əvvəlcə "Metropol" mehmanxanasına düşən S. Mümtaz, Sabirlə görüşdükdən sonra onun qaldığı mehmanxanaya köçür. S.Mümtaz yazır: "...Sabiri öz nömrəmə gətirdim və qalmağı təklif etdim. Sabir razı oldu. Əlahiddə krovat qoymaq mümkün olmadığından, krovatımı ona verərək özüm kuşetkanın üstündə uzandım.
Sabir yarım saatdan çox o böyrü və bu böyrü üstündə çevrildi. Səbəbini soruşduqda krovatdan şikayət edərək "məni atıb-tutur",- dedi. Yerimizi dəyişdik. Kuşetkanın üstündə uzanan kimi "ox, buna nə demişəm, mən prujinli krovatı harda görmüşəm?"- deyərək yatdı... Gecə gec yatmağımıza görə səhər bir az gec durmalı idik. Lakin konkaların zənginin səsi və bazar əhlinin hay-küyü buna mane oldu və o gün Sabirlə aşağıdakı müsahibəmiz oldu".
Qeyd edək ki, M.Ə.Sabirdən müsahibə alanda S.Mümtazın 27 yaşı, şairin isə 47 yaşı var idi. Yəni, onların görüşü M.Ə.Sabirin vəfatından bir il öncə olmuşdur. 1911-ci ildə böyük şair dünyasını dəyişəndə S. Mümtaz "Böyük Sabirə" adlı şeir yazmış və dərc etdirmişdi.
Sual: -Sizin ilk təxəllüsünüz olan "Hop - hop" sözünün mənası nədir və nə səbəbə bunu qəbul etmisiniz?
Cavab: - Bu təxəllüsü mənə əziz dostum Məşədi Həbib vermişdir. Hop-hop quş adıdır. Həmin quşun bu addan başqa el arasında yenə bir neçə adı vardır ki, Fatmabacı, bu-bbu, hop - hop və şanapipik o cümlədəndir. Məşədi Həbib mənə "Fatmabacı" deyə xitab etmək üçün bu adı intixab etmişdir(seçmişdir). Mən də bunun əvəzində onun təxəllüsünü "Qızdırmalı" qoymuşam ki, mənasını hələ bu günə kimi anlaya bilməmişdir.
Sual: - Nə səbəbə təxəllüsünüzü tez-tez dəyişdirirsiniz?
Cavab: - Bunu şirvanlılardan və mühitdən soruşmalısınız.
Sual: -Abbas Səhhətin neçə yaşı vardır? Siz böyüksünüz, yoxsa o?
Cavab: - Başda o böyükdür, yaşda mən.
Sual: - Səhhət dərin savadlıdırmı?
Cavab: - Mən onun şagirdiyəm, o, mənə ustaddır.
Sual: - Osmanlıların klassik şairlərindən kimləri bəyənirsiniz?
Cavab: - Ziya Paşa ilə Namiq Kamal bəyi.
Sual: -Tofiq Fikrəti bəyənirsiniz, düzdürmü?
Cavab: - Siz Osmanlı şairlərini soruşdunuz, mən də fikrimi dedim. Fikrət ərəb şairidir (M. Ə. Sabir yəqin ki, T. Fikrətin əsərlərində ərəb sözlərinin çox işlədildiyini nəzərdə tuturmuş.-red.)
Bu adda türk şairi yoxdur. Yaxşı olardı ki, bunu Məhəmməd Hadi əfəndidən soruşaydınız. Yaxşısını o bilır. (M. Hadinin də şeirlərində fars və ərəb sözləri çoxdur, Sabir, buna işarə edirdi - red.)
Sual: - Mətbu şeirlərinizin hansını çox bəyənirsiniz?
Cavab: - Heç birini. Bəyəniləsi şeirləri sonralar yazacağam.
Sual: - Sonra nə vaxt?
Cavab: - Mürgüləməyəndə.
teref.az olaraq yazıya görə Baba Allahnəzərova təşəkkür edirik!
teref.az

M .Ə.Sabirin Salman Mümtaza verdiyi ilk və son müsahibəsi - FOTO













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.