"Dostumuz" "sülhsevər" Rusiya Azərbaycanlıların qatili Bako Saakyana niyə “Böyük Pyotr” ordeni verdi

30-07-2015, 22:09           
"Dostumuz" "sülhsevər" Rusiya Azərbaycanlıların qatili Bako Saakyana niyə “Böyük Pyotr” ordeni  verdi
Dağlıq Qarabağdakı qondarma erməni rejiminin rəhbəri Bako Saakyan Rusiyanın “Böyük Pyotr” ordeninin birinci dərəcəsi ilə təltif olunub.

Virtualaz.org saytı xəbər verir ki, bu fakt Saakyanın rəsmi bioqrafiyasında yer alır və müstəqil erməni jurnalist Vaqram Ağacanyan Rusiyanın İrəvandakı səfirinə,habelə qondarma “DQR prezidenti”nin mətbuat katibinə məktub yazaraq ordenin hansı xidmətlərə görə verildiyini soruşur.

Jurnalistin Rusiyanın İrəvandakı səfiri İvan Volınkinə göndərdiyi məktubda deyilir ki, Bako Saakyanın rəsmi bioqrafiyasında onun “Rusiya dövlətinin möhkəmlənməsində xidmətlərinə görə” ölkənin ali ordenlərindən biri - I dərəcə “Böyük Pyotr” ordeni ilə təltif edildiyi göstərilib. Habelə orada göstərilir ki, Dağlıq Qarabağdakı rejimin indiki rəhbəri Rusiya Federasiyasının Təhlükəsizlik, Müdafiə və Qanunçuluq Akademiyasının həqiqi üzvüdür.

“İvan Kirilloviç, jurnalist kimi mənə maraqlıdır ki, Bako Saakyan Rusiya Federasiyasına hansı xidmətləri göstərib və hansı xidmətlərinə görə “Böyük Pyotr” ordeninə layiq görülüb? Həmçinin bilmək maraqlıdır ki, cənab Saakyanın hansı elmi əməyi Rusiya Federasiyasının Təhlükəsizlik, Müdafiə və Qanunçuluq Akademiyasına onu həqiqi üzv etmək üçün əsas verib? Hesab edirəm ki, əgər bu vəziyyətə aydınlıq gətirilsə, erməni ictimaiyyəti Rusiya səfirinə minnətdar olardı”- deyə erməni jurnalist səfirə bu gün ünvanlandığı açıq məktubda yazır.

Vaqram Ağacanyan analoji məzmunda məktubu qondarma “DQR prezidenti”nin mətbuat katibinə də ünvanlayıb.

Rusiya Federasiyasının ali dövlət mükafatları haqda qanunda göstərilir ki, “Böyük Pyotr” ordeni hərbi, xidməti və vətəndaş borcunu yerinə yetirərkən mərdlik, igidlik və qəhrəmanlıq göstərənlərə verilir. Həmçinin Rusiya dövlətinin möhkəmləndirilməsi naminə dövlət işlərində, elmi-tədqiqatda, istehsalda və digər sahələrdə yüksək nailiyyətlər əldə edənlərə bu orden verilə bilər.

Erməni jurnalistin Bako Saakyanın bu ordenlə təltif olunmasının səbəblərini aydınlaşdırmağa cəhd göstərməsi Rusiyadan Dağlıq Qarabağa dair birmənalı olmayan siqnalların göndərilməsi ilə bir vaxta təsadüf edir.

Əvvəlcə avantürist rusiyalı biznesmen German Sterliqov müəmmalı şəkildə Qarabağa yerləşən Rusiya və Dağlıq Qarabağ arasında əlaqələrin genişləndirilməsi haqda danışmağa başladı.

Daha sonra Rusiya Baş Kəşfiyyat İdarəsinin rəisi, general İqor Serqun İrəvana müəmmalı səfər etdi və bütün bunlarla eyni vaxtda təmas xətti boyu vəziyyətin gərginləşməsi müşahidə olundu.

Bako Saakyan Qarabağda “KQB tulası” ləqəbi ilə tanınır, Rusiyanın xüsusi xidmət orqanlarının keçmiş agentidir və bioqrafiyası xeyli dumanlıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.