Ortaq əlifbanın uzun yolları

19-09-2024, 22:25           
Ortaq əlifbanın uzun yolları
Bezdiriblər məni.
Bir həftədir yazırlar.
Heç birini də şəxsən tanımıram.

Biri yazır ki, qızımın qaynatasının adını niyə çəkmədin məqaləndə, axı Ortaq Türk Əlifbasını o yaradıb;

Başqa bir oxucu iddia edir ki, ortaq əlifbanı onun atasının əmisi oğlu yazıb;

Digər bir zat isə İstanbulda 1991-də qəbul edilib tövsiyyə edilən əlifba layihəsinin xalasıgilin mətbəxində tərtib edildiyini deyir…

Doğrusu, bu iddia və sərsəmləmələrə cavab vermək kimi qəflətə qapılmadım.

Ancaq rusların “Независимая газета” qəzetinin 17 sentyabr 2024 tarixli sayında “Vahid latın əlifbası Türkiyənin Mərkəzi Asiyada təsirini gücləndirəcək” (Единый латинский алфавит усилит влияние Турции в Центральной Азии, https://www.ng.ru/cis/2024-09-17/1_9095_alphabet.html) başlıqlı məqaləsini oxuyunca fikrimdən daşındım, “qəflətə qapılmaq” istədim…

Viktoriya Panfilova imzalı məqalə Türk Dövlətləri Təşkilatının (TDT) növbəti sammiti xəbəri ilə başlayır. Bu ilin 24 oktyabr tarixində keçiriləcək sammit TDT-nin quruluşunun 15 illiyi baxımından əlamətdardır. Gündəlikdə Türk Dünyasının liderlərinin Ortaq Türk Əlifbasına keçidlə bağlı qərar qəbul etmələri də var. Məqalədə Türkiyənin burada aparıcı rol oynayaraq Türk Dünyası ölkələrini bir araya topladığı dilə gətirilir.

Panfilova yazıda Ortaq Türk Əlifbasının hazırlayıb təsdiq edilməsində mərkəzi Astanada olan Beynılxalq Türk Akademiyasının xüsusi rolu olduğunu qeyd edir…

Şimal qonşumuz da, cənubdakı da, “qərbdəki üzdəniraq” da Türk Dünyasının son dövrdəki uğurlarını həyəcanla izləyir. İzlərkən sabah üçün yeni taktiki və strateji hədəflər hazırlayır, dəyişən Dünya dinamizminə görə çevik mexanizmlər üzərində çalışır.

Bəziləri isə Dünyaya “xalasıgilin mətbəxindən” baxır, çünki Türk Dünyası ona maraqlı deyil.

Onun dərdi şan-şöhrətdir, tarixə düşmək istəyidir…

***
“Başını aşağı salıb işi ilə məşğul olmaq”.
Kənardan sakit görünən insanlara, işini səliqə ilə, sevərək görənlərə deyirlər.

Akademik Şahin Mustafayev kimi, məsələn.

Özünü gözə soxmaz, hər yerdə görünməyə çalışmaz, “harda aş var, orda başdır” deyimi ona aid deyil, danışmaq yerinə kirimişcə işini görər.

Zatən akademik Ziya Bünyadov kimi bir nəhəng alimin tələbəsi başqa necə ola bilər?

Elə olmasaydı 60-a yaxın kitabın, saysız-hesabsız elmi məqalənin müəllifi olar bilərdimi?

“Qaldı ki, Şahin Mustafayev kimi beynəlxaq arenada sayılan neçə nüfuzlu şərqşünas-tarixçimiz var?” – “Mətbəxdə əlifba yaradanlar cavab versinlər görüm…

Şahin mənim gənclik dostumdur, 30 ildir tanıyıram onu, 30 ildir çalışır, gənc ikən onu Ankara və İstanbulun tozu belə tarix qoxan Osmanlı arxivlərində ya da tanınmış kitabxanların sakit guşələrində tapmaq olardı.

Sadaladığım məziyyətləri, bu baqajına və elminə görə gənc bir alimi YUNESKO kimi bir təşkilatın nəzdindəki Beynəlxalq Mərkəzi Asiya Tədqiqatları İnstitutunun (Səmərqənd, Özbəkistan) direktoru vəzifəsinə təyin olundu. O, 2008-ci ildə Səmərqəndə gedəndə elmlər namizədi idi.

Orada çalışdığı beş il ərzində gördüyü işlər, nəşr etdiyi kitab və jurnallar, keçirilən belnəlxalq elmi simpoziumlar Şahinin bir alim kimi nüfuzunu artırdı. 2013-də Vətənə qayıdanda artıq diplomatik təcrübə də qazanmışdı.

2014-də onu Elmlər Akademiyasının müxbir üzvü, 2017-də isə həqiqi üzvü seçdilər.

Düşündüm ki, akademik də seçildi, artıq Şahinin daha sakit və hüzurlu güzaranı olacaq, ailəsinin və kitablarının əhatəsində həyatın dadını çıxaracaq…

2022-nin noyabr ayında Şahin Mustafayevi mərkəzi Astanada olan Beynəlxalq Türk Akademiyasının prezidenti seçdilər. O, bu vəzifəyə Türk Dövlətləri Təşkilatının Səmərqənddəki sammitində 5 Türk Dövləti prezidentlərinin imzası ilə təyin edildi…

TDT-nin mərkəzi ofisi İstanbulda yerləşir.
Artıq tez-tez yaşadığım şəhərə ezamiyyətə gələcəkdi.
2023-ün yanvar ayındakı görüşümüzü heç unutmuram.
Bir günü bərabər keçirdik.

Söhbəti hara çəksəm də Şahin dönüb-dönüb Ortaq Türk Əlifbası layihəsinə qayıdırdı.

O gün özümü saxlaya bilmədim, dedim ki, “İstanbulda “Çağdaş Türk Əlifbası” simpoziumu 1991-ci ildə İkeçirilib və Latın əsaslı ortaq Türk əlifbasının layihəsi də o zaman qəbul edilib…ancaq…30 ildən çox zaman keçib, amma bir addım belə atılmayıb…sən necə bacaraqsan bu işi…

Şahin fikrə gedib belə cavab vermişdi o gün:

“Bilirəm, çox çətindir, ancaq var gücümlə çalışacam. Bütün Türk dövlətlərinin alimləri ilə tək-tək iş aparacam. 5 ölkə, hər ölkənin öz istəyi, öz tələbi, öz kaprizi var. Ancaq aşmalıyam maneələri, etməliyik, bitirməliyik bu işi”.

Çemberlitaştan Eminönündəki məşhur Valide Sultan Camisinin önündəki meydana qədər yerimişdik o gün. Şahin şəkil çəkir telefonuyla, mən isə “Aysberq yerindən tərpənəcəkmi?” deyə düşünürdüm. Caminin yanındakı “Hamdi” restorana dəvət etdim dostumu və söz verdim ki, əlifbayla bir də onu bezdirməyəcəm.

Restoranın ən üst mərtəbəsindəki balkon bölümündə oturmuşduq. Mənzərə mükəmməldi. Solumuzda Haliç (Golden Horn), sağımızda Boğaz (Bosfor). Orada Şahinin uğur qazanacağına inandım – xəyal artıq gerçək olacaqdı. Şəklimizi də elə orda çəkdirdik.

O tarixdən bir il səkkiz ay sonra – 9-11 sentyabr 2024 tarixlərində Bakıda Beynəlxalq Türk Akademiyası ilə Türk Dil Qurumunun “Türk Dünyası Ortaq Əlifba Komissiyası”nın iclası keçirildi.

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyəni təmsil edən alim və mütəxəssislərdən ibarət Komissiya üzvləri 34 hərfdən ibarət Ortaq Türk Əlifbasını layihəsini yekdilliklə təsdiq etdilər.

Şərh bölümündə akademik Şahin Mustafayevin imzaladığı ingilis və Ana dilimizə məxsusi olaraq tərcümə edilmiş tarixi sənədi paylaşıram Sizin üçün…

Müəllif: İbrahim Nəbioğlu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.