Naxçıvanda müəllimlər üçün YENİ PUL TƏLƏSİ... - "...gedin vergiyə 70 manat verib, asan imza alın"

19-09-2024, 18:46           
Naxçıvanda müəllimlər üçün YENİ PUL TƏLƏSİ... - "...gedin vergiyə 70 manat verib, asan imza alın"
Bundan sonra Naxçıvanda Asan imza almayan müəllimlərin iş müqavilələri uzadılmayacaq. Bu haqda qərarı yerli təhsil nazirliyi verib. Yerli vergi xidməti isə, 25 manata başa gələn imza üçün müəllimlərdən 70 manat tələb edir.
Bu haqda “Gündəlik Naxçıvan”a bir qrup müəllim məlumat verib. Onlar bildirirlər ki, nazirlik elektron sistemə keçidi bəhanə gətirərək, bu qərarı verib.
Naxçıvan şəhərindəki məktəblərin birinin müəllimi N. Babayev deyir ki, bu qərarı çıxarmaqda məqsəd vergi xidməti ilə əlbir olub, müəllimlərin pullarını mənimsəməkdir:
“Yeni nariz Elxan Nəsirov göstəriş verib ki, elektron sistemə keçilir və bütün müəllimlər müqavilə bağlamaq üçün Asan imza alsınlar. İmza almayanlarla müqavilə bağlanmasın. Təsil idarələri də deyir ki, gedin vergiyə 70 manat verib, asan imza alın. 25 manatlıq bir iş üçün niyə 70 manat ödəməliyəm. Nazirliklə vergi xidməti əlbirdi bu işdə. Nazirlik bizi Asan imza almağa məcbur edir. Vegi də bilir ki, almağa məcburuq, 3 qat baha qiymət oxuyur. Nəticədə 45 manat artıq ödəməli olacağıq ki, bunu da aralarında bölüşdürəcəklər. Naxçıvanda on mindən çox müəllim işləyir. Bir milyon manata kimi artıq pul alıb, ciblərinə qoyacaqlar”.
Digər şikayətçi Kubra Məmmədova da qərardan narazıdır:
“Təzə nariz gələndən hər gün müəllimlərin əleyhinə olan bir qərar verir. Biz müqaviləni kağız formasında da imzalaya bilərik. Yaxşı olar ki, maaşlarımızı artırsınlar. Hər şeyin qiyməti qalxıb. Çatdırıb ehtiyacımızı ödəyə bilmirik. Özləri elektronlaşdırsın. Qərar veriblər, zəhmət çəkib özləri də xərcini çəksinlər. Naxçıvan əzəldən “labaratoriya” olub. Azərbaycanda pis nə tətbiq ediləcəksə əvvəlcə Naxçıvandan başlayıb sınaqdan çıxarırlar. Əlqə saxlamışa, digər yerlərdə belə bir tələb yoxdur. İmzanı da aldın, gərək 2 manat 50 qəpik də aylıq ödəyəsən. Deyəsən, Qarabağdakı quruculuq işlərinə xərclənən pulların bir hissəsini Naxçıvandakı müəllimlərin belindən çıxarmaq istəyirlər“.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.