Qanadı qırıq Şahin- LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR

12-11-2017, 12:42           

Birinci dəfə onun adını Cahangir Məmmədlidən eşitmişdim. Bilmirəm, birinci, ya ikinci kursda oxuyurduq, bizə Mirşahini nümunə gətirmişdi. Demişdi ki, fakültənin müəllimləri içi mən qarışıq Mirşahinin oxuduğu qrupun auditoriyasına girəndə özümüzü yığışdırırdıq. Çünki, o hər an bizi öz suallarıyla çətin vəziyyətə sala bilərdi.
Sonra mən onu Milli Məclisdə gördüm. Vəfat etdiyi üçün adını çəkmək istəmədiyim bir deputatla aramda bir insident yaşanmışdı və Mirşahin şəxsən özü durub gəlmişdi parlamentə. Hətta xatırlayıram ki, Milli Məclisin foyesində məndən müsahibəni də özü götürmüşdü. Onda universiteti təzəcə bitirmiş gənc qız idim, bacımgildə qalırdım, Əhmədlidə. Onların televizorunda ANS göstəmirdi. Axşam 8-ci mərtəbədə yaşayan qonşuya çıxdıq ki, baxaq görək necə süjet hazırlayıblar? “Kişi sözü” filmindəki məşhur frazanı yadınıza salın. “İndi məni göstərəcəklər, məni” – deyirsən və.. sənin əvəzinə hansısa iribuynuzlunu göstərirlər. Amma yox, dərhal hökm çıxartmayın. O boyda insidenti balaca bir kadra sığışdırsa da, ilin sonuncu hesabatında maraqlı bir bənzətmə eşitdim Mirşahinin dilindən. Təxminən belə idi: “Qanunları saqqız kimi çeynəyib tüpürən filankəs…..”
Üstündən daha 6-7 il keçəcək və günlərin bir günü onunla bir komandada çalışacam. Və özü də düz 13 il. Bir adamı tanımaq üçün az müddət deyil. Söhbət həm peşəkar, həm də insan kimi tanımaqdan gedir.

Mən ona SÖZÜN ŞƏKLİNİ ÇƏKƏN ADAM deyirəm. Azərbaycanda bu işi onun kimi məharətlə bacaran ikinci bir rəssam yoxdur. Sözün nazını da elə şəkli qədər gözəl çəkir. Özü isə heç çəkiləsi adam deyil. Həddindən artıq tələbkardır, bəzən səni dinləmək belə istəmir, sənin haqlı olduğun da çox vaxt ona maraqlı olmur. Ona maraqlı odur ki, sən verilən tapşırığı hansı keyfiyyətlə, necə təhvil vermisən? Yəni işləri, daha doğrusu xəbərləri yağ kimi getsin deyə üzünün suyunu da tökər, üstəlik ən pis şagird kimi küncə belə qoyar. Amma ürəyinin ən dərin küncündə çox rəhmlidir. Necə deyərlər, insan kimi insan!. Həssas, ürəyi yuxa, mərhəmətli. Gözündən bir tük belə yayınmaz. Görəndə ki, qanın qaradır, gəlib qoluna girər, dəhliz uzunu o baş-bu başa var gəl edər səninlə. Ordan-burdan, jurnalistikadan, həyatımızdan, məişətimizdən ara vermədən, özünə məxsus qəliz cümlələrlə danışar, bir dodaqqaçıran sözlə, zarafatla səni elə güldürər ki, bir də baxarsan bayaqkı dalğın halından əsər-əlamət də qalmadı. Onun bütün səs-küyü, çığır-bağırı xəbərə görədir.
Yadıma gəlir konfrans zaldakı səhər iclasları. Bəzən kimisə öskürək tutardı, kimisə əsnəmək və yaxud, kimsə sadəcə yerində qımıldanardı. Mirşahini həyatda ilk dəfə görən, tanımayan biri onun belə hənirtilərə operativ reaksiyasına yalnız bu cür şərh verə bilər: Bu adam dəlidir ki?! Bəli, həqiqəqən də o, jurnalistikanın dəlisidir. Deməli, həm də DAHİSİ. Özünü sözə, xəbərə fəda edən ikinci belə birini tanımıram. Onun yediyi yemək də, içiyi su da, aldığı hava da xəbərdir. 13 ildə bu adamı bir dəfə də olsun oturub yemək yeyən görmədim. Bizim hər gün, bəzən də gündə iki-üç dəfə düşdüyümüz yeməkxanada onu həftədə bir, ya iki dəfə görərdim. Ayaqüstə dayanıb necə danışırsa o sürətlə də yeməyini yeyər və bir göz qırpımında da itərdi. Neynəsin, divara vurulan mıxa da o baxardı, jurnalistindən tutmuş sürücüsünədək hər kəsin qaynatdığı p..xa da. Bəli, o sözün əsl mənasında cəfakeşdir.
Övlad cəfakeşidir.
Qardaş cəfakeşidir.
Bacı cəfakeşidir.
Yoldaş cəfakeşidir.
Dost cəfakeşidir.
Hətta doğmalarının itkisinə belə ən adi kriminal xəbər kimi soyuqqanlı yanaşan, amma içində Ağrı dağı ucaldan biridir Mirşahin.
Elə özü də Ağrı Dağı kimi Uca, onun kimi vulkanik təbiətlidir. Gah püskürür, gah sakit olur. Hər iki halı ilə da maraqlı görünür. Sevməyənləri sevənlərindən daha çox izləyirlər onu. Bilirlər ki, Azərbaycan mətbuatının ənginliklərində süzən bir Şahinimiz var.
Qanadı qırılsa da, əminəm ki, uçacaq. Zirvələrə doğru!
Ləman Ələşrəfqızı
Əməkdar jurnalist
Gununsesi.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.