Patruşev nəyi nəzərdə tutub: Bakının güzəşti nədir? - TƏHLİL

10-07-2018, 10:38           
Patruşev nəyi nəzərdə tutub: Bakının güzəşti nədir? - TƏHLİL
Patruşevin Qarabağın həlli ilə bağlı səsləndirdiyi fikirlər bu günə qədər aparılan danışıqların mahiyyətini əks etdirir.

Bu sözləri Axar.az-a açıqlamasında analitik Elçin Mirzəbəyli deyib. O bildirib ki, əslində Azərbaycanın da hər zaman mövqeyi problemin öz mərhələli həllini tapması olub:

“Yəni ilk növbədə Dağlıq Qarabağ ətrafındakı rayonlar işğaldan azad edilməli, qaçqın və köçkünlər öz ərazilərinə qayıtmalı, Dağlıq Qarabağın statusu Azərbaycanın tərkibində müəyyənləşdirilməlidir. Problemin həlli istiqamətində digər bu kimi addımlar, ümumiyyətlə, təhlükəsizliklə bağlı amillər həyata keçirilməlidir. Əslində, Patruşevin söylədikləri prinsip etibarı ilə bu günə qədər aparılan danışıqların, eyni zamanda, məsələyə Azərbaycanın da yanaşmasının müəyyən hissəsini əks etdirib”.

Analitik Patruşevin açıqlamasında bütün tərəflərin maraqlarının nəzərə alınacağını söyləməsinə də münasibət bildirib:

“Patruşev “tərəflərin maraqları” dedikdə, konkret olaraq nə demək istədiyini səsləndirməyib. O, iqtisadi faktorları da nəzərdə tutmuş ola bilər. Yəni Ermənistan işğala son qoyarsa və işğalçı qoşunlar Azərbaycan ərazisindən geri çəkilərsə, o zaman Ermənistanın kommunikasiya vasitələri bərpa oluna bilər. Bununla da Ermənistanın regionda həyata keçirilən layihələrdə iştirakı üçün imkanlar yaranar və s. Bu gün Ermənistan cəmiyyətində etiraf edirlər ki, işğal nəticəsində Azərbaycanın tətbiq etdiyi, yaratdığı, formalaşdırdığı blokada rejimi Ermənistanın tamamilə iflas olmasına gətirib çıxarır. Bu baxımdan da münaqişənin həlli şübhəsiz ki, Ermənistanın ətrafındakı vəziyyəti maksimum dərəcədə dəyişə bilər. Ola bilsin ki, o, sırf bu amilləri nəzərdə tutub”.

E.Mirzəbəyli vurğulayıb ki, Azərbaycan dəfələrlə öz torpaqlarının bir qarışının da itirilməsi ilə barışmayacağını bəyan edib:

“Yəni Azərbaycanın ərazi ilə bağlı hansısa bir kompromisə getməsi gözlənilən deyil. Bu kompromislər digər faktorlarla bağlı ola bilər (Ermənistanla Qarabağda yaşayan ermənilərin əlaqələrinə hər hansı bir maneənin törədilməməsi, Ermənistanın regionda gedən bütün proseslərə inteqrasiyasının təmin olunması və s.) Bu aspektlərdən məsələyə yanaşmaq olar. Amma konkret olar Patruşev nəyi nəzərdə tutub, bunu söyləmək mümkün deyil. Çünki o öz fikirləri haqqında ətraflı məlumat verməyib”.

Qeyd edək ki, Rusiyanın Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev erməni həmkarı Armen Qriqoryanla görüşüb. O görüşdə bildirib ki, Rusiya bütün tərəflərin maraqlarını nəzərə almaqla, Dağlıq Qarabağ konfliktinin sülh və mərhələli şəkildə həllinə sadiqdir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.