Nazirlik ət bazarına ucuzluq gətirəcək?- 100 manatlıq “cəhdlər”

10-07-2018, 21:35           

“Gələcəkdə Azərbaycanda heyvanların klonlaşdırılması və embrion köçürməsi həyata keçiriləcək”.

Bunu “Cümhuriyət” qəzetinə açıqlamasında Respublika Süni Mayalanma Mərkəzinin direktoru Ramiq Abbasov deyib. O bildirib ki, son illərdə fermerlərin öz heyvanlarını süni mayalandırma yolu ilə artırmağa və daha məhsuldar cinslər əldə etməyə marağı artıb. Direktor vurğulayıb ki, 2007-ci ildə yaradılan mərkəzin əsas məqsədi ölkədə aqrar sahənin inkişafını təmin etməkdir:

"Bütün dünyada maldarlığın damazlıq, cins tərkibinin dəyişdirilməsi süni mayalanmadan keçir. Artıq respublikada 2009-cu ildən yeni sort buzovlar doğuldu və sahibkarların bu sahəyə marağı artmağa başladı. Müəssisənin yeni binası 2015-ci ildə qurulub. Bura eyni zamanda regional təlim mərkəzi funksiyasını da yerinə yetirir. Hazırda mərkəzdə 6 cins üzrə 36 baş heyvan var. Gələcəkdə mütəxəssislərin yetişdirilməsi məqsədilə Orta Asiya ölkələrindən mərkəzə beynəlxalq ekspertlərin dəvəti nəzərdə tutulub. Hazırda mərkəzə Rusiyadan, Polşadan, Çexiyadan, Almaniyadan nümayəndələr gəlir. Onlar mərkəzdə istehsal olunan toxumun keyfiyyətinə baxanda buranı 70-100 illərlə müqayisə edirlər”.


Ramiq Abbasovun sözlərinə görə müxtəlif Avropa ölkələrindən Süni Mayalanma Mərkəzinə gətirilən heyvanların ortalama qiyməti 7-10 min manat civarındadır: “Təbii mayalanma yolundan fərqli olaraq süni mayalanma zamanı heç bir cinsi xəstəlik keçmir. Proses tam şəffaf və steril şəraitdə aparılır. Dünyada süni mayalanmanın böyük iqtisadi səmərəsi var. Gələcəkdə Azərbaycanda heyvanların klonlaşdırılması və embrion köçürməsi həyata keçirilə bilər”.

Sovetlər birliyi dağılandan sonra təsərrüfatlarda süni mayalanmanın aparıldığnı qeyd edən mərkəz direktoru, ilk vaxtlar insanların bunu qəbul etmədiyini də deyib: “Hazırda respublika üzrə süni mayalanma şəbəkəsi yaratmışıq. Demək olar ki, hər bölgədə və kəndlərdə süni mayalanma texnikləri var. Onlar bu prosesi yerlərdə həyata keçirmək üçün bütün təchizatla təmin olunub. Vətəndaşlar süni mayalandırma texnikini öz həyətlərinə çağıraraq prosesi icra etdirirlər. Dünyada toxumun biri 10 dollar olduğu halda, Azərbaycanda toxum 4 manata satılır. Bir ildə süni mayalanma yolu ilə 100 min baş buzov əmələ gəlib. Dövlət həmən buzovlara 100 manat subsidiya verir. Subsidiya cır heyvanlarla cins heyvanların mayalanmasına düşür. Sırf cins inəklə buğaların mayalanmasına subsidiya düşmür. Burada məqsəd cır heyvanları mədəniləşdirməkdir”.

Ramiq Abbasov 10 il bundan öncə Azərbaycanda 10 min kiloqram süd sağan təsərrüfatların olmasının ağılagəlməz olduğunu deyib: “Sevindirici haldır ki, hazırda yüksək məhsuldarlıq verən özəl təsərrüfat sahələri var. Dünyanın heç bir yerində inəyi çölə ötürüb axşam ondan yüksək məhsuldarlıq gözləmək prinsipi yoxdur.

Vaxt var idi, insanlar həyətlərində 10 baş inək saxlayırdı, amma südə-qatığa olan tələbatını bazardan təmin edirdi. Artıq həmin insanlar təsərrüfatında süni mayalanmadan doğulan buzov 7-8 yaşında inəkdir. İnəyi ola-ola bazardan süd-qatıq alan şəxs artıq bir inəkdən 15-20 litr süd alır. Artıq 5 baş cır inək saxlamağın zamanı gedib”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.