Elşad Abdullayevin kadrından şikayət VAR

20-04-2015, 11:44           
Elşad Abdullayevin kadrından şikayət VAR
Qafqaz Xəbər Agentliyinə Binəqədi rayonu Biləcəri qəsəbəsindən şikayət məktubu daxil olub. Bir qrup valideyn Biləcəri qəsəbəsindəki “kooperativ” adlanan binanın sakini, Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə mübarizə şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Pərviz Vəliyevdən şikayətçidirlər. Onlar öz müraciətlərində bildirirlər ki, dəfələrlə Pərviz onlara xəbərdarlıq göndərib ki, onların övladları Pərviz tərəfindən həbs olunacaq. Bir sözlə, şikayətçilərin sözünə görə, Biləcəridən Pərviz Vəliyevin “potensial dustağı” çoxdur. Görünür, Pərviz Vəliyev Bakı şəhərinin böyük bir ərazisini unudaraq, gücünü ancaq doğulub-böyüdüyü məhlənin uşaqlarına sübut etmək istəyir. Hətta bir neçə dəfə məhəllə uşaqları ilə söhbətdə onları məcburi məxfi əməkdaşlığa məcbur etməyə cəhd edib. Ancaq məhəllə uşaqları ona öz yerini göstərəndən sonra, o anlayıb ki, bu mümkün olası iş deyil. Biləcəri sakinləri Pərviz Vəliyevin əməllərindən bir neçə dəfə şikayət etsələr də, ərazi sahə inspektoru onlara izah edib ki, vaxtınızı boş yerə itirməyin. Çünki Pərviz Vəliyevin qardaşı Sərvər Vəliyev Prezident Aparatında ( PA ) vəzifə sahibidir. Hətta bir neçə dəfə Pərviz Vəliyevdən şikayətlər olsa da sonradan PA-da işləyən qardaşı tərəfindən həmin şikayətlər arxivə atılıb. Görünür elə buna görə də sahə inspektoru Biləcəri sakinlərinə bunu anlatmaq istəyib. Apardığımız araşdırmalar nəticəsində əldə etdiyimiz məlumata görə Vəliyevlər fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin ( ABU ) keçmiş rektoru, hazırda Fransada yaşayan Elşad Abdullayevlə çox sıx münasibətdə olublar.
Qafqaz Xəbər Agentliyinin məlumatına görə qardaşlardan biri Pərviz Vəliyev əvvəlcə ABU-da təhsil alıb və sonradan Bakı Dövlət Universitetinə köçürülüb. Digər qardaş Sərvər Vəliyev isə ilk əmək fəaliyyətinə Ədliyyə Nazirliyindən başlayıb və sonradan Prerzident Aparatına “transfer” olunub. Elşad Abdullayevin “yetirməsi” olan Pərviz Vəliyev isə DİN-in İşlər idarəsində xidmətə başlayaraq sonradan Narkotiklərlə mübarizə sahəsinə təyinat alıb. Bakı BPİ-nin keçmiş rəisi Rafiq Abbasovun və Narkotiklərlə mübarizə şöbəsinin keçmiş rəisi Musa Hacıyevin sevimlisi olan Pərviz Vəliyevin əməlləri yeni rəhbərliyi qane etmir. Pərviz Vəliyevin fəaliyyəti ilə bağlı apardığımız araşdırmalar çox qaranlığa işıq saldı. Ancaq biz istərdik ki, bu məsələni DİN-in Daxili təhqiqatlar və Daxili təhlükəsizlik idarələri araşdırsın.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.