Rusiyadan "Palmali"-yə İŞİD ittihamı
29-09-2015, 10:17
Dünyanı lərzəyə salan İŞİD-ə qarşı supergüclərin birgə mübarizəyə razılaşması ilk növbədə bu terrorçu qruplaşmanın maliyyə kanallarının bağlanmasını gündəmə gətirib. ABŞ Maliyyə Nazirliyinin terrorizm və maliyyə kəşfiyyat idarəsinin bir müddət əvvəl açıqladığı məlumatda bildirilirdi ki, İŞİD-in Suriya və İraqda ələ keçirdiyi mədənlərdə gündə 50 min barel neft istehsal edilir. Hesablamalara görə, İŞİD neft satışından gündə təxminən 1 milyon dollar qazanır. Dünya mətbuatında müxtəlif rəsmi və qeyri-rəsmi mənbələrə istinadən İŞİD-in nefti üç ayrı xətt üzrə bazara çıxardığı barədə iddialar yer alıb.
İŞİD neftinin bazara çıxarıldığı marşrutlardan birincisi Suriya hakimiyyəti ilə bağlıdır. Belə ki, terror təşkilatı ələ keçirdiyi mədənlərdəki neftin çoxunu birbaşa Bəşər Əsəd hakimiyyətinə satır. Xüsusilə də Rakka bölgəsində çıxarılan neft bu kanallar vasitəsilə satılır. İkinci marşrut İran üzərindən Dubay bazarına çıxarılır ki, burada İŞİD neftini daha çox kürd biznesmenlər alıb-satır. Nəhayət, İŞİD-in öz neftini Türkiyə üzərindən satdığı barədə iddialar da var ki, bunu rəsmi Ankara aylardır ki, ciddcəhdlə yalanlayır.
Belə bir ərəfədə isə Rusiyanın nüfuzlu “Novaya qazeta” nəşri İŞİD-lə Türkiyənin gizli neft alverinə dair sensasion iddia ilə çıxış edib. Qəzetin yazdığına görə, hələ 2014-cü ilin sentyabrında Avropa Parlamentinin xarici işlər komitəsinin hesabatı zamanı Aİ-nin İraqdakı səfiri Yana Xibaskova “ittifaqa üzv olan bəzi ölkələrin İŞİD yaraqlılarından neft aldığını” bildirib.(virtualaz.org). Y.Xibaskova konkret adlar və İŞİD nefti ilə alver edən treyderlər barədə danışmayıb, ancaq onun bəyanatı ciddi eyham idi. Bundan ay yarım əvvəl BMT Təhlükəsizlik Şurası Suriya və İraq ərazisində fəaliyyət göstərən terrorçu qruplaşmalarla neft alverinin yolverilməz olduğunu bəyan etmişdi. Bundan əvvəl Almaniyanın DWN telekanalı və İspaniyanın “La Republica” qəzeti belə məlumat yayıblar ki, İraqın şimalındakı kürd administrasiyası və Türkiyənin xüsusi xidmət orqanları İŞİD-in nəzarətində olan ərazilərdən neft qaçaqmalçılığından xəbərdardır.
Bu hadisələr çirkli pulların yuyulmasına qarşı FATF qrupunun da diqqətini cəlb edib. Qrup İŞİD-in maliyyə mənbələri və terror qruplaşmasına maliyyə axınlarının qarşısının alınmasına dair tövsiyələrini hazırlayıb. FATF ekspertləri hesab edirlər ki, İŞİD-in neft qaçaqmalçılığından və digər talançılıq əməllərindən əldə etdiyi illik gəlir 1 milyard dollardan çoxdur.
Qəzet yada salır ki, İŞİD Suriya və İraq ərazisində onlarla neft yatağını ələ keçirib. Bunların arasında zəngin ehtiyatlara malik əl-Ömər, Rakka, Deyr əs-Zor yataqları da yer alır. Habelə İraqın Kərkük şəhərindən Türkiyənin Ceyhan limanına uzanan neft kəməri də İŞİD-in nəzarətindədir.
“Novaya qazeta”nın mənbələri İŞİD-in nəzarətində olan kəmərlərlə neft nəqlinin həyata keçirildiyini təsdiqləyir. Türkiyənin Ceyhan limanına neft nəqlinə dair informasiya bir müddət əvvəl də var idi. Rusiya nəşri isə iddia edir ki, bu neftin Ceyhan limanından azərbaycanlı oliqarx Mübariz Mənsimovun “Palmali Shipping & Agency JSC” şirkətinə məxsus tankerlərlə daşınır. Qəzet yazır ki, dünyanın aparıcı xüsusi xidmət orqanları da bu haqda xəbərdardır.
***
Mübariz Mənsimov “Palmali”ni 1998-ci ildə qurub, şirkətlər qrupu Maltada qeydiyyatdan keçib. Dünyanın ən böyük 5 dənizçilik şirkətindən biri olaraq göstərilən və illik dövriyyəsi 3 milyard dollar olan “Palmali”nin hazırda 21 ölkədə ofisi var. Şirkətin tabeliyində 28 min nəfər təkcə dənizçilik sektorunda çalışır. “Palmali” 129 gəmisi ilə Aralıq dənizi, Ağ dəniz, Qara dəniz arasında Rusiya neftinin 75 faizini daşıyır. “Palmali”nin ən böyük müştərisi dünyaca məşhur olan bp şirkətidir. Şirkətlər Qrupunun kirayəyə götürülən gəmilərlə isə donanma sayı 220-ni ötür.
AKP iqtidarının dövründə biznesi uğurla inkişaf edən M. Mənsimov 2007-ci ildə Türkiyə vətəndaşlığını qəbul edib. Onun Türkiyə prezidentinin oğlu Bilal Ərdoğan, qaynı Ziya İlgenin və qardaşı Mustafa Ərdoğanla ortaq olduğuna dair Türkiyə mediasında iddialar var. İddialarda bildirilir ki, “Palmali”nin cəlb etdiyi kreditlər hesabına inşa edilən neft tankerləri əvvəlcə Ərdoğanların “BMZ Group”a satılır, daha sonra “Palmali” həmin gəmiləri kirayələyərək Azərbaycan neftinin daşınmasını həyata keçirir. İş adamlarından keçmiş daxili işlər naziri Mehmet Ağarın oğlu Tolqa Ağar da Mənsimovun biznes ortaqları arasındadır.
Azərbaycan mediasında yayılan xəbərlərə görə, Mübariz Mənsimov ötən həftə Bakıda olub. O, sentyabrın 24-də dövlət məmurlarından birinin qızının toyunda iştirak edib. Onun həmçinin “Palmali”nin Bakı ofisinin və “Xəzər Lənkəran”ın problemləri ilə maraqlandığı, burdakı adamları ilə görüş keçirdiyi də deyilir.
***
Rusiyanın da yer alacağı beynəlxalq anti-İŞİD koalisiyasının yarandığı bir vaxtda bu, azərbaycanlı oliqarxa qarşı çox ciddi ittihamdır və diqqətləri onun şirkətinə də yönəldəcəyi şübhəsizdir. Bundan əvvəl də Türkiyə mediasında Ərdoğan ailəsinin İŞİD neftini alıb-satdığına dair iddialar səslənib, ancaq Türkiyə rəhbərliyi bu məlumatları qətiyyətlə rədd edir. Rusiya nəşrinin İŞİD-ə qarşı, eləcə də onun maliyyə mənbələrinə öldürücü zərbələr hazırlandığı bir vaxtda təkcə Türkiyədə deyil, dünya sularında geniş fəaliyyət göstərən bir şirkətə qarşı bu cür ittiham dərc etməsi maraq doğurur.
Əvvəla, ona görə ki, “Palmali” ilə neft daşımaçılığında ortaqlar sırasında Azərbaycanın SOCAR şirkəti də var. Bu da istər-istəməz indiki həssas məqamda diqqət çəkə, Azərbaycanın imicinə zərbə vura bilər. Nəzərə alsaq ki, rəsmi Bakının Qərblə münasibəti gərgindir və bu kimi xəbərlər Azərbaycana qarşı növbəti təzyiq dalğası başlada bilər ki, bu da Moskvanın əlinə oynayar. Daha bir diqqət çəkən məqam Türkiyə hakimiyyəti ilə Kremlin bəzi məsələlərdə anlaşa bilməməsidir ki, bu sırada Suriya da var, Qarabağ da, qaz məsələsi də. Türkiyə prezidentinin Moskvaya son səfərində də tərəflər arasında bu məsələlərdə anlaşma olmadığı iddia edilir. Rusiya nəşri İŞİD-lə neft alverində olan “Palmali”nin Ərdoğanın yaxın adamlarının “qanadı altında” olduğu iddialarında xəbərsizliyi də ağlabatan deyil.
Yayılmış xəbərləri “Yeni Müsavat”a şərh edən ekspertlərin sözlərinə görə, İŞİD-ə qarşı formalaşmaqda olan beynəlxalq koalisiya bu qruplaşma ilə hər hansı işbirliyində olan adamları, eləcə iri şirkətləri “qara siyahı”ya salacaq. “Əslində belə bir siyahı çoxdan var, amma bəzi dövlət məsələlərinə görə onların da ”vurulmasını"- yəni sanksiyalara məruz qalmasını razılaşdırmaq mümkün olmurdu. İndi isə belə bir imkan var və bu baxımdan mümkündür ki, bəzi iri şirkətlərin rəqibləri bunu fürsət bilsin və bu kimi xəbərlərdən yararlanmaq istəsin". Ekspertlər istisna etmir ki, “Palmali” ilə bağlı xəbər Türkiyədəki 1 noyabr seçkilərində Ərdoğanın tənqidi üçün müxalifətə ciddi arqument versin.
“Yeni Müsavat”