ABŞ və Avropa Putin üçün atəşkəslə bağlı sərt ultimatum hazırlayır - “Reuters”
Bu gün, 10:44

ABŞ və Avropa müttəfiqləri Ukraynada 30 günlük atəşkəslə bağlı yekun təkliflə bağlı razılığa gəliblər. Moskva təklifi rədd edərsə, birgə yeni sanksiyaların tətbiqi nəzərdə tutulur.
Bizimyol.info xəbər verir ki, bu barədə "Reuters" agentliyi Fransa diplomatik qurumundakı mənbəyə istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, bir gün əvvəl ABŞ prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında 30 günlük qeyd-şərtsiz atəşkəs çağırışını təkrarlayıb və hərbi əməliyyatların davam edəcəyi təqdirdə tərəfdaşlarla birgə sanksiyaların tətbiqi mümkünlüyü barədə xəbərdarlıq edib.
Ukrayna çoxdan bu təkliflə razılaşıb, lakin Rusiya bu təklifdən yayınmağa çalışır, xüsusən də faşist Almaniyasının məğlubiyyətinin 80-ci ildönümünü qeyd etmək üçün mayın 8-dən 10-dək birtərəfli qaydada üç günlük atəşkəs rejimi tətbiq etməklə. İndi Rusiya son seçim qarşısında qalacaq.
“Biz layihəni hələ tam başa çatdırmamışıq, lakin ümid edirik ki, yaxınlaşma mərhələsindəyik. Yaxın saatlarda və ya günlərdə - ya 30 gün ərzində, ya da mərhələli şəkildə atəşkəs elan oluna bilər, bu hələ də müzakirə olunur”, - adının açıqlanmasını istəməyən diplomatik mənbə bildirib.
Onun sözlərinə görə, hazırda Ukraynanın Kremlə birtərəfli atəşkəs elan etməli, yoxsa Rusiyaya təklifin özünə cavab vermək üçün bir az vaxt verəcəyi ilə bağlı müzakirələr davam edir. Amma istənilən halda Rusiya bundan imtina edərsə, ona qarşı ABŞ və Aİ-nin yeni sanksiyaları tətbiq olunacaq.
Ukrayna mətbuatının verdiyi məlumata görə, mart ayında ABŞ bu əsasda müharibənin yekun dayandırılması ilə bağlı danışıqlara başlamaq üçün Ukrayna və Rusiya arasında 30 günlük atəşkəs yaratmağı təklif edib. Bu təklif Ukrayna ilə yanaşı, Avropa ölkələri tərəfindən də dəstəklənib.
Ukrayna prezidenti Vladimir Zelenski təşəbbüsü dəstəklədiyini bildirib və qeyd edib ki, Rusiyanın 9 may üçün təklif etdiyi üç günlük atəşkəs sülh danışıqlarında əhəmiyyətli irəliləyiş əldə etmək üçün yetərli deyil. O qeyd edib ki, 30 günlük atəşkəs modeli optimaldır, çünki bir neçə günə nəyisə razılaşdırmaq mümkün deyil.
Bununla belə, Rusiya 30 günlük atəşkəs təşəbbüsünü dəstəkləməkdən imtina edib və vurğulayıb ki, istənilən barışıq Rusiyanın “ərazi qazancı” və Moskvanın “narahatlığı” nəzərə alınmalıdır. Kreml həmçinin Ukraynada səfərbərliyin dayandırılması və Ukrayna Silahlı Qüvvələrinin yenidən silahlanması, eləcə də enerji infrastrukturuna zərbələrdən qarşılıqlı imtina kimi bir sıra şərtlər irəli sürüb.