Budapeşt ukraynalı diplomatları qovdu, Kiyevin cavabı gecikmədi – YENİLƏNİB
Bu gün, 09:08

Ukrayna Xarici İşlər Nazirliyi Macarıstanın Kiyevdəki səfirinə iki macar diplomatın ölkədən çıxarılması barədə nota təqdim edib.
Hurriyyet.Az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa “X” sosial şəbəkəsində məlumat verib.
“İki macar diplomat 48 saat ərzində ölkəni tərk etməlidir. Az əvvəl Macarıstan səfirini Xarici İşlər Nazirliyinə dəvət edib ona rəsmi nota təqdim etdik”, – deyə nazir bildirib.
Sibiqanın sözlərinə görə, bu addım Macarıstanın hərəkətlərinə cavab olaraq qarşılıqlılıq prinsipi və milli maraqlar əsasında atılıb.
*** 19:42
Ukraynanın Təhlükəsizlik Xidməti (SBU) Macarıstan dövlətinə bağlı casus şəbəkəsini ifşa etdiyini açıqlayıb. Bildirilib ki, bu şəbəkə Ukraynanın müdafiə imkanları ilə bağlı məlumatlar toplamaq üçün fəaliyyət göstərirmiş.
Hurriyyet.Az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
SBU-nun məlumatına görə, Macarıstan hərbi kəşfiyyatı ilə əlaqəli olduğu iddia edilən iki şübhəli şəxs saxlanılıb. Onların hər ikisi Ukrayna ordusunun keçmiş üzvləridir. Saxlanılan şəxslərin dövlətə xəyanətdə ittiham olunduqları və bu barədə onlara rəsmi bildiriş təqdim olunduğu qeyd edilib.
Bu, Ukrayna tarixində ilk dəfədir ki, Macarıstanın ölkə əleyhinə casus şəbəkəsi ifşa olunur.
Qeyd olunur ki, şübhəlilər casusluq fəaliyyəti üçün pul, xüsusi rabitə avadanlıqları ilə təmin olunublar və əsas tapşırıqları arasında Ukraynanın hava hücumundan müdafiə sistemləri və ölkənin cənub-qərbində yerləşən Transkarpatiya bölgəsindəki digər hərbi imkanlarla bağlı məlumatları toplamaq olub.
Xatırladaq ki, həmin bölgədə təxminən 150 min etnik macar yaşayır və Budapeşt ilə Kiyev arasında bu icmanın dil hüquqları məsələsinə görə də əvvəllər gərginliklər yaşanıb.
Hadisəyə reaksiya verən Macarıstanın xarici işlər naziri Peter Siyarto isə bu ittihamları “Ukrayna təbliğatı” adlandırıb və ehtiyatla yanaşılmalı olduğunu bildirib. O, daha sonra Budapeştdəki Ukrayna səfirliyində çalışan və casus kimi tanıdıqları iki diplomatı ölkədən qovduqlarını açıqlayıb.
“Biz Ukraynanın Macarıstana və macar xalqına qarşı bu cür böhtan xarakterli addımlarına dözməyəcəyik”, – deyə Siyarto sosial şəbəkədə yayımladığı videoda bildirib.
Macarıstan rəsmisi həmçinin Ukraynanın Macarıstanın Rusiyaya qarşı hərbi yardım göstərməsinə qarşı çıxması səbəbindən bu addımı atdığını da əlavə edib.