İSLAM TARİXİNƏ DAİR YANLIŞ BİLGİLƏR – 12 İmam Hüseyn ibn Əlinin xanımı həqiqətənmi Sasani şahının qızı olub?
Bu gün, 10:54

İslam tarixşünaslığında ən çox qarışdırılmış mövzulardan biri də Hz.Muhəmmədin nəvəsi, Hz.Əlinin oğlu və Kərbəla faciəsinin qəhrəmanı olan Hüseyn ibn Əlinin (imam Hüseynin) ailəsi və xanımlarının kimliyi ilə bağlı məlumatlardır. Yüzilliklər boyu xilafət dövrünün tarix yazarlarının əsərlərində və ənənəvi məzhəb ədəbiyyatlarında Hz.Hüseynin guya Sasanilərin son hökmdarı III Yezdəgirdin (Yezdigerd) qızı olmuş Şəhrəbanu adlı bir qadınla evlənməsi və peyğəmbər əhli-beytinin dördüncü imamı Hz.Əli Zeynəlabidinin anasının həmin fars qızı olması barədə yanlış məlumatlar tirajlanmışdır. Oxşar məzmunlu qeydlərə həm sünni, həm də bəzi şiə qaynaqlarında rast gəlinir. Bu məlumatlar əsasında zaman-zaman müxtəlif səviyyələrdə guya Sasanilər dövrünün xiffətini çəkən farsların məhz bu nikah vasitəsilə əhli-beyt imamlarının iqtidara gəlmək hüququnu legitimləşdirməyə və xilafət sarayını ələ keçirməyə cəhd etmələri iddia olunmuşdur. İlk baxışdan bu haqda qeydlərin rast gəlindiyi qaynaqların bir neçə olması səbəbindən elə fikir yaranır ki, yazılanlar doğrudur və Hz.Hüseyn Sasani şahının qızı ilə evlənmişdir. Əhli-sünnə tarix ədəbiyyatı mövzuya öz məzhəbi baxış bucağından yanaşır, əhli-şiə qaynaqları da fərqli bir yanaşma ilə öz məzhəbi düşüncəsini ortaya qoyur. Və hər iki tərəfin bu haqda məlumatları natamam, elmilikdən uzaq, təsdiqlənməmiş rəvayətlərə və subyektiv mülahizələrə söykənir. Tarixi qaynaqların iqtidarda olan hakim sülalələrin maraqlarına uyğun yazılmasını, ənənəvi hədis qaynaqlarınınsa bu və ya digər məzhəbin baxışlarını əks etdirməsini nəzərə alaraq, bu mövzuda müstəqil araşdırmalar aparmağın daha obyektiv və həqiqətəuyğun nəticələrin ortaya çıxmasına kömək edəcəyi qənaətindəyik. Mövzu əslində geniş olduğu üçün əsas istiqamət olaraq, daha çox Hz.Hüseynin Şəhrəbanu adında xanımı barədə məlumatları təhlil etməyi qərara aldıq.
İlk öncə bunu qeyd edək ki, İslamın ilk dövrünə aid qaynaqlarda ümumiyyətlə Hz.Hüseynin xanımları barədə məhdud çərçivədə məlumatlar var, lakin bu məlumatlar arasında Şəhrəbanu ilə bağlı heç nə yoxdur. İbn İshaq (VIII əsr) “Sirəti Rəsulallah” əsərində nə Sasanı şahının qızı ilə evlilikdən, nə də Şəhrəbanu ismindən bəhs etmir. Vaqidi (IX əsr) Mədinə döyüşləri və peyğəmbər səhabələrinin nəsilləri barədə məlumat versə də, imam Hüseynin ailəsi haqda məlumat verərkən araşdırmamızın mövzusuna dair heç nə qeyd etmir. Təbərinin “Tarix ər-rüsul və-l-müluk” əsərində Sasani şahının qızının müsəlmanlar tərəfindən əsir alındığı qeyd olunsa da, onun adı çəkilmir, nə də Hz.Hüseynlə evlənməsi haqqında konkret bilgi verilmir. Bunlar onu göstərir ki, IX əsrə kimi Sasani şahının qızının əsir alınması, Hz.Əlinin oğlunun həmin qızla evlənməsi barədə heç bir məlumat yox idi, Abbasilər dövrünün tarix yazarı Təbəridə isə qısa bir şəkildə Sasani şahının qızının əsir alınması ilk dəfə qeyd olunur. Qısacası, imam Hüseynin Kərbəlada qətlindən 170 il sonraya, yəni IX əsrin ikinci yarısına kimi Şəhrəbanu adında bir fiqur İslam tarixi üzrə qaynaqlarda gözə dəymir. Bu iddia erkən islam mənbələrində yox, sonrakı dövrlərdə, xüsusən də Abbasilər və şiə tarixçiliyi dövründə önə çıxır.
Şəhrəbanu adının və ona bağlı hekayənin ortaya çıxması X əsrə və daha sonrakı dövrə aiddir. Şeyx Mufid “Əl-İrşad” əsərində imam Zeynəlabidinin anasının “Sasani şahzadəsi” olduğunu qeyd edir, amma ad çəkmir və bunu daha çox simvolik və əzəmət artırıcı xüsusiyyət olaraq qabartmağa çalışır. Şeyx Səduq (X əsrin II yarısı) “Uyun əl-əxbar ər-Riddə” əsərində şiə mənbələrində ilk dəfə olaraq Şəhrəbanu adını və onun imam Hüseynlə evlənməsi hekayəsini qeyd edir. Burada Şəhrəbanu artıq III Yezdəgirdin qızı, əsir alınaraq Mədinəyə gətirilmiş və İmam Hüseynə verilmiş bir qadın kimi təqdim olunur. Sonradan ibn Babaveyh Saduqun davamçıları bu rəvayəti yayır və şiə kimliyində möhkəmləndirir. İbn Şəhr Aşub (XII əsr) da "Mənaqib Əli bin Əbi Talib" əsərində Şəhribanunun Sasani şahı Yezdəgirdin qızı olduğunu qeyd edir, lakin bu əsərdə də isnad (ravilər zənciri) və tarixi uyğunluq zəifdir. Onu da qeyd edək ki, şiə mənbələrində bu qadının adı "Salaafa", "Shəhrnigar", bəzən də "Şəhrəbanu" kimi verilir, sünni mənbələrində və erkən təriqə üstü tarix kitablarında isə onun adı "Qəzzələ", "Solafa", “Haruniyə”, "Shahrbanuyah" və ya adsız bir fars əsilli qadın olaraq keçir. Bəzən də bu qadının Ənsar və ya Qüreyşdən olduğu qeyd olunur.
Müasir tarixçilər Şəhrəbanu obrazının əfsanəvi yönlərini ön plana çəkərək, onun tərtib edilmiş simvolik bir fiqur ola biləcəyini qeyd edirlər. Sasani şahzadəsinin Mədinədə müsəlmanlar tərəfindən əsir alınıb, imam Hüseynlə evlənməsi hadisəsinin tarixi əsaslarının zəif olduğu göstərilir. İslam tarixi üzrə tanınmış qərb tədqiqatçıları Patricia Crone, Wilferd Madelung, M.A. Shaban bu hekayəni tarixi əsasdan daha çox ideoloji və əfsanəvi bir motiv kimi qiymətləndirir, Şəhrəbanu obrazının əhli-beyt imamlarının farslar ilə bağlanması üçün sonradan uydurulmuş bir simvol olduğunu düşünürlər. Wilferd Madelung, M. J. Kister, Patricia Crone, Muhammad Qasim Zaman və başqaları bu rəvayətin tarixi əsaslardan məhrum olduğunu, ən yaxşı halda sonrakı dövrlərdə uydurulduğunu, imam Zeynəlabidinin anasının adının və kimliyinin mübahisəli və qeyri-müəyyən olduğunu qeyd edirlər.
Məsələni tərəfsiz və obyektiv araşdırarkən ilk öncə diqqət yetirilməli olan məqam Sasanilər imperiyasının sonuncu hökmdarı III Yezdəgirdin yaşı məsələsidir, bu məsələyə aydınlıq gətirilməsi araşdırmamızın sonrakı gedişatına böyük təsir edir. Beləliklə, tarixi qaynaqların məlumatlarına və qərb tədqiqatçılarının gəldiyi qənaətə görə, Sasani hökmdarı III Yezdəgird miladi tarixlə 624-cü ildə dünyaya gəlib. Onun həyatı İslamın yayılmağa başladığı kritik dövrə düşür və 632-ci ildə taxta çıxarkən onun cəmi 8 yaşı vardı. III Yezdəgirdin iqtidarı dövrü ciddi daxili qarışıqlıqlar, saray çevrilişləri, Sasanilərin çöküşü və süqutu dövrünə təsadüf edir. III Yezdəgird 12 yaşında ikən 636-cı ildə baş vermiş Qadisiyyə döyüşündə və 18 yaşında ikən 642-ci il Nihavənd döyüşündə ard-ardına aldığı məğlubiyyətlər onun iqtidarının sonunu gətirmiş, gənc Yezdəgird taxtını qorumaq məqsədilə 9 il İranın dərinliklərində gizlənmək zorunda qalmış və 651-ci ildə Mərv yaxınlığında naməlum şəraitdə bir dəyirmanda dəyirmançı tərəfindən öldürülmüşdür. Bu zaman onun cəmi 27 yaşı olub. Əgər Sasani şahının qızının müsəlmanlara əsir düşməsi hadisəsi gerçəkdən baş vermiş olsaydı, bu zaman III Yezdəgirdin təxminən 18-22 yaşı olmalı idi, bu yaşda ikən onun ərə gedəcək yaşda bir qızının olması məntiqlə mümkün deyil. III Yezdəgirdin övlad sahibi olması üçün real imkan 642-ci ildən sonra yarana bilərdi. Əgər onun qızı doğulmuşdusa belə, bu ən tez halda 643–645-ci illərdə ola bilər. Bu izahla, Yezdəgirdlə az qala eyni yaşda olan 626-cı ildə doğulmuş imam Hüseynin ailə qurduğu dövrdə (təxminən 650-ci illər) Şəhribanunun ən çoxu 5-10 yaşında olması mümkündür ki, bu da imam Hüseynin III Yezdəgirdin qızını alması ehtimalını sıfıra endirir.
Belə olduğu halda, imam Hüseynin oğlu Hz.Əli Zeynülabidinin anasının kimliyi barədə ortaya sual çıxır. Hz.Əli Zeynülabidinin miladi tarixdə 658-ci (hicri 38-ci) ildə doğulduğu əksər mənbələrdə qeyd olunur (bəzi qaynaqlarda 656-cı və ya 659-cu il). İmam Hüseyn ibn Əlinin xanımları haqqında məlumatlar həm tarixi mənbələrdə, həm də rəvayət və şəcərə kitablarında mövcuddur. Lakin bu məlumatlar müxtəlif mənbələrdə fərqlidir, çünki bəzi adlar sonradan mistik və ya ideoloji səbəblərlə əlavə olunub. Klassik nəsəb kitabları (məsələn, al-Isti‘ab, Tabaqat ibn Sa'd, Nasab Quraysh və s.) əsasında daha sistemli analiz aparsaq, Şəhrəbanu obrazı istisna olmaqla, İmam Hüseynin tarixi qaynaqlarda adı keçən iki xanımı olmuşdur:
1. Leyla bint Əbu Mürrə ibn Urvə ibn Məsud əs-Səqəfi – məşhur Səqif qəbiləsindən peyğəmbər səhabəsi, hicrətdən əvvəl İslamı qəbul edən Urvə ibn Məsud əs-Səqəfinin oğlunun qızı idi. İmam Hüseynin ilk və əsas həyat yoldaşı hesab olunur. Miladi 630-640-cı illər arası doğulduğu ehtimal edilir. Bəzi mənbələrə görə, Hüseynin oğlu Əliəkbərin anası Leyladır. Əliəkbərin soykökü ilə bağlı məlumatlarda Leyla xatunun ismi keçir.
2. Rubab bint İmrəu’l-Qays – Bəni-Kəlb qəbiləsindən nüfuzlu bir ailənin qızı idi. Təxminən 645-ci ildə doğulduğu ehtimal edilir. İmam Hüseyndən iki övladının olduğu məlumdur: Səkinə bint Hüseyn (və ya Rukayyə) və Abdullah ibn Hüseyn (Əliəsğər). 6 aylıq Əliəsğər onun gözünün önündə Kərbəlada şəhid edilmiş, azyaşlı qızı atasının kəsik başını gördükdən sonra ürəyi partlayaraq həlak olmuş, özü isə ehtimallara görə imam Hüseynin məzarından ayrılmayaraq qısa müddət sonra dərddən vəfat etmişdir.
Haşiyə: Bəzi mənbələrdə imam Hüseynin digər xanımı olaraq səhabə Təlha ibn Übeydullahın qızı Ummu İshaq bint Təlhanın (doğumu təxminən 640-cı il) da adı çəkilir, lakin bu fikir mübahisəlidir, üstəlik bu xanımdan imam Hüseynin heç bir övladının olmaması da bu fərziyyənin həqiqətəuyğunluğuna şübhə yaradır.
Beləliklə, imam Hüseynin ilk xanımından yalnız bir, digər xanımından iki, bəzi qaynaqlarda qeyd olunan üçüncü xanımdansa heç bir övladının olmaması göz görəsi bir uyğunsuzluq yaradır. Ehtimal etmək olar ki, həm yaş, həm digər diqqət çəkən məqamlar nöqteyi-nəzərindən Hz.Əli Zeynalabidin məhz Leyla xatunun böyük oğlu ola bilər. III Yezdəgirdin yaşı və onun hər hansı övladının məntiqlə Hz.Hüseynlə evlənəcək yaşda ola bilməməsi, eyni zamanda, Şəhrəbanu adlı qadının mövcudluğu ilə bağlı natamam və ziddiyyətli məlumatlatın mövcudluğu (onun nə anası haqda, nə də özünün məzarının harada olması barədə heç bir məlumatın olmaması) və Hz.Hüseynin digər xanımları barədə qaynaqlarda o dövrə görə yetərincə məlumatın verilməsi imam Hüseynin Sasani şahının qızı ilə evlənməsi versiyasını böyük ölçüdə şübhə altına almağa əsas verir. Sual ortaya çıxır – bəs Hz.Zeynalabidinin anası ilə bağlı məlumatlarda təhriflərə yol verilməsi kiminlə əlaqədardır və bu hekayənin ərsəyə gətirilməsinin səbəbi nədir?
Şəhrəbanu ilə bağlı qarışıq və qeyri-dəqiq məlumatların ortaya çıxmağa başlaması Abbasilərin iqtidarı dövrünə təsadüf edir. Abbasilər iqtidara Xorasan və İran əhalisinin dəstəyi ilə gəldikləri üçün onların yürütdüyü daxili siyasət əsasən mənsub olduqları mötəzilə məzhəbinin təmsilçiləri ilə əhli-beyt yönümlü Xorasan əhalisinin maraqları arasında manevr etmək, yeri gələndə bir, bəzənsə digər tərəfin dəstəyini qazanmaqla öz iqtidarlarını möhkəmləndirmək idi. Özlərini peyğəmbər əhli-beytinə aid etməklə peyğəmbər nəslini dəstəkləyən xalq kütlələrinin yaşadığı nəhəng coğrafiyanın identikliyini də əks etdirmək Abbasilərin əsas prioriteti idi. Hətta Abbasi hökmdarlarının Sasani şahları kimi geyinib xilafət sarayını Sasanilərə aid xüsusiyyətlərlə idarə etmələri də tarix elminə məlum faktlardır. Hətta onları iqtidara gətirmiş Əbu Müslüm Xorasaninin sarayda xaincəsinə öldürülməsindən sonra belə Abbasi hökmdarları paytaxtda artan ərəb nüfuzu fonunda Sasani hökmdarlarını təqlid etməkdən qalmırdılar. İmam Hüseynin Sasani şahzadəsi ilə evliliyi haqda rəvayətlər məhz bu dövrdə dövriyyəyə buraxılaraq populyarlaşdırıldı. Və imam Hüseynin sağ qalmış oğlu imam Zeynəlabidin həm peyğəmbər soyundan, həm də İran imperator nəslindən olan bir insan kimi göstərilərək şiə imamlarının iki nəcabətli soyun daşıyıcısı olduqları fikri yayılmağa başladı. Abbasilərin iranlılarla ittifaq qurduğu erkən mərhələdə bu cür əfsanələr onların ideoloji əsaslarını möhkəmləndirə bilərdi. Yəni bu rəvayətin yaranması və yayılmasında post-Sasani dövrü yaxud Abbasilər dövrünün ideoloji mühitinin rolu daha ağlabatandır. İranlıların İslam içində öz milli kimliyini qorumaq və Əhli-beytlə mənəvi bağ qurmaq istəyi ağlabatan deyil, o sadə səbəbdən ki, Abbasilər iqtidarı dövründə Xorasan əhalisi peyğəmbər əhli-beytini dəstəkləsə də, fars əhali əksərən sünni-şafei məzhəbindən idi və və Sasanilərə simpatiyası olan Abbasilərin mənsub olduğu hakim mötəzilə məzhəbi saraya yaxın olmaq baxımından fars aristokratiyasına daha böyük perspektiv vəd edirdi. Regionun fars əhalisinin kütləvi şəkildə şiəliyi qəbul etməsi çox sonraya – XVI əsrin əvvəllərinə təsadüf edir.
Beləliklə, yekun olaraq Hz.Hüseyn ibn Əlinin guya Sasani şahı III Yezdəgirdin qızını alması və oğlu imam Zeynəlabidinin də həmin fars qadından olması barədə mülahizələr elmi-tarixi baxımdan heç bir ciddi dəlilə söykənmir və İslam tarixində sonradan ərsəyə gətirilmiş bir mülahizədir.
Ceyhun Bayramli
TEREF