Azərbaycanı və Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir

Dünən, 15:48           
Azərbaycanı və Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir
May ayının 7-8-də Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycan Respublikasına dövlət səfəri iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi, xalqlarımızın əlaqələrinin genişləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Bu səfər ərəfəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının “Vietnam News Agency” agentliyinə müsahibə verərək Azərbaycan və Vyetnam arasında əməkdaşlıq və ikitərəfli münasibətlərin vəziyyətinə xüsusi yer ayırıb.
Ölkə Başçısı öz geniş müsahibəsində ölkələrimiz arasında münaibətləri yüksək dəyərləndirib. Münasibətlərin tarixinə toxunan Prezident İlham Əliyev bu münasibətlərin formalaşmasında və inkişafında Ümummilli Lider Heydər Əliyevin xüsusi rolunu qeyd edərək bildirib 1983-cü ildə o dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutan Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev Vyetnamda səfərdə olub. Bu səfər ölkələrimiz arasında əməkdaşlığın inkişafının möhkəm təməlinə çevrilib.
2014-cü ildə Prezident İlham Əliyev Vyetnam Sosialist Respublikasında rəsmi səfərdə olub, 2015-ci ildə isə Vyetnam Sosialist Respublikasının Prezidenti cənab Çıonq Tan Şanqın Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Bu səfərlər iki dövlət arasında münasibətlərdə yeni səhifə açıb və onların gələcək inkişafına təkan verib. 2015-ci ildə Prezident Çıonq Tan Şanqın ölkəmizə səfəri çərçivəsində rəsmi şəxslərlə yanaşı, neft-qaz, energetika, inşaat, informasiya-kommunikasiya, maliyyə, sənaye, ticarət, turizm, nəqliyyat, əczaçılıq və digər sahələrin işgüzar dairələrinin iştirakı ilə Birinci Azərbaycan-Vyetnam biznes forumu keçirilib.
Prezidenti İlham Əliyev “Vietnam News Agency” agentliyinə müsahibəsində qeyd edib ki, Azərbaycan Vyetnamla iqtisadi və ticari əlaqələrin inkişafına böyük əhəmiyyət verir.
“2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 223,93 milyon ABŞ dolları olub. Sözsüz ki, bizim bu göstəricini gələcəkdə də artırmaq üçün potensialımız mövcuddur”, - deyən dövlətimizin başçısı ölkələrimizin neft sahəsində də qarşılıqlı fəaliyyət göstərdiklərini vurğulayıb.
Bu gün Azərbaycan və Vyetnam neft sahəsində də qarşılıqlı fəaliyyət göstərir. 2019-cu ildə Vyetnamın “Binh Son Refinery and Petrochemical Company” ilə SOCAR arasında müqavilə imzalanıb. Neft sahəsində əməkdaşlığımız möhkəm tarixi təmələ əsaslanır – çünki Azərbaycan mütəxəssisləri Vyetnamın neft sənayesinin yaradılmasında və inkişafında əsas rol oynayıblar.
Mədəniyyət, humanitar və təhsil sahələrində əməkdaşlığımızın kökləri sovet dövrünə gedib çıxır, amma son illərdə daha da inkişaf edib. 1955-ci ildə Azərbaycan bəstəkarı Qara Qarayev Vyetnam müharibəsi haqqında ilk sovet-Vyetnam sənədli filmi üçün “Vyetnam süitası”nı bəstələyib, onun premyerası 2023-cü ildə Hanoyda olub. 1959-1962-ci illərdə Prezident Ho Şi Minin dəvəti və sovet hökumətinin təklifi əsasında azərbaycanlı rejissor Əjdər İbrahimov Vyetnamda kino məktəbinin yaradılmasında fəal iştirak edib, orada ustad dərsləri keçib və üç film çəkib. O, bu xidmətlərinə görə Vyetnam Sosialist Respublikasının ali “Əmək” ordeni ilə mükafatlandırılıb.
Ölkələrimiz arasında mədəni əlaqələr müxtəlif təşəbbüslər və layihələr vasitəsilə inkişaf etməkdə və möhkəmlənməkdə davam edir.
Dövlətimizin başçısı müsahibəsində qeyd edib: “Məsələn, 2024-cü ildə Bakıda sizin əsgərlərin Vyetnam müharibəsində qəhrəmanlığına həsr edilmiş “Əfsanə yaradanlar” filminin nümayişi oldu. Həmin il paytaxtımızda Vyetnam Lideri Ho Şi Minin Azərbaycana səfərinin 65 illiyi münasibətilə Vyetnam Günləri keçirildi”.
Prezident vurğulayıb ki, Heydər Əliyev Fondu 2018-ci ildə Ha Giang əyalətində ibtidai məktəbin tikintisi də daxil olmaqla, Vyetnamda fəal surətdə layihələr həyata keçirir.
Qeyd edilənlər Azərbaycan və Vyetnam arasında əlaqələrin yüksək səviyyədə olmasını göstərərək Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycan Respublikasına dövlət səfərindən sonra daha da genişlənəcəyinə əminlik yaradır.

Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.