Fiona Hill: Trampın siyasəti ABŞ-nin rəhbərlik etdiyi dünya nizamını pozur
Bu gün, 12:24

İkinci Dünya müharibəsindən sonra ABŞ tərəfindən qurulan və idarə olunan beynəlxalq təhlükəsizlik və maliyyə sistemi "Soyuq müharibə"yə, regional müharibələrə, iqtisadi böhranlara və hətta qlobal pandemiyaya dözdü. Lakin ABŞ prezidenti Donald Trampın keçmiş müşaviri bildirir ki, bu sistem onun dördillik prezidentlik müddətinə davam gətirə bilməyəcək.
Bu barədə Trampın Rusiya üzrə keçmiş müşaviri və hazırda Brukinqs İnstitutunun eksperti olan Fiona Hill AzadlıqRadiosunun "Amerikanın xarici siyasətindəki dəyişikliklər" adlı üç hissədən ibarət seriyası çərçivəsində radioya verdiyi müsahibədə danışıb. "Bu, bizim bildiyimiz beynəlxalq sistemin sonudur. Açığı, bu sistem uzun zamandır ki çökür", - o deyib. "Prezident Tramp artıq bunun (beynəlxalq nizam) üçün nə ödəmək, nə də hətta siyasi liderlik baxımından dəstəkləmək istəyir. Bu, ABŞ-nin xaricdəki təsirinin və gücünün nümayişi ilə bağlı daxili institutlar üçün də keçərlidir".
Qaydalara əsaslanan beynəlxalq nizam ərazi bütövlüyü, kollektiv təhlükəsizlik, insan hüquqları və azad ticarət kimi prinsiplərə əsaslanır. Birləşmiş Millətlər Təşkilatı (BMT), Beynəlxalq Valyuta Fondu və ABŞ-nin üzvü olmadığı Beynəlxalq Cinayət Məhkəməsi kimi qurumlar bu dəyərləri qorumaq və gücləndirmək üçün yaradılıb.
Lakin Ağ evə qayıtdıqdan sonra Tramp bu sistemin artıq ABŞ və amerikalı işçilər üçün işləmədiyini deyir. O, xüsusilə ABŞ-nin iş yerlərinin Çin və digər inkişaf etməkdə olan bazar ölkələrinə itirildiyinə işarə edərək bunun ölkə üzrə şəhər və qəsəbələri boşaltdığını və böyük ticarət defisiti yaratdığını bildirir.
Bütün nöqsanlarına baxmayaraq, bəzi ekspertlər ABŞ-nin rəhbərlik etdiyi cari beynəlxalq sistemin misilsiz qlobal sülh və rifah dövrü gətirdiyini iddia edirlər. F.Hill deyib ki, əgər bu sistem bir şəkildə davam edəcəksə, bu, Avropaya və Asiyaya bağlı olacaq.
Fiona Hill 2017-ci ildə Helsinkidə ABŞ prezidenti Donald Tramp və ABŞ dövlət katibi Mayk Pompeonun yanında.
"Heç vaxt ABŞ-nin Rusiya ilə belə yaxınlaşacağını düşünməzdim"
Brukinqs İnstitutunun ekspertinin sözlərinə görə, bu, Çin də daxil olmaqla, həmin regionlardakı ölkələr üçün "həqiqət anıdır": "Onlar həqiqətən nəyi dəyərləndirirlər? Bu qurumları nə qədər qiymətləndirirlər? Əgər dəyər verirlərsə, məcburiyyət qarşısında qalaraq həmin ölkələr bu institutları dəstəkləmək üçün addım atmalı olacaqlar".
F.Hill Rusiya üzrə aparıcı alim və Rusiya prezidenti Vladimir Putinin bioqrafıdır. O, 2018-ci ildə Helsinkidə Putinlə zirvə görüşündə Trampı müşayiət edib.
Hill sonradan bu görüşü ABŞ üçün "utancverici və alçaldıcı" olaraq xarakterizə edib.
Trampın birinci prezidentliyi dövründə müşavir olan Hill həmçinin 2019-cu ildə Trampın impiçmenti ilə bağlı ilk dinləmələr zamanı Konqres qarşısında ifadə verib. O, hökuməti tərk edəndən bəri Trampın açıq və tanınmış tənqidçisinə çevrilib. Tramp administrasiyası martda F.Hillin təhlükəsizlik icazələrini və məxfi məlumatlara çıxışını ləğv edib.
AzadlıqRadiosu ilə söhbətində F.Hill deyib ki, ABŞ Putinin nəzarətində olan Rusiyanın və Viktor Orbanın nəzarətində olan Macarıstanın trayektoriyasını izləyir. Çünki Tramp icraedici güc üzərində balans və nəzarət funksiyasına malik Konqresi və məhkəmələri kənarlaşdırmağa çalışır. Bu ittiham Trampın başqa tanınmış tənqidçiləri tərəfindən də irəli sürülüb.
"Mən heç vaxt ABŞ-nin Rusiya ilə belə yaxınlaşacağını görəcəyəmi düşünməzdim. Kifayət qədər çox yaxınlaşma var, lakin bu, insanların 1989-cu ildən sonra ola biləcəyini düşündüyü istiqamət deyil", - o, kommunist Şərqi Avropada avtoritar liderləri devirmiş demokratiya inqilablarına istinad edərək bildirib.
"ABŞ qalası" və Ukrayna sülhü
Tramp "Qızıl Qübbə" adlandırılan çoxqatlı raket və hava hücumundan müdafiə təşəbbüsünü irəli sürdükcə və Amerika istehsalını bərpa etmək üçün hərəkət etdikcə, Hill daha geniş strateji dəyişikliyi görür: "Birləşmiş Ştatlar qalası" arxasında qlobal əməkdaşlıqdan geri çəkilmək.
Bu vizyonun mərkəzində Ukraynadakı müharibənin nüvə silahına malik Rusiya ilə geniş bir razılaşma çərçivəsində həlli durur. Rusiya ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq nizamı dəyişdirməyə çalışan rəqibdir. Vəzifəyə qayıtdıqdan sonra Tramp artıq dördüncü ildir ki davam edən müharibəni sona çatdırmağı ən vacib prioriteti adlandırıb və martda dərhal 30 günlük atəşkəs çağırışı edib.
Kiyev ABŞ-nin vasitəçiliyi ilə irəli sürülən təkliflə razılaşıb. Lakin Rusiya prezidenti Vladimir Putin buna razılıq verməyib, onun ordusu döyüş meydanında üstünlüyü qoruyub saxlayır. Hillin sözlərinə görə, bu gecikmə Trampı çətin vəziyyətə salır: "O, günahlandırmağa kimisə axtaracaq. Ancaq Putini günahlandırmaq istəməyəcək".
F.Hillin fikrincə, Tramp yalnız Putin və Çin prezidenti Si Cinpini həqiqi bərabəri - həmyaşıdı hesab edir və bərabər saydığı liderlərdən ona qarşı hörmətsizliyə və ya maraqsızlığa dözümsüzdür: "Putinə daha çox qəzəbləndikcə o, zəif görünməmək üçün Ukraynaya qarşı daha sərt addımlar atmağa meylli ola bilər".
Bu gərginlik fevralda Ağ evdə Tramp və Zelenski arasında keçirilən görüşdə gözə dəyib. Aparılan müzakirələr barədə məlumatlı mənbələr bildirib ki, Tramp Ukrayna prezidentini sülhə həqiqi maraq göstərməməkdə ittiham edib.
Trampın keçmiş müşaviri bildirib ki, Putin döyüş meydanında əlavə qazancların əlçatmaz olduğuna inanmasa, müharibənin bitməsi ehtimalı azdır. Onun fikrincə, bu, ABŞ-nin iştirakından asılı olmayaraq, Qərbin Ukraynaya davamlı hərbi, maliyyə və siyasi dəstəyini tələb edəcək.
Onun sözlərinə görə, uzunmüddətli perspektivdə Ukrayna müharibədən sonra yaranan istənilən Avropa təhlükəsizlik arxitekturasına inteqrasiya edilməlidir. Bununla belə, Tramp strateji geriçəkilmə siyasətini davam etdirdiyi üçün ABŞ-nin gələcəkdə hansı rol oynayacağı qeyri-müəyyən olaraq qalır.
Bu arada F.Hill xəbərdarlıq edib ki, Trampın qlobal institutlara və daxili nəzarət və balans sisteminə artan hücumları ittifaqları zəiflədir və Vaşinqtonun dünya səhnəsində imicini sarsıdır.
"ABŞ qlobal miqyasda etibarını itirib. Bunun çoxu geri qaytarıla bilməz. ABŞ-nin itirdiklərini bərpa etməsi çox uzun zaman alacaq", - o vurğulayıb.
Trampın keçmiş müşaviri əlavə edib ki, çıxarılan dərs kəskindir: "Sizin yüz ildə qurduğunuz 100 gündə dağıdıla bilər".
Bu, ABŞ-nin xarici siyasətində dəyişiklikdən bəhs edən üç hissədən ibarət seriyanın birincisidir. Mayın 16-da növbəti müsahibə Demokratiyaların Müdafiəsi Fondunun qurucusu və prezidenti Klifford D.Mey ilə olacaq.