Etibar Pirverdiyevin nəzarətindən daha bir sahə alındı - Prezident xəbərdarlıq elədi
21-04-2015, 18:07
Prezidenti İlham Əliyevin «Azərenerji”nin önəmli səlahiyyətlərinin yeni yaradılan "Azərişıq” ASC-ə həvalə edilməsi haqqında sərəncamından sonra Etibar Pirverdiyevin ətrafındakı çəmbər sürətlə daralır.
Mia.az xəbər verir ki, enerji sahəsindəki dəyişiklik təkcə strtuktur və mövcud idarəetmə sistemində deyil, həm də kadrlarda özünü göstərməyə başlayıb. Belə ki, «Azərişıq»ın nəzdində yeni regional qurumlar yaradan Baba Rzayev artıq «Azərenerji»nin rəhbəri Etibar Pirverdiyevin kadrlarını da «təmizləməyə» başlayıb:
«Bugünki məlumatdan da gördünüz ki, Baba Rzayev ölkənin şimal zonasının elektrik enerjisini tənzimləyən «Sumqayıt Regional Elektrik» MMC-nin ləğv etməklə yanaşı, sözügedən qurumun rəisi Saleh Məmmədlini də sistemdən uzaqlaşdırdı. Saleh Məmmədli Etibar Pirverdiyevin tələbə yoldaşı və ən sadiq adamlarından idi. Ancaq Baba Rzayev ona da şans tanımadı. Pirverdiyevin kadrlarına qarşı bu proses ayın əvvəlindən sürətlənib və deyə bilərəm ki, xeyli rəis işini itirib. Əminəm ki, proses davam edəcək. Yəni Pirverdiyevin nə qədər inandığı kadrlar varsa, Baba Rzayev hamısını vəzifədən azad edəcək”.
Mia.az xəbər verir ki, «Azərişıq» rəhbəri prezident İlham Əliyevin "Bəzi hallarda mənə yerli icra hakimiyyəti orqanlarının rəhbərləri çox müsbət mənzərə təqdim etməyə çalışırlar. Ancaq reallıq ondan ibarətdir ki, bölgələrdə elektrik enerjisi ilə bağlı vəziyyət istədiyimiz səviyyədə deyil... Rayonlarda, kənd yerlərində bir balaca külək əsən kimi dirəklər aşır, işıq verilməsi dayandırılır. Buna dözmək olmaz. Mən dəfələrlə məsələ qaldırmışdım, demişdim, göstəriş vermişdim ki, gedin bu sahəni düzəldin... Əminəm ki, ”Azərişıq" yaxın zamanlarda bütün şəhər və rayonlarımızda elektrik enerjisi ilə təminatı Bakının səviyyəsinə qaldıracaq", - sözlərindən ruhlanaraq, Etibar Pirverdiyevə qarşı digər radikal addımlarını artırmağa başlayıb:
«Baba Rzayev prezidentin yuxarıda qeyd edilən çıxışını özünə qalxan edərək, Etibar Pirverdiyevin mövqelərini «qılınc»dan keçirməyə davam edir. Təsadüfi deyil ki, «Azərişıq» ASC artıq Etibar Pirverdiyevin nəzarətində olan «Azenco» ASC ilə əməkdaşlığı da nəzərdən keçirməyə başlayıb. Belə ki, Baba Rzayev «Azərişıq» ASC-yə qədər "Azenco” ASC-nin sərəncamında olan rayon şəbəkələrinin aşağıgərginlikli elektrik xətlərinin çəkilişi və digər pullu sahələri də indi tamamilə öz səlahiyyətlərinə keçirib. Buna qədərsə bu işləri Pirverdiyevə məxsus olan «Azenco» həyata keçirirdi. Belə getsə, Baba Rzayev Etibar Pirverdiyevi yüksəkgərginlikli elektrik xətlərinin çəkilişi və bərpası sahəsindən də tamam ilə uzaqlaşdıracaq”.
Məlumata görə, Baba Rzayev Etibar Pirverdiyevin nəzarətində olan «Sumqayıt Texnopark»ın istehsal etdiyi məhsullarla bağlı da narazılığını ifadə edib:
«Hələlik bu barədə dəiqləşdirilməmiş faktı açıqlamaq istəmirəm. Ancaq bilin ki, burada istehsal olunan məhsulların keyfiyyəti də Baba Rzayevi qane etməyib və o, Pirverdiyevi bu məsələdə də "dolaşdıracaq...””.