Futbolçunun qətlində şok faktlar: - “Oğlumun qanı yerdə qalmayacaq”
21-04-2015, 18:13
“Heç bilmirəm niyə belə oldu? Qəfildən oğlumun ölüm xəbərini eşitdik. Bir ata üçün oğlunun ölüm xəbərini eşitmək çox ağırdır”.
Bunu AzVision.az-a açıqlamasında Rusiyanın Yekaterinburq şəhərində ermənilər tərəfindən qətlə yetirilən 27 yaşlı azərbaycanlı futbolçu Emil Hüseynovun atası Hüseyn Hüseynov deyib.
Oğlu öldürülən ata bildirib ki, Emilin qanı yerdə qalmamalıdır: “Oğlum çox yaxşı insan idi. Sakit idi, heç kimin xətrinə dəyməzdi. Hamı onun başına and içirdi. İndi onu torpağa tapşırıb gəlirəm. Allah Emilimə rəhmət eləsin. Oğlumun qanı yerdə qalmamalıdır, qalmayacaq da. O, çox mərd oğlan idi. Bu mənim üçün çox ağırdır. Oğlumun necə öldürüldüyünü bilmirəm. Bircə onu bilirəm ki, Emilim indi yoxdur. Həmin vaxt oğlumun yanında əmisioğlu Ceyhun olub. O, hər şeyi bilir”.
Daha sonra Emil Hüseynov qətlə yetirilən zaman onun yanında olan əmisi oğlu Ceyhun Hüseynovla əlaqə saxladıq.
O, qohumu E. Hüseynovun ermənilər tərəfindən qətlə yetirilməsindən danışıb: “Mən hadisə baş verən yerdə olmuşam. Emil bazar günü başqa yerə getməli idi. Kafe bağlanana yaxın 5 erməni ora daxil oldu. Ermənilər ora yeyib-içmək üçün gəlməmişdilər. Sərxoş idilər. Həmin vaxt kafedə 3-cü dəfə Azərbaycan mahnsı çalınırdı. Bu zaman həmin ermənilər kafedə oturan azərbaycanlını söhbət etmək adı ilə çölə çıxardılar. Onlar kafedən bir az uzaqlaşmışdılar. Emil də kafedə idi. Birdən o söhbətdən xəbər ona getdi. Həmin vaxt ermənilər azərbaycanlı ilə dava edirdilər. Emil tez azərbaycanlını döyən ermənini qırağa çəkdi və onu vurdu. O, biri ermənilər isə birləşərək Emilin üstünə gəldilər. Ermənilərdən biri əlindəki bıçağı Emilin ürəyinə vurdu, digərləri isə onun sol qolunu iki yerdən doğrayıblar. Bir dəfə də iki-üç erməni Emillə mübahisə etmişdilər. Amma onların mübahisələri indiki kimi olmamışdı”.
Ceyhun Hüseynovun sözlərinə görə, Emil canlara dəyən bir oğlan idi. “O, ürəyimizin bir parçası idi. Heç kəslə işi yox idi. Emil haqqında heç vaxt pis bir şey demək olmaz. O, özü işi ilə məşğul idi. Başını aşağı salıb çörək pulunu qazanırdı. O, Rusiyaya çörək pulu qazanmaq üçün getmişdi. Evli deyildi. 26 iyulda onun 27 yaşı olacaqdı”.
Qeyd edək ki, E. Hüseynov aprelin 19-da səhər saatlarında Yekaterinburqda kafelərin birində baş vermiş insident nəticəsində bıçaqlanaraq qətlə yetirilib. Araşdırma zamanı məlum olub ki, həmyerlimizi bıçaqlayan milliyyətcə erməni Tiqran və Andranik Çiçakyan qardaşlarıdır. Hüquq-mühafizə orqanları ilkin olaraq qətldə iştirak edən 5 nəfəri saxlayıb.
Bir nəfər barəsində isə axtarış verilib. Saxlanılan digər şəxslərin və hadisə şahidlərinin dindirilməsi davam edir.