Kayf altında müharibə: şiələr tonlarla həşişi İŞİD-ə necə satır... - İlginc

23-04-2015, 14:39           

“İslam Dövləti” (İŞİD) yaraqlılarının mürtəd və kafir hesab etdikləri şiələrin başlarını necə kəsdiklərinə dair dəhşətli videokadrları internetdə istənilən qədər tapmaq olar.

İraq və Suriyada davam etməkdə olan, getdikcə daha çox sünni-şiə qarşıdurması mahiyyəti kəsb edən qanlı müharibənin gedişində İŞİD-çilərin əllərinə keçən şiələri ucdantutma qırırlar, çünki onları müsəlman hesab etmirlər və ən qatı düşmənləri siyahısına daxil ediblər.

Bəs bu qatı düşmənçilik, tərəflərin hər fürsətdə bir-birinin boğazını üzməsi pul məsələsində də işləyirmi?

Belə məlum olur ki, yox. Pulun təsir gücü hər cür məzhəbdən, dindən ötədir və ABŞ-ın “The Daily Beast” nəşrinin əməkdaşları buna bir daha əmin olublar.

Virtualaz.org saytı xəbər verir ki, Amerika nəşri şiələrlə İŞİD arasında narkotik alverini araşdırıb və maraqlı detallar əldə edib. Livanın Suriya ilə həmsərhəd Bekaa vadisində şiələrin narkotik plantasiyaları var və onlar yetişdirdikləri məhsulu İŞİD-ə satırlar.

Nəşr yazır ki, cihadçılar və Əsədin şiələrdən ibarət tərəfdaşları bir-birləri ilə nə qədər amansızcasına döyüşsələr və yolüstü astronomik sayda mülki sakinləri qətlə yetirsələr də bu, onların ortaq biznesinə mane olmur.

Bekaa vadisinin sıra dağlarının qarlı yamacları bitən kimi nəşə plantasiyaları başlayır. Bu plantasiyaların sahibi kasıb şiə kəndlilərdir. Onlar təbii ki, Bəşər Əsədə simpatiya bəsləyirlər. Ancaq biznes biznesdir.

Şiələrin özlərinin dediyinə görə, onlar öz məhsullarını İŞİD döyüşçülərinə satırlar. İŞİD-çilər isə nəinki bu məhsuldan özləri çəkib kayf altında döyüşə yollanır, həm də onunla alver edir, əldə etdikləri gəlirdən öz vəhşiliklərini maliyyələşdirir.

“Ötən ay İŞİD tonlarla həşiş aldı” - Bekaa vadisini Suriyadan ayıran Kalamun dağ aşırımında 15 hektarda kannabis əkib-becərən “İmad” adlı (həbs olunmaqdan qorxaraq əsl adını demir-red.) şiə bildirir.

O, 6 uşaq atasıdır, “Hizbullah” sıralarında Suriyada İŞİD-ə qarşı döyüşüb. Sərhədyanı Arsala qəsəbəsində İŞİD-çilərin əsir aldığı və başlarını kəsdiyi livanlı əsgərlərdən biri onun qohumu olub. Bu qəsəbədə İŞİD-çilər yüzlərlə şiəni qətlə yetirib, zorlayıb və əsir alıb. Ancaq bütün bunlar İmada və onun qonşularına “xilafətdən” gələn “müqəddəslərə” narkotik, o cümlədən özlərinin dediyi kimi “koks və tabletkalar” satmaqda mane olmur.

Təəccüblü deyil ki, Əsədin döyüşçüləri də kayf altında döyüşməyi xoşlayır və Livandan gətirilən narkotikin alverinə qarşı deyillər.

“Biz Suriya ordusunun döyüşçülərinə də nəşə satırıq” - “İmad” bu mövzuya keçərkən açıq-aşkar qorxaraq bildirir.

“Ancaq cüzi, hər dəfə cəmi bir neçə kiloqram”- kəndli əlavə edir.

İmad yaşıl kamuflyajda gəzir və İŞİD-ə nifrət edir, and içir ki, qohumunun başını kəsənləri tapıb öldürəcək. Ancaq yuxarıda deyildiyi kimi, biznes biznesdir.

Müharibə Liviyada yetişdirilən narkotikin Suriya üzərindən İordaniya və Türkiyə bazarlarına çıxarılmasını əngəlləyib, nəticədə şiələr məhsulu İŞİD-ə satırlar.

“Müharibəyə qədər biz bu dağlardan bir dəfəyə 200 kiloqram həşiş keçirirdik, satıb pulla geri qayıdırdıq”- İmad deyir.

İndi isə Suriyaya ixrac olunan narkotikin müştəriləri İŞİD və Əsəd ordusudur.

Lakin Bekaa vadisində rəqiblər də peyda olur. İŞİD və “əl-Qaidə” ilə bağlı olan “ən-Nüsra Cəbhəsi” də bu ərazilərdə kannabis yetişdirməyə başlayıblar. Nəticədə gəlirlər də azalıb.

Bölgənin iri həşiş ixracatçılarından olan, özünü “Əbu Hüseyn” kimi təqdim edən narkobaron deyir ki, məhsul boldur, alan isə azdır: “Bu mövsüm məhsul bol oldu, ancaq satışla bağlı problemlər çıxdı”.

“Əbu Hüseyn” Bekaa vadisindəki 20 minlik Brital şəhərində yaşayır. Bu şəhər Livan cinayətkar aləminin mərkəzidir. Əhalisi əsasən şiələrdən ibarət olan bu şəhər narkotik və silah alverinin mərkəzi hesab edilir.

İŞİD-i isə buralarda xoşlamırlar. Şəhərin girişində “Hizbullah” lideri Həsən Nəsrallahın böyük portreti var. Ötən il İŞİD şəhərə hücum etsə də “Hizbullah” onları geri oturdub.

Divanda yayxanıb oturan Əbu Hüseyn deyir ki, builki məhsuldan 200 milyon dollar gəlir gözləyir. Bu gəlirin böyük hissəsi 100-ə yaxın topdansatıcının cibinə gedəcək. Daha sonra həşiş küçələrdə parakəndə qiymətə satılacaq. Əbu Hüseyn məhsulun böyük hissəsinin şiə kəndlilər tərəfindən becərildiyini gizlətmir, ancaq deyir ki, sünni kəndlərində də həşiş becərirlər. Plantasiyalarda işləmək üçün Suriya qaçqınlarında fəhlələr də cəlb olunur.

Müharibəyə qədər Bekaa vadisindən məhsulu Suriyaya, Türkiyəyə, İordaniyaya, Fars körfəzi ölkələrinə, Səudiyyə Ərəbistanına satırdılar. Əbu Hüseyn deyir ki, İsrailə də nəşə satılırdı. Həşişi bu ölkəyə ya İordaniya üzərindən, ya Livanla İsrail arasındakı hasarın üstündən keçirirlər. Əvəzində o tərəfdən pul bağlamasını atırlar.

Kəndlilərə isə gəlirin az hissəsi çatır. İmad deyir ki, bu il hektardan cəmi 4 min dollar gəlir əldə edib, yəni gəliri 60 min dollar olub. Deyir ki, küçədə həşişi 16 dəfə baha satırlar. İmad kartof və ya tərəvəz işinə keçməyə hazırlaşmır. Bildirir ki, kartof əkməyi sınaqdan keçirib, ancaq 60 min dollar ziyana düşüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.