Haaqada İrəvana təzminat davası: söhbət 100 milyardlardan gedir - Hələ GEC QALMIŞIQ...
Bu gün, 12:28
Ermənistanla Azərbaycan arasında sülh sazişi layihəsi müzakirə olunmaqdadır. Tərəflərin son açıqlamalarından bu qənaətə gəlmək olar ki, layihənin böyük bir hissəsi razılaşdırılıb. Ancaq Ermənistanda və bir sıra xarici ölkələrdə, o cümlədən ABŞ və Fransada ölkəmizə qarşı bir sıra əsassız tələblər səsləndirilir.
Məsələn, ABŞ Konqresindəki erməni lobbisinin təmsilçiləri “artsax gəlirlərinin bərpası aktı”nın qəbul edilməsinə dair təklif irəli sürüb. “Artsax gəlirlərinin bərpası aktı”nı Bakıdan qovulan Frank Pallone, Anna Eşo, Set Maqaziner, Ceyms Makqovern, Qreys Napolitano, Linda Sançez, Dina Titus kimi ermənipərəst konqresmenlər dəstəkləyib. Bu səbəbdən Azərbaycan da torpaqlarımızı 30 il işğal altında saxlayan və həmin ərazilərdə, sözün əsl mənasında, ağır cinayətlər törədən bir ölkədən təzminat tələb etməlidir. Prezident İlham Əliyev dəfələrlə Ermənistanın işğalı nəticəsində Azərbaycana dəymiş ziyanın ödənilməsi ilə bağlı hüquqi addımların atılacağını bəyan edib.
Bunun bir nümunəsi olaraq, Azərbaycan noyabrın 19-da Ermənistana qarşı Daimi Arbitraj Məhkəməsinə (Haaqada yerləşən) Azərbaycanın enerji resursları üzərində suveren hüquqlarının Ermənistan tərəfindən çoxsaylı pozuntuların təfərrüatını əks etdirən əsas iddia sənədini təqdim edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Məlumata əsasən, sənəd Enerji Xartiyası Müqaviləsi çərçivəsində və beynəlxalq hüququn əsas prinsiplərinə uyğun olaraq təqdim edilib. Qeyd olunub ki, Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 30 ilə yaxın qanunsuz işğalı zamanı Azərbaycanın bu ərazilərdə öz enerji resurslarına çıxışına və ya onların inkişaf etdirilməsinə mane olub. Bunun əksinə, Ermənistan həmin resurslardan öz mənfəəti üçün istifadə edib.
Bunlara Ağdərə rayonundakı Sərsəng Su Anbarında yerləşən Tərtər Su Elektrik Stansiyası, İranla sərhəddə, Azərbaycanın keçmiş işğal olunmuş Cəbrayıl rayonunda yerləşən Xudafərin və Qız Qalası su elektrik stansiyaları layihələri, həmçinin əvvəllər istifadə olunmamış enerji potensialı, hidroenergetika daxil olmaqla bərpa olunan enerji mənbələri, habelə digər resurslar daxildir. Ermənistan tərəfi qanunsuz işğal dövründə Tərtər Su Elektrik Stansiyasını istismar edən qurumları lisenziyalaşdırıb və tənzimləyib, bu enerji mənbəyini qanunsuz olaraq öz daxili elektrik şəbəkəsi ilə əlaqələndirib və əlavə enerjini daxili enerji istehlakı üçün Ermənistana yönləndirib. Bundan əlavə, Ermənistan Azərbaycanın Xudafərin və Qız Qalası layihə sahələrinə girişinə mane olmaqla bu mühüm hidroenergetika layihələrinin tamamlanmasını 30 il gecikdirib və Azərbaycanın bərpa olunan enerji sektorunun inkişafına maneçilik törədib.
XİN-in məlumatında vurğulanıb ki, Azərbaycan öz enerji resursları üzərində suveren hüquqlarının Ermənistan tərəfindən pozulması, o cümlədən işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji mənbələrinin Ermənistan tərəfindən qanunsuz istismarına və zərər vurulmasına görə təzminat tələb olunması fəaliyyətini davam edəcək.
Yada salaq ki, vaxtilə İraqın Küveytə hücumu nəticəsində dəymiş zərərlə bağlı İraq təzminat ödədi. Eləcə də İkinci Dünya müharibəsi dövründə Almaniya bir çox dövlətlərə təzminat ödəyib. İlkin hesablamalara görə, Azərbaycana vurulan zərər 100 milyardlarla hesablanır. XİN-in son açıqlamasından da bəlli olur ki, Azərbaycan bu təzminatı Ermənistandan mütləq və qəti surətdə tələb edəcək.
Hüquqşünas Qulamhüseyn Əlibəylinin “Yeni Müsavat”a bildirdiyinə görə, Ermənistan həmişə sözünü dəyişən və öhdəliklərdən yayınan dövlətdir. O, Ermənistanın da Azərbaycana qarşı iddia qaldırdığını qeyd edərək, hər bir halda Bakının beynəlxalq məhkəməyə müraciətini labüd hesab edir: “Biz dəymiş zərəri hesablamışıq və Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət etməklə göstəririk ki, bu məsələni unutmuruq, unutdurmuruq və Ermənistanın 30 il enerji resurslarımızı istismar etməsi faktını beynəlxalq məhkəmələr qarşısında diqqətdə saxlayırıq”. Hüquqşünas onu da deyir ki, məhkəmənin qərarından asılı olmayaraq, sülh müqaviləsi imzaladıqdan sonra işğalçı dövlətdən təzminat almaq mümkündür: “Yəni Arbitraj Məhkəməsinin qərarını gözləmədən də sülh sazişinin ardınca kompensasiya almaq mümkündür. Bu, iki dövlət arasında həll edilə bilər. Hər halda, biz iddia qaldırmışıq, cavab gözləyirik. Sadəcə, beynəlxalq məhkəmələr siyasiləşiblər və bir çox hallarda Ermənistanın tərəfini saxlayırlar”. Q.Əlibəylinin sözlərinə görə, Ermənistana qarşı beynəlxalq məhkəmələrdə bir neçə iddia qaldırılıb və işğalçı tərəf təkcə enerji resurslarımızı deyil, Qarabağdakı bütün sərvətlərimizi talayıb, azərbaycanlıların əmlaklarına ziyan vurub, mədəni irsimizi dağıdıb, ibadət evlərini, mədəniyyət ocaqlarını söküb: “Ona görə də dəyən zərərin məbləği çox böyükdür. Burada maddi-mənəvi zərər var və Azərbaycan öz haqqını almaq üçün beynəlxalq müstəvidə mübarizəsini davam etdirməlidir. İlkin qiymətləndirmələrə görə, Ermənistanın Azərbaycana vurduğu zərərin qiyməti 800 milyard dollardan çoxdur. 44 günlük müharibədən sonra azad olunan ərazilərdəki vəziyyət zərərin nə qədər böyük olduğunu göstərir. Hazırda Ermənistanın Azərbaycana vurduğu maddi-mənəvi ziyanlarla bağlı BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində bir neçə işə baxılır”.
Maliyyə naziri Samir Şərifov bu il sentyabrın 27-də jurnalistlərə açıqlamasında bildirib ki, 2020-ci ildən başlayaraq, 2024-cü il də daxil olmaqla, dövlət büdcəsindən işğaldan azad edilmiş torpaqlarda bərpa-quruculuq məqsədləri üçün 17,5 milyard manata yaxın vəsait ayrılıb. Onun sözlərinə görə, 2025-ci ildə 4 milyard manat məbləğində vəsait ayrılması nəzərdə tutulur. Bu, 2025-ci ilin dövlət büdcəsi xərclərinin 10,1 faizi deməkdir. Aydındır ki, Azərbaycanı bu xərci çəkməyə vadar edən işğalçı Ermənistandır. Ona görə də İrəvan zəhmət çəkib, həmin xərcləri təzminat şəklində ödəməlidir. Bu mənada Azərbaycanın beynəlxalq məhkəmələrə müraciət etməsi tamamilə doğru və qanunidir. İrəvan hər bir sahə üzrə ölkəmizə vurduğu ziyanın əvəzini qarşılamalıdır.