“Bandotdel”in “Nurgün” əməliyyatı – Avtosalon rəhbərləri tutuldu
27-04-2015, 11:19
Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (“Bandotdel”) Bakıda avtomobil satış mərkəzləri və salonlarında gizli əməliyyat keçirib.
AzNews.az xəbər verir ki, əməliyyat nəticəsində 10-dan artıq şəxs tutulub. Məlumata görə, əməliyyata səbəb salonlarda keyfiyyətsiz avtomobillərin satılması, müştərilərin aldadılması ilə bağlı çoxsaylı şikayətlərin edilməsi olub. Şikayətlər əsasən suya düşmüş, istifadəsi təhlükəli olan avtomobillərin və işlənmiş (ikinci əl) avtomobillərin yürüşünün (“probeq”) aşağı salınaraq baha qiymətə satılması ilə bağlı olub.
“Bandotdel” əməkdaşlarının əməliyyatı zamanı Babək prospektində olan bəzi avtomobil satış mərkəzlərində bu fakt təsdiqini tapıb. Məlum olub ki, avtosalonlar dələduzluq yolu ilə insanlardan xeyli pul mənimsəyirlər, onlara maddi ziyan vururlar.
Elə buna görə də, “Nurgün Motors”un bəzi salonlarının, eləcə də “Avto Line”, “Avto Qalareya”, “Avto Murad” və digər salonların rəhbərləri, eləcə də bəzi əməkdaşları saxlanılaraq “Bandotdel”ə aparılıb.
Onların bəzilərinə işgəncələr verildiyi bildirilir.
Salon rəhbərləri isə belə bir əməliyyatın hansısa şikayətlərin olmasının deyil, onlardan tələb olunan rüşvəti vermədiklərininə görə keçirildiyini iddia edirlər.