Azərbaycan paytaxtı üçün həyəcan təbili çalınmağa başlayıb.
18-01-2016, 13:32
Azərbaycan paytaxtı üçün həyəcan təbili çalınmağa başlayıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbərdarlıq edir ki, iri şəhərlərdə havanın çirklənməsi üzündən insan sağlamlığı üçün mövcud olan risklər böhran həddinə çatıb.
ANS PRESS-in məlumatına görə, ÜST-nin bu açıqlanması dünyanın 2 min iri şəhərində ekoloji vəziyyətin öyrənilməsindən sonra verilib. Məlumatlara görə, bu şəhərlərdə havanın kirlənməsi yolverilən standartları aşır.
ÜST ekspertlərinin fikrincə, tezliklə Yer sakinləri erkən ölüm problemi ilə üz-üzə qala bilərlər. Həmçinin müxtəlif ölkələrin hökumətləri vətəndaşların ürək və yaşa görə əqli çatışmazlıq probleminin həlli üçün vəsait axtarmalı olacaqlar.
Təşkilatın hava çirklənməsinə həsr etdiyi xüsusi bülletendə dərc olunmuş məqalədə bildirilir ki, ÜST-nin göstəricilərinə görə, dünya üzrə hər 8 ölümdən biri havanın çirklənməsi ilə bağlıdır. Bu cür xəstəliklər arasında aparıcı yerdə insult və ürək xəstəlikləri gəlir.
İri şəhərlərdə havanın çirklənməsi böhran həddinə çatıb
ÜST-nin dünyanın müxtəlif ölkələrində apardığı araşdırmaya görə, böyük şəhərlə ətraf mühitdən fərqli olaraq daha çox istilik istehsal edir və özündə saxlayır. Bu isə iqlim dəyişikliyinə səbəb olur. Bu effekt xüsusilə Çində özünü göstərir. Çinin ekoloji sağlamlıq üzrə milli tədqiqat institutunun rəhbəri Cin İnqlonqun sözlərinə görə, şəhərlərdə havanın istiləşməsi vaxtsız ödümləri və xəstəlikləri sürətləndirəcək.
Bu kiçik yaşlı uşaqlara və yaşı 60-ı keçmiş insanlara xüsusi təsir edir. “Biz Çinin dörd şəhərində bu yaxınlarda araşdırma apardıq və temperaturun yüksəlməsi ehtimalını modelləşdirdik. Tədqiqat göstərir ki, maksimum temperaturun orta hesabla 1 dərəcə artması ürək-damar, metoblik və endokrin pozuntuların nəticəsində yaranmış diabet kimi xəstəliklərin ölüm göstəricisi metobolik durumdan asılı olaraq 12,5%-dən 31,9%-ə kimi artır”,- deyə rəhbəri Cin İnqlonq bildirir.
İqlimin dəyişməsi bəzi yolxucu xəstəliklərin də artmasına səbəb olur. DST mənzil qərərgahında iqlim dəyişmələri və sağlamlıq qrupuna rəhbərlik edən doktor Diarmid Kampbel-Lendrumun sözlərinə görə, iqnlim dəyişməsi həşəratların populyasiyasını dəyişir, malyariya və denge qızdırması kimi xəstəliklərin yayılmasına səbəb olur.
Azərbaycanda şəkərli diabet xəstələrinin illər üzrə sayı (nəfər)
Mənbə: Dövlət Statistika Komitəsi
Azərbaycan həkimləri arasında Bakının havası barədə də həyəcan doğuran ifadələr səsləndirilir. Onlar son 15 ildə Azərbaycanda şəkərli diabet xəstələrinin sayının 5 dəfəyə qədər artmasını məhz hava ilə izah edirlər. Bu iddialara görə, Bakı havasında oksigenin 18%-ə düşüb və s. Orta məktəb kitablarından atmosferin 78%-nin azot, 21%-nin oksigen, 1%-ə qədərinin isə karbon qazı və digər qazlar olduğunu öyrənmiş sadə vətəndaşlar isə bunu eşidəndə narahat olurlar.
Lakin Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Vətəndaş Şurasının sədri, ekoloq Telman Zeynalov ANS PRESS-ə müsahibəsində bu cür iddiaları əsassız adlandırıb: “Atmosferdə oksigenin payı heç vaxt azala bilməz. Bu cür nağılları danışmasınlar, havada daima mübadilə gedir. Oksigendə cüzi azalma olsa bəşəriyyət məhv olar. Amma lokal yerlərdə smoq, yəni his və tüstüdən ibarət qatı duman adamlara narahatlıq yaradır. Smoqun əsas səbəbkarı avtomobillərdən qalxan tüstüdür. Son 30 ildə Bakının əhalisi 3 dəfə artıb. Vaxtılə 1,5 milyon adamın yaşadığı şəhərdə 4,5 milyon adam yaşayır, avtomobil sayı da bir neçə dəfə artıb”.
Telman Zeynalovun fikrincə, yaranmış vəziyyət şəhər sakinlərini daha fəal həyat sürməyə vadar edir: “Daha çox açıq havada vaxt keçirmək lazımdır. Avtomobil yollarından uzaq durmaq daha məsləhətlidir”.
Ekoloqun fikrincə, şəhərdə havanın təmizliyinin də qayğısına qalmaq lazımdır. Bunun üçünsə kefiyyətli yanacaqdan istifadə edilməlidir.
Bunlar öz yerində, amma Azərbaycanın proporsional inkaşafı barədə də düşünməyə ehtiyac var. Hökumət ölkə əhalisinin yarısını Bakıya və Abşeron yarımadasına yığmaqdansa, Gəncə, Naxçıvan, Lənkəran, Quba və Şəki kimi tarixi mərkəzlərində də inkişafı barədə düşünməlidir. Bu şəhərlərdə sənayenin inkişafı paytaxtın üzərinə düşən yükü xeyli azalda bilər.
Həmçinin, Mərkəzi Aranda aqrar sektora sərmayələrin artırılması ilə bu regionlardan paytaxta axını dayandırmaq olar. Əks halda, Bakıda bəzi inkişaf etməkdə olan ölkələrin, xüsusilə Çinin böyük şəhərləri kimi ciddi problemlə üz-üzə qalacaq.