Sərxoş halda polisə müqavimət göstərən bələdiyyə sədri istefa verdi - Neftçalada
18-01-2016, 21:32
Neftçalada sərxoş halda polisə müqavimət gösətən 76 yaşlı bələdiyyə sədri vəzifəsindən gedib.
Virtualaz.org saytının əldə etdiyi məlumata görə, Neftçala rayon Yeni Qışlaq bələdiyyəsində sədr İmanxan Orucovun vəzifəli şəxsə yaraşmayan hərəkətləri müzakirə olunub.Toplantının sonunda inzibati hüquq pozuntusu törətmiş İmanxan Orucovun istefası qəbul edilib və yeni sədr seçilib.
Xəbər verdiyimiz kimi, 1940-cı ildə anadan olmuş Orucov İmanxan İsbər oğlu bu il yanvar ayının 9-da özünə məxsus "Mitsubişi" markalı, dövlət nömrə nişanı 47 BD 506 olan avtomobili sərxoş vəziyyətdə idarə edərkən Neftçala Rayon Polis Şöbəsinin DYP müfəttişləri tərəfindən saxlanılıb. Amma bələdiyyə sədri onu saxlamış DYP işçilərinə müqavimət göstərərək, sərxoşluq vəziyyətinin müayinəsindən boyun qaçırıb.
Hadisə yerinə çağrılmış post-patrul xidmətinin əməkdaşları İmanxan Orucovu Neftçala Rayon Polis Şöbəsinə gətirdikdən sonra həkim müayinəsi aparılıb və onun içkili vəziyyətdə olduğu təsdiqlənib.
Virtualaz.org saytının əldə etdiyi məlumata görə, bələdiyyə sədri barəsində toplanmış inzibati xəta tərkibli material (maddə 156.1) hüquqi qiymət verilməsi üçün Neftçala Rayon Məhkəməsinə göndərilib. Hazırda iş məhkəmənin icraatındadır.
Onu da qeyd edək ki, yerli polis şöbəsi İmanxan Orucovun bu qanuna zidd əməli barədə Neftçala Rayon İcra Hakimiyyətinə də təqdimat göndərmişdi.