Əhəd Abıyev hamıya qalib gəlmək üzərədir... - Bakı meri postu uğrunda savaş bitir
22-01-2016, 17:30
Hazırda Daşkəsən rayonuna rəhbərlik edən keçmiş deputat Əhəd Abıyevin Xətai rayonuna - icra başçısı Razim Məmmədovun yerinə təyin olunacağı xəbəri az qala 2 il əvvəl dövriyyəyə buraxıldı. Lakin təsdiqlənmədi və nəticə göz qabağındadır. Hər iki icra başçısı yerində qaldı. Amma sonradan yenidən eyni "ssenariyə qayıdıldı... Əhəd Abıyevi Razim Məmmədovun yerində "görmək istəyənlər" yenə də eyni şəkildə informasiya buraxdılar. Təxminən 5-6 ay əvvəl... Yenə də xəbərlər özünü doğrultmadı...
Bütün bunları xatırlatmağımız səbəbsiz deyil. DİA.AZ-a danışan məlumatlı mənbə iddia edir ki, prezidentin şəxsi mühafizə idarəsinin rəisi general Bəylər Əyyubovun çətiri altında olan Əhəd Abıyev əslində, çoxdan Xətainin icra başçısı olmalı idi. Sadəcə olaraq, mətbuatın "planları" qabaqlaması... baş verəcəklərdən imtinaya nədən olub.
Mənbə dia.az-a bildirir ki, amma buna rəğmən Əhəd Abıyevin Bakıya gəlişi gözlənilir. Qaynağın söylədikləri:
"Yaxın günlərdə Əhəd Abıyev Hacıbala Abutalıbovun yerinə təyinat ala bilər. Hələlik hakimiyyət kuluarlarında gəzən söhbətdir. Amma kifayət qədər əsası var. Bəylər Əyyubov yuxarı eşalonda kifayət qədər etimad sahibi olan fiqurdur. Bu da yetərli faktor kimi qeyd oluna bilər".
Onu da bildirək ki, Əhəd Abıyevlə bu məsələni danışma cəhdlərimiz gün boyunca uğursuz olub. Amma yenə də hörmətli başçının fikirlərini dnləməyə hazırıq...