Deputatın şirkətində 63 yaşlı fəhlə 4 mərtəbədən yıxılıb öldü - Foto

23-01-2016, 09:50           
Deputatın şirkətində 63 yaşlı fəhlə 4 mərtəbədən yıxılıb öldü - Foto
Bakıda fəhlə işlədiyi tikintinin 4-cü mərtəbəsindən yıxılaraq ölüb.

Bədbəxt hadisə ötən axşam paytaxtın Sabunçu rayonu ərazisində, Əslidar Məmmədəliyev küçəsində baş verib. Həmin ünvanda 67 saylı tam orta məktəb üçün əlavə korpus tikilir.

Tikintidə fəhlə işləyən 63 yaşlı Zakir Sibili 4-cü mərtəbədən yıxılıb. Ağır yaralanan fəhlə iş yoldaşları tərəfindən 3 saylı Şəhər Klinik Xəstəxanasında çatdırılıb. Yaralı dərhal əməliyyata alınıb. Həkimlərin səyinə baxmayaraq, ağır kəllə-beyin travması alan və daxili qanaxma diaqnozu qoyulan Zakir Sibilinin həyatını xilas etmək mümkün olmayıb və o, əməliyyat zamanı dünyasını dəyişib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.

Qeyd edək ki, məktəb binasının tikintisi Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin sifarişi ilə həyata keçirilir. Tikintini "Azəraqrartikinti” şirkəti aparır. Tikinti işlərinə 2014-cü ilin oktyabrında başlanılıb və bina ötən il sentyabrın 1-də təhvil verilməliydi. Lakin tikinti vaxtında başa çatdırılmayıb. Ona görə də fəhlələr gecə saatlarına qədər çalışdırılır.

Əlavə edək ki, "Azəraqrartikinti” şirkəti Milli Məclisin deputatı Ağalar Vəliyevə məxsusdur. (Musavat.com)















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.