`25 mindən çox iş yeri bağlanıb` - Nazir
26-01-2016, 15:05
`Prezidentin xüsusi sərəncamı oldu və ünvanlı sosial yardımla bağlı daha 20 milyon manat vəsait ayrıldı. Bu gün bizim ünvanlı sosial yardım təyin etdiyimiz ailələrin xüsusi çəkisi 5,1 faizdir. Ayrılan 20 milyon manat hesabına ünvanlı sosial yardım alan ailələrin xüsusi çəkisinin 6 faizə qədər genişləndirilməsi nəzərdə tutulur`.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. O bildirib ki, hazırda əhalinin sosial müdafiəsi mərkəzlərinə müraciət etmiş 22 minə qədər ailə var: “Keçən həftənin əvvəlindən böyük sayda müraciət olan rayonlara mərkəzdən əməkdaşlarımızı ezam etmişik. Onlar ayrı-ayrı rayonlarda bu məsələni yerində araşdırırlar. Məsələn, tək Yardımlı rayonunda 1183 ailə müraciət edib. Halbuki Yardımlı rayonu ünvanlı sosial yardım alan ailələrin xüsusi çəkisinə görə birinci yeri tutur. Amma yenə də müraciət edənlərin sayı çoxdur. Bu da həmin rayonda istehsal sahələrinin azlığı ilə bağlıdır. Bir sıra belə rayonlar var. Burada ən ciddi məsələlərdən biri şəffaflığın artırılmasıdır”.
S. Müslümov qeyd edib ki, bu sahədə şəffaflığın artırılması, məmur-vətəndaş əlaqələrinin minimuma endirilməsi ilə bağlı dövlət başçısı keçən ilin fevral ayında xüsusi fərman imzalayıb: “Həmin fərmanın icrası ilə bağlı son tamamlama işi gedir. Yəqin ki, bu günlərdə Nazirlər Kabineti yeni qaydaları təsdiqləyəcək. Çünki dünən artıq biz sonuncu varianta baxdıq və razılığımızı bildirdik. Həmin qərar qüvvəyə minəndən sonra artıq yerlərdə insanların ünvanlı sosial yardım üçün ayrı-ayrı ailələr adından elektron müraciət etməsi mümkün olacaq. Sistem buna avtomatlaşdırılmış şəkildə baxacaq və ötürəcək. Beləliklə, məmurların ayrı-ayrı ailələrin sosial yardım almaq hüququ və həmin hüquq varsa, sosial yardımın məbləğinin müəyyənləşdirilməsi üzrə imkanları və hüquqları itəcək”.
Səlim Müslümov həmçinin deyib ki, keçən ilin əvvəli ilə müqayisədə bu ilin əvvəlinə təəssüf ki, tikinti sektorunda 25 mindən çox iş yeri bağlanıb: `Dövlət başçısı həmin sahələrdə iş yerlərinin sürətlə bərpa olunması barədə göstərişlər verib. İnfrastruktur layihələri yenə də genişləndiriləcək, bu da arxasınca digər sahələri çəkəcək`.