Bakıya mal əti adı altında at əti gətirilirmiş
27-01-2016, 15:19
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti və DİN-nin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taborunun əməkdaşları təhlükəsizliyi şübhə doğuran ət və ət məhsullarının satışının qarşı alsını almaq məqsədi ilə reydlər keçirib.
Bu barədə virtualaz.org saytına xidmətdən məlumat veriblər.
Ağcabədi rayonu, Aşağı Avşar kəndindən Bakıya satmağa gətirilən Məmmədov Aqil Əvəz oğluna məxsus 1100 kiloqramdan artıq mənşəyi məlum olmayan, qida üçün yararlığı şübhə doğuran heyvan cəmdəkləri, sümükdən ayrılmış ətlər, baş-ayaq və daxili orqanlarla dolu olan yük Qaradağ rayon ərazisində saxlanılıb.
Avtomaşında olan heyvan cəmdəklərinə baxış keçirilən zaman heç bir mənşəyi, sağlamlığı haqqında müşayiətedici və baytarlıq sənədlərinin olmadığı müəyyən edilib.
Cəmdəklərdən, sümüksüz ətlərdən və daxili orqanlardan baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına (RBL) göndərilib. RBL-nın ekspertizasına əsasən, yoxlanılan 30 nümunə ət və 2 nümunə daxili orqanlarda (ağciyər, qaraciyər, qarın) aparılan bakterioloji müayinələr zamanı bakterioloji çirklənmə (BÇQB, stafılakokkus aureus) aşkar olunub. Biokimyəvi müayinələr (pH, peroksidaza və söy-daş reaksiyaları) məhsulun keyfiyyətsiz olduğunu müəyyən edib və bilditilib ki, ət baytarlıq-sanitariya cəhətdən yararsızdır.
Daxil olan 23 nümunə ət və 2 nümunə daxili orqanlar (ağciyər, qaraciyər, qarın) iribuynuzlu heyvana məxsusdur. Digər 7 nümunə ət isə at ətinə məxsusdur.
Beləliklə, aparılan müayinələrin nəticəsinə əsasən, yoxlanılan nümunələrin hər biri qida üçün yarasızdır və baytarlıq-sanitariya tələblərinə cavab vermir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, Bakı və bölgələrdə mütəmadi reydlər keçiriləcək.