AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT DƏNİZ ADMİNİSTRASİYASININ MƏTBUAT XİDMƏTİNDƏN TƏKZİB

29-01-2016, 13:35           
AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT DƏNİZ ADMİNİSTRASİYASININ MƏTBUAT XİDMƏTİNDƏN TƏKZİB
Son dövrlərdə bəzi saytlarda Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası ilə bağlı bir sıra yalan və böhtan xarakterli məlumatlar yayılmaqdadır. Həmin məlumatların yayılma səbəblərinin və müəlliflərinin kimliyinin fərqinə varmadan bildirmək istərdik ki, qeyd olunan qərəzli məlumatlar həqiqəti əks etdirmir və heç bir obyektiv faktlara və sübutlara söykənmir.
Qeyd etmək istərdik ki, Dövlət Dəniz Administrasiyasının inzibati binasının yerləşdiyi əraziyə bitişik olan ərazilərdə ayrı-ayrı fiziki şəxslərə məxsus olan qarajların kimlər tərəfindən və hansı məqsədlərlə sökülməsi bizə məlum deyildir.
Məqalədə bildirilir ki, həmin ərazidə olan söküntülərlə bağlı artıq cinayət işi başlanılmışdır və hüquq mühafizə orqanları tərəfindən müvafiq araşdırmalar aparılır. Belə olan halda mülkiyyət və ya istifadə hüquqları pozulan hər bir fiziki və ya hüquqi şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada hüquq mühafizə orqanlarına müraciət edərək öz hüquqlarını qoruya bilərlər. Bununla bağlı bildirmək istərdik ki, həmin ərazilərdə söküntü işləri ilə bağlı apalıran hər hansı bir araşdırmaya, eləcə də cinayət araşdırmalarına Dövlət Dəniz Administrasiyası hər hansı bir formada cəlb olunmamışdır və hesab edirik ki, buna heç bir hüquqi əsas və lüzum da yoxdur.
Lakin buna baxmayaraq, məqalədə həm Dövlət Dəniz Administrasiyasının əməkdaşlarının, həm də cinayət məsuliyyətinə cəlb olunmuş digər şəxslərin ünvanına çox ciddi ittihamlar səsləndirilir.
Məqalə müəllifləri bilməlidirlər ki, Azərbaycan Respublikası Konstitusiyasında hər kəsin təqsirsizlik prezumpsiyası hüququ nəzərdə tutulur: “Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.”
AZƏRBAYCAN DÖVLƏT DƏNİZ ADMNİSTRASİYASININ MƏTBUAT XİDMƏTİ
Məhz bu baxımdan da, hər bir kütləvi informasiya vasitəsi Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunlarına hörmətlə yanaşmalı və ona əməl etməlidirlər. Kütləvi informasiya vasitələrində yayılan məlumatlarda hər bir oxucuya qərəzsiz şəkildə və mötəbər sübutlara söykənən məlumatlar çatdırılmalı, kütləvi informasiya vasitələri hüquq mühafizə orqanlarının və ya məhkəmənin funksiyalarını öz üzərlərinə götürməməlidirlər.
Ədalət naminə onu da qeyd etmək istərdik ki, qaraj sahiblərində bu məsələ ilə bağlı Dövlət Dəniz Administrasiyasının cavabdehliyi ilə əlaqədar yanlış məlumat mövcud olduğundan onlardan bəziləri bu barədə məhkəməyə də müraciət etmişdirlər. Dövlət Dəniz Administrasiyasının haqsız olaraq bu məsələyə aid edilməsinə, bəyan etmək istərdik ki, bu iddialarla bağlı 25 iyul 2013-cü il tarixli Azərbaycan Respublikası 1 saylı Bakı inzibati-iqtisadi məhkəməsinin
2 inz (81)-2728/2013 saylı, 17 sentyabr 2013-cü il tarixli Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının 2-1 inz (103)-1377/2013 saylı qərardadları və 26 dekabr 2013-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının 2-2 (102)-1321/13 saylı qərarı var.
Həmin qərardadlara və qərara əsasən, yuxarıda qeyd olunan şəxslər özləri Dövlət Dəniz Administrasiyasını cavabdehlərin sırasından çıxarmış və ya müvafiq araşdırmalar aparıldıqdan sonra məhkəmələr bu qənaətə gəlmişlər. Administrasiyanın bu məsələdə cavabdehlik daşımaması artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə öz təsdiqini tapmışdır.
Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası Azərbaycan Respublikasının ərazisində dəniz nəqliyyatı sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Dövlət Dəniz Administrasiyası haqqında belə yanlış və qərəzli məlumatların yayılması həm onun mülki qanunvericiliklə qorunan işgüzar nüfuzuna, həm də illərlə çox çətin bir zəhmət hesabına formalaşmış müsbət imicinə çox ciddi ziyan vurur.
Sonda onu da qətiyyətlə bildiririk ki, Dövlət Dəniz Administrasiyasının rəhbərliyi barədə gələcəkdə böhtan, heç bir hüquqi faktlara əsaslanmayan, qərəzli və işgüzar nüfüzu ləkələyən məlumatların yayılması ilə bağlı Dövlət Dəniz Administrasiyası tərəfindən məhkəməyə və hüquq mühafizə orqanlarına müraciət edilərək, qanunvericiliklə müəyyən olunmuş cəza mexanizminin tətbiq olunması təmin ediləcəkdir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.