Ziyad Səmədzadə Heydər Əliyevin hakimiyyəti dövrünü necə alt-üst edib? - İDDİA

29-01-2016, 16:54           
Ziyad Səmədzadə Heydər Əliyevin hakimiyyəti dövrünü necə alt-üst edib? - İDDİA
«Təsadüfi deyildir ki, Ziyad Səmədzadə Milli Məclisi özünün iqamətgahı və ofisi hesab edir»-5-si yazı
(Əvvəli ötən saylarda)
«Təzadlar» tanınmış iqtisadçı alim, uzun illər AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru olmuş Şahbaz Muradovun akademik Ziyad Səmədzadə barədə Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə müraciətinin ardını təqdim edir:
Hörmətli Ramiz müəllim! Mən bütün elmi yaradıcılığını Akademiyanın İqtisadiyyat İnstitutunda keçirən bir elm adamı kimi diqqətinizə çatdırmaq istəyirəm ki, nədənsə vaxtı ilə bizim İnstitutda çalışıb burada yüksək elmi dərəcələr və elmi adlar alıb yuxarı vəzifələrdə işləməyə getdikdən sonra onlar, sanki bu elm ocağının qəniminə çevrilmiş, onun olan-qalan fəaliyyətinə də qara yaxmağa başlamış, burada rəhbərlikdə təmsil olunanlara köməklik göstərmək əvəzinə onların işlərinə gizli və açıq surətdə müdaxilə etmiş, onları işləməyə qoymamışlar. Bu ona bənzəyir ki, sovetlər dövründə keçmiş Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda əvvəllər prorektor, dekan, kafedra müdirləri vəzifələrində işləmiş və sonradan bu vəzifələrdən çıxmış bəzi üzdəniraq "alimlər" Ulu Öndərimiz Heydər Əliyev cənabları Moskvada SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, Sov. İKP Siyasi Bürosunun üzvü olduğu dövrdə həmin İnstitutun fəaliyyəti haqqında Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycan Dövlət İqtisad Universitetinin 70 illik yubileyinə həsr olunmuş təntənəli mərasimindəki çıxışında böyük ürək ağrısı ilə dediyi kimi, "Moskvaya kisələrlə anonim məktublar göndərirdilər. Ancaq o, hadisə Azərbaycan üçün çox dəhşətli bir hadisə oldu. Buraya hansısa komissiya gəlmişdi, yoxlamışdılar və iş o yerə çatmışdır ki, Azərbaycanın bu institutunun məsələsinə Moskvada ən yüksək səviyyədə baxılırdı".
Ulu Öndərimiz həmin məsələni xatırladaraq demişdir: "Mən bunu deyirəm və güman edirəm ki, Azərbaycan xalqına o cür xəyanət etmiş insanlar, heç olmasa, indi xəcalət çəkməlidirlər. Onların bəziləri akademikdir, bəziləri professordur, bəziləri filandır, filandır. Qoy bilsinlər, heç olmasa özləri öz vicdanları ilə söhbət edib öz günahlarının bizim xalqımıza nə qədər zərər vurduğunu anlasınlar və hamı da bundan nəticə çıxarsın".
Hörmətli Ramiz müəllim! İnstitutumuzun daxilində və xaricində çalışan həmin akademiklər və professorlar indi də öz çirkin niyyətlərini mənə qarşı çevirmişlər. Həmin qəbildən olan bəzi "həmkarlarımız" o qədər də yüksək elmi-texniki kadr potensialı və maddi-texniki bazasına malik olmayan və əməkdaşlarının aldıqları aşağı əmək haqqı müqabilində bizim İnstitutun gördüyü müsbət işlərə də kölgə salmağa cəhd edirlər. Təsadüfi deyildir ki, akademik Z.Səmədzadə, sanki özünün iqamətgahı və ofisi hesab etdiyi Milli Məclisin binasında sovetlər dövründə yaradılmış, fəaliyyəti, məqsəd və məramı əksəriyyət iqtisadçılara məlum olmayan, sədrlik etdiyi «Azərbaycan İqtisadçılar İttifaqı» deyilən qeyri-hökumət təşkilatının imkanından görün nə məqsədlə istifadə edir. O, baş redaktoru və təsisçisi olduğu "İqtisadiyyat" qəzeti ilə birlikdə əksəriyyəti öz ətrafı olan və ciddi elmi-tədqiqat işləri ilə məşğul olmayan bir neçə qocaman iqtisadçılar da daxil olmaqla özəl qurumlarda və qeyri-elmi təşkilatlarda çalışan bir qrup iqtisadçıları yığıb "8" yanvar 2010-cu il tarixdə keçirtdiyi "Dəyirmi" stolda sizin məqalənizdə yazılmış: "Bir müddət əvvəl iqtisadiyyat İnstitutunda rəhbərlik dəyişdi. Aydındır ki, bu dəyişiklik dərhal öz bəhrəsini verə bilməz" sözlərindən yapışıb mənim ünvanıma əxlaqa və elmi-etikaya əks olan sözlər işlətməklə şərəf və ləyaqətimi aşağılamağa cəhd etmiş, təsisçisi və baş redaktoru olduğu həmin qəzetin 20 yanvar 4 fevral 2010-cu il tarixli nömrəsində çap etdirmişdir.

«Bu, bir daha onu göstərir ki, İqtisadiyyat İnstitutu haqqında yuxarılara ötürülən yanlış məlumatların müəllifi də məhz Ziyad Səmədzadədir…»


"Dəyirmi" stolun iştirakçıları isə ak. Z.Səmədzadənin mənim əleyhimə işlətdiyi qeyri-etik ifadələrin həmin yığıncaqda söylənilmədiyini və sonradan qəzet çapa gedərkən yazıldığını deyirlər. Bu, bir daha onu göstərir ki, İqtisadiyyat İnstitutu haqqında yuxarılara ötürülən yanlış məlumatların müəllifi də məhz Ziyad Səmədzadədir və o, məndən 2002-ci ilin may ayında onu haqlı olaraq işdən çıxartmağımın qisasını almağa çalışır.
Hörmətli Ramiz müəllim! Doğrudur, mən sizinlə tam razıyam ki, sovet dövründə bu institut öz tədqiqatlarını ideoloji baxımdan sosialist siyasi iqtisad elminin tələbləri çərçivəsində həyata keçirmişdir və bu o dövrün tələbi idi. Bu institut, 1958-ci ilin aprel ayının 14-də Azərbaycan Elmlər Akademiyasında mövcud olmuş iqtisadiyyat sektorunun bazası əsasında təşkil edilmişdir. 1961-ci ildən burada çalışan elmi işçi kimi sizin diqqətinizə çatdırmaq istəyirəm ki, bu İnstitut ideoloji baxımdan siyasi iqtisad yönümlü olsa da burada həmişə konkret iqtisadiyyatla bağlı məsələlərin tədqiqinə daha çox üstünlük verilmişdir. Bunu həmin dövrdə İnstitutda fəaliyyət göstərmiş şöbələrin adlarından da aydın görmək olar…

Bəs AMEA-nın müxbir üzvü Şahbaz Muradov Ziyad Səmədzadəyə niyə «Açıq məktub»la müraciət etməli oldu?

«Təzadlar», həmçinin AMEA-nın müxbir üzvü, xeyli müddət AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru olmuş professor Şahbaz Muradovun akademik Ziyad Səmədzadəyə şəxsən göndərdiyi «Açıq məktub»unu əldə edib. Aşağıda Ş.Muradovun uzun illər dostluq etdiyi dostuna şok ittihamlı məktubunu təqdim edir:
AMEA-nın həqiqi üzvü, i.e.d., professor Z.Ə.Səmədzadəyə
AÇIQ MƏKTUB
Əzizim Ziyad Əliabbas oğlu!
Sizin "01" sentyabr 2000-ci il tarixli işdən çıxmağınız barədə mənə ünvanladığınız ərizəni "8" sentyabr 2000-ci il tarixdə aldım. Təəssüfləndiyim və təəccübləndiyim üçün məcburiyyət qarşısında qalıb sizə ilk və bəlkə də son dəfə olaraq aşağıdakı fikirlərimi çatdırmağı özümə borc bilirəm. Unutmamısınızsa, biz hər ikimiz bir-birimizi 1956-cı ildən Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunda bir qrupda (216-cı qrupda) təhsil aldığımız dövrdən tanıyırıq. 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin İqtisadiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra hər ikimiz Akademiyanın İqtisadiyyat İnstitutuna işə köndərilmiş və burada da eyni bir şöbədə, yə"ni mərhum M.M. Allahverdiyevin rəhbərlik etdiyi "Kənd təsərrüfatının iqtisadiyyatı" şöbəsində işləmişik. Bütün namizədlik minimum imtahanlarına birlikdə hazırlaşmış və eyni vaxtda yüksək qiymətlərlə vermişik. Sonra sən mənə nisbətən iqtisadi çəhətdən az da olsa imkanlı olduğun üçün Moskvaya aspiranturada təhsil almağa getdin. Biz müvəqqəti olaraq cismən bir-birimizdən ayrıldıq. 1965-ci ilin 24 fevralında mən Bakıda, 25 fevralında isə sən Moskvada namizədlik dissertasiyası müdafiə etdik. Mən həmin gün teleqram vurub səni təbrik etdim. Halbuki, səndən nə belə bir təbrik teleqramı, nə də bir məktub almadım. Sonra sən yenidən doğma institutumuza işə qayıtdın. Mənim oturduğum iş stolum pəncərənin qabağında idi. Məlum səbəbdən işıqlı olsun deyə, öz iş stolumu sənə verdim, özüm isə keçib arxa stollardan birində əyləşdim. Həmin vaxtlar mən Akademiyanın Komsomol Komitəsinin büro üzvü və İnstitut Komsomol Təşkilatının katibi idim. Sən Moskvadan qayıtdıqdan sonra mən sənin əvvəlcə institutda öz yerimə Komsomol Təşkilatının katibi, sonra isə Akademiyanın Komsomol Komitəsinin birinci katibi vəzifəsinə namizədliyini irəli sürdüm və dostlarımın köməkliyi ilə sənin bu vəzifəyə seçilməyinə nail oldum (sən Moskvada oxuduğundan burada səni tanıyan yox idi. Mən səni irəli verdim ki, ictimai işlərdə işləyib o vaxt üçün zəruri olan partiyaya keçə biləsən). Bilirsən ki, o vaxt bu vəzifəyə bir neçə adamın, o cümlədən Akademiya Komsomolunun keçmiş katibi Tofiq Sultanovun namizdləyi köstərilmişdi. Respublika Komsomol Təşkilatı ilə Akademiyanın Komsomol təşkilatı arasında bu məsələ barəsində böyük mübahisə yaranmışdı. Respublika Komsomol Təşkilatı bu vəzifəyə öz adamını, biz isə Tofiq Sultanovu seçmək istəyirdik. Qüvvələr parçalanmışdı və böyük çətinliklərlə üz-üzə qalmışdıq. Müvəqqəti olaraq vəziyyətdən çıxmaq üçün yollar axtırırdıq. O vaxt kənc elmlər namizədi kimi mənim Akademiyanın Komsomol Təşkilatında müəyyən nüfuzum var idi. Mübahisəni kəsmək məqsədilə bir qrup yoldaşlarla məsləhətləşib Moskvada dissertasiya müdafiə edib gələn bir gənc alim kimi sənin namizədliyini irəli sürdüm və həmkarlarımı məni müdafiə etməyə çağırdım. Məsələni öz aramızda belə qoyduq ki, səni müvəqqəti olaraq bu vəzifəyə seçək və ara sakitləşdikdən 3-4 ay sonra sən ərizə verib çıxacaqsan, biz bu vəzifəyə yenidən T.Sultanovu seçərik. Bəli, səni, komsomol işində təçrübəsiz bir adam kimi, bu şərtlə seçdik. Ancaq sən sonradan şərti pozdun, könüllü çıxmadın və Akademiyanın Komsomol Təşkilatının işini bir ilin ərzində yarıtmaz vəziyyətə saldın. Hamı məni sənin belə işinə görə məzəmmət etdi. Az sonra Respublika Komsomolunun qurultayı oldu. Sən də Akademiyanın Komsomol Komitəsinin katibi kimi bu qurultaya nümayəndə, qurultayda isə Respublika Komsomolu Mərkəzi Komitəsinin üzvü seçildin. Bu vaxtdan sənin qarşında yaşıl işıq yandı. Halbuki bu vəzifəyə seçilənədək sən nə ali məktəbdə oxuduğumuz dövrdə, nə də ondan sonra heç bir içtimai vəzifə daşımamışdın. Yalnız özfəaliyyət dərnəyində tar çalırdın. İlk ictimai vəzifən məhz birbaşa Akademiyanın Komsomol Təşkilatının katibi seçilməyin olub. Təsadüfi deyildir ki, bir neçə il sonra Respublika Komsomolu Mükafatı Laureatı adını da asanlıqla aldın. Yadında qalmamış deyil ki, məhz Mədəd müəllimlə mən sənin institutda elmi katib, sonra isə şöbə müdiri vəzifələrinə seçilməyində nə qədər böyük rol oynadıq. Halbuki, Mədəd müəllim Akademiyadan Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat İqtisad İnstitutuna direktor vəzifəsinə köndərilərkən öz yerinə şöbə müdirliyinə mənim namizədliyimi irəli sürərkən sən və bəzi "dostların" bunu böyük qısqanclıqla qarşılamışdınız. Allah rəhmət eləsin Əhməd müəllimə (Ə.Mahmudov.Red.)! O, məni çağırdı, 2-3 saat mənimlə söhbət etdi və yalnız mənim şöbə müdiri olaçağıma razılıq verdi, bunu həyata keçirdi. Sənin şöbə müdiri vəzifəsinə seçilmək məsələn həll edilərkən isə (sən daha təçrübəli və bilikli N.Əbdürrəhmanovla eyni şöbəyə ərizə vermişdin. İnstitutun Elmi Şurasında onun özü, Q.Əbdülsəlimzadə və başqaları səni möhkəm tənqid atəşinə tutdular. Mən həmin elmi Şurada sinəmi irəli verib səni müdafiə etdim və sən şöbə müdiri seçildin). Mən elmi şura üzvləri, o cümlədən bəzi ağsaqqallarımızla sənin bu vəzifəyə seçilməyinlə bağlı nə qədər gərgin iş apardım, yəqin ki, sən unutmamısan. bunu akademik A.Nadirov, Akademiyanın müxbir üzvü A.Ələsgərov və bir çox başqaları indi də təsdiq edirlər.
Yadına sal doktorluq dissertasiya müdafiəmizi. Mənim işimin müzakirəsində N.Əbdürrəhmanov və Q.Əbdülsəlimzadə məndən sənin şöbə müdiri vəzifəsinə seçilməyinin qisasını almağa çalışdılar və mənə çox böyük əziyyət verdilər. Mənim dissertasiya işimin müzakirəsi 18 sentyabr 1970-ci ildə şöbədə, dekabrın əvvəllərində isə institutun elmi şurasında oldu. Sən o vaxtlar müxtəlif yollarla çalışıb məndən qabaq, yəni 13 dekabr 1971-ci ildə müdafiə etdin. Mən isə 24 yanvar 1972-ci ildə. Q.Əbdülsəlimzadə və başqalarının təsiri ilə mənim müdafiə işimin Akademiyanın böyük Elmi Şurasında təsdiqi 27 aprel 1972-ci ilədək ləngidildi. Həmin gün sənin doktorluq dissertasiya işin Moskvada təsdiq oldu. Mənim doktorluq dissertasiya işimin sənədləri isə yalnız 1972-ci ilin 27 mayında Moskvaya göndərildi və 07 iyul 1972-ci ildə Moskvada təsdiq edildi. 42 gün ərzində. 1976-cl ilə kimi yenə birlikdə İqtisadiyyat İnstitutunda hərəmiz bir şöbənin müdiri olaraq işlədik. Dostluq- qardaşlığımıza hamı həsəd aparırdı. Paxıllıq çəkənlər də az deyildi. Hərdən bir-birimizlə mübahisəmiz də olurdu.

«Sən vəzifələrə gedəndən sonra özünə yeni "dostlar" tapdın, varlandın, pul qazandın. Artıq gözlərin ayağının altını görmədi…»

Unutmamısansa, rəhmətlik Balaca müəllim bir dəfə hər ikimizi çağırıb dedi: "Siz çalışın həmişə bir olun. Bir olsanız, heç kəs sizə bata bilməz". Bəs sonra nə oldu? Sən 1976-cı ildə Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə işə keçdin. 1978-1983-cü illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda elmi işlər üzrə prorektor oldun. Həmin illərdə sənin yoldaşlıq hisslərində qeyri-səmimilik yaranmağa başladı. Yadındadırmı, mən sənin toyunda "sağdişin" olmuşdum və bütün geçəni səhərə kimi Buzovnadakı evinizin həyətində keçirdim. Oğlum Rəşadın adını sən qoydun. Əvvəllər hər il sən onun ad gününə, mən də sənin qızın Aygünün ad gününə gəlirdik. Gözəl günlər idi. Sən vəzifələrə gedəndən sonra özünə yeni "dostlar" tapdın, varlandın, pul qazandın. Artıq gözlərin ayağının altını görmədi.
1980-ci ildə mənim müəlliflərdən biri olduğum, akademik Ə.Sumbatzadə və Ə.Mahmudovun rəhbərliyi ilə "Müasir mərhələdə Azərbayçan İqtisadiyyatı" (20 ç.v.) adlı monaqrafiyamız nəşr olundu.

«Vəzirov hakimiyyətə gəldikdən sonra sən Ali Sovetin iclasında öz çıxışında göstərdin ki, 70-ci illərdə, yə"ni H.Əliyevin hakimiyyəti illərində Azərbaycanda həyat səviyyəsi 1,7 dəfə aşağı düşüb»

Sənin də Mirağa Musayev ilə birlikdə yazdığınız "10-cu beşillikdə Azərbaycanın sosial-iqtisadi inkişafı" adlı (10-12 ç.v.) kitabınız çapdan çıxdı (qeyd edim ki, Vəzirov hakimiyyətə gəldikdən sonra sən Ali Sovetin iclasında öz çıxışında həmin dövrdə bu kitabda göstərdiyin nailliyyətlərin üstündən qara xətt çəkdin və göstərdin ki, 70-ci illərdə, yəni H.Əliyevin hakimiyyəti illərində Azərbaycanda həyat səviyyəsi 1,7 dəfə aşağı düşüb. Çıxışın o vaxtın qəzetlərində qalıb). Bizim monoqrafiyamız Respublika Dövlət mükafatına təqdim edildi. Sizin kitab da bu mükafata təqdim olunmuşdu. O vaxt bu mükafatı almaqda bizə açıq-aşkar mane oldun.
(Davamı var) "Təzadlar" qəzeti












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.