Bütün dünya Hacıbala Abutalıbovun buzlu yollarından danışır - VİDEO
1-02-2016, 12:01
Azərbaycan yenidən dünyada adından söz etdirib. Amma mədəniyyəti, gözəlliyi və ya iqtisadi nailiyyətləri ilə yox. Alimlərin, artistlərin və idmançıların yerinə ölkəmizi dünyaya məmurlar, daha dəqiq desək, onların məsuliyyətsizliyi və səlahiyyətlərinə etinasız münasibəti tanıtdırıb.
"Report" İnformasiya Agentliyinin müxbirinin Bakının buz bağlamış yollarında lentə aldığı video bütün dünya KİV-də işıqlandırılıb. Video yanvarın 26-da, Bakı sakinləri səhər saatlarında işə tələsən zaman çəkilib. Videodan görünür ki, yollar buz bağlayıb. Onun üzrəində heç yerimək belə olmur, o ki qaldı nəqliyyat vasitələrinin hərəkətinə. Yolların təmizlənməsinə cabadeh olan kommunal xidmət və "Azəryolservis" ASC yalnız mərkəzi yollarda buzu əritmək üçün iş görüb.
Yalnız nəqliyyat vasitələrini idarə edənlərin peşəkarlığı sayəsində həmin gün xeyli sayda yol-nəqliyyat qəzasından yayınmaq olub. Bax elə buda bizim şəhəri və məsuliyyətsiz məmurları bütün dünyaya tanıtdıran videonun əsas motividir. Dünyanın dörd bir yanından olan avtomobil həvəskarları Bakıda ictimai nəqliyyatı idarə edənlərin bacarığına heyran olub.
Bu gün, İnternet əsrində hansısa informasiyanı gozlətmək mümkün deyil. Bu video da bir neçə saat ərzində Azərbaycan sosial şəbəkələrində gündəmin əsas mövzusuna çevrilmişdi. Sabahı gün isə dünyaca məşhur telekanallar, hələ sayt və sosial şəbəkələri demirik - bu haqda danışırdı.
İlk olaraq bu video rusiyalı bloqerlərin əlinə keçib. Onlar videonu elə işıqlandırdılar ki, elə həmin gün Birinci kanal da daxil olmaqla, Rusiya telekanalları video barədə süjet hazırladı. Bu video həmçinin "CBC News", "Dailystar", "The Guardian", "Euronews" və s. kimi media nəhənflərində də yayımlandı.
Kanadanın CBC News telekanalının Facebook səhifəsində həmin videoya yazılan ən məşhur şərhlərdən bəzilərini təqdim edirik.
"Sürücünü çox bəyəndim... əla sürür! Hətta Torontodakı tranzit avtobusu sürücülərindən də yaxşı sürür" – istifadəçi Deniel Kustçin yazır.
Digər sosial şəbəkə istifadəçisi Ervin Qabriel Ekon "Red Bull" şirkətini Bakıda video çəkməyə dəvət edib:
"Azərbaycanlılar buzlu yollarda maşın sürməyə alışıblar. "Red Bull" şirkəti onları dünyanın ən ekstremal yollarının sürücüləri üçün nümunə qismində çəkə bilər”.
Kevin Kovkas: "Mən şokdayam! Heç kimin xəsarət almadığına və heç bir qəzanın baş vermədiyinə inanmaq çətindir. Düşünürəm ki, Kalqaridəki (Kanadada şəhər) səfehlər bu vətəndaşlardan dərs almalıdırlar".
Nik Olson: "Sürücü avtobusu möhtəşəm idarə edir!”.
Roman Belousov: "Bizimkilərdən fərqli olaraq, insanlar maşın sürməyi bacarır".
İzləyicilərin əksəriyyəti Bakı sürücülərinin avtobusu belə məharətlə idarə etmələrinə öz heyranlıqlarını gizlədə bilməyib. Lakin bütün bu görüntülərdən sonra çox az adam düşünüb ki, nə üçün Bakıda normal yol əvəzinə sürücülər buzlu yollarda hərəkət etməlidir. Qərb izləyicilərindən fərqli olaraq biz bu yollar, komunal işçiləri və məmurlarla yaşamağa məcburuq.
Bir halda ki, Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov küçələrdə qar və buzun təmizlənməsi ilə bağlı problemin olduğu haqqında suala cavab verərkən, gülümsədiyi və heç bir problemin olmadığı, bunu yalnız insanların uydurduğunu deyirsə, məmurlar haqqında nə demək olar? (haqqin.az)