“Sabah başqa məmurla bağlı faktlar gələcək, yayacağıq”

2-02-2016, 09:39           
“Sabah başqa məmurla bağlı faktlar gələcək, yayacağıq”
Eynulla Fətullayev SOCAR-ın cavabını şərh etdi; Jurnalist Bodrumdakı villaların izinə düşməyəcək
Xəbər verdiyimiz kimi, ötən həftə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Qiymət Mehdiyev barədə KİV-lərdə yayılan məlumatların araşdırılmasına dair bəyanat yaydı. Bəyanatda göstərildi ki, SOCAR-ın Biznes Etika Məcəlləsinin şirkətin əməkdaşları üçün müəyyən etdiyi hər hansı normasının pozulması halları aşkar edilməyib.

Komitə KİV-lərdə yayılmış bu cür məlumatların SOCAR-ın fəaliyyəti ilə heç bir əlaqəsi olmadığını, bu məsələ ilə əlaqədar bəzi KİV-lərin hüquq qaydalarını və jurnalistika prinsiplərini gözləmədən, yoxlanılmadan mütəmadi olaraq əsassız məlumatlar yayımlamasını qeyd edib və bu halları SOCAR-ın fəaliyyəti ilə bağlamaq cəhdlərini şirkətin işgüzar nüfuzuna, yerli və beynəlxalq layihələrin reallaşdırılmasına mənfi təsir göstərə biləcək risk kimi qiymətləndirib. Komitə eyni zamanda belə hallarda SOCAR tərəfindən müvafiq hüquqi addımlar atılmasının zəruriliyini qeyd edib.

Bəyanatda həmçinin qeyd olunub ki, yazılan yazılar Q.Mehdiyevin “dövlət məmuru” anlayışının altına salınması, onun dövlət orqanında çalışması haqqında yanlış təsəvvür yaradılması, aldığı əmlakın dəyərinin bilərəkdən 300 dəfə artırılaraq ictimaiyyətə çatdırılması, əldə etdiyi gəlirlərin isə qeyri-sağlam təhlili bu şəxsin özünü və ailəsini qanuni mənafeləri nəzərə alınmadan ictimaiyyətin gözündən salmağa yönəldilmiş cəhdlərdi.

Bu araşdırmanın müəllifi olan haqqın.az saytının baş redaktoru Eynulla Fətullayev isə müsavat.com-a açıqlamasında bildirdi ki, onun əsas missiyası sənədləri ortaya qoymaqdan ibarət olub. Müsahibimizin sözlərinə görə, oxucular da bütün sənədlərlə tanış olublar: “Qalanı mənim işim deyil. Jurnalistin işi nədir? Faktları ictimaiyyətə çatdırmaq. Təbii ki, SOCAR-ın cavabı məni qane etmədi. Amma mən nə edə bilərəm? Əlimdə hüquq-mühafizə orqanları yoxdur. Bir jurnalist olaraq ictimai nəzarəti həyata keçirirəm. Prezident də müşavirədə deyir ki, ictimai nəzarət güclü olmalıdır. İctimai nəzarətin də əsas institutu mediadır. Bizə bu faktları təqdim elədilər, yaydıq. Sabah başqa məmurla bağlı gələcək, yayacağıq”.

E.Fətullayev dedi ki, bundan sonra sözügedən araşdırmanı davam etmək fikri yoxdur. Müsahibimizin sözlərinə görə, məlum yazıda onsuz da hər şey faktlarla, sübutlarla öz əksini tapıb: “Bir var mən sadəcə sözlərlə, ehtimallar və şayiələrlə məlumat yayım. Bir də var sübutlar və sənədlərlə. Mənə bu məlumatlar verildi, mən də onları yaydım”.

Müsahibimiz hesab edir ki, bu örnəklə jurnalistin işinin səmərəsizliyi sübut edilmir. Əksinə, ictimai qınaq, etirazlar cəmiyyətin belə məsələlərə necə həssas olduğunu bir daha üzə çıxarıb: “Bizim əsas hədəflərimiz oxucular, ictimaiyyətdir. Biz Azərbaycan cəmiyyətini məlumatlandırmalıyıq. Bizim ictimai məsuliyyətimiz var və onu həyata keçiririk”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.