Son sürəti 180 km/saat olan maşın necə 230-la hərəkət etdi?-FOTO
3-02-2016, 13:27
Əgər «VAZ» zavodu BDYPİ-nin yeni «icad»ından xəbər tutarsa, mühəndis-konstruktora «Rusiya Qəhrəmanı» medalı verdirər
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) yeni-yeni icadları artıq «göz çıxarmağa» başlayıb. Üstəlik, bu qurumun müəyyən etdiyi sürət hədlərinə baxan avtomobil istehsalçısı olan zavodların mühəndisləri belə ağzı açıq qalaraq, şoka düşürlər.
JAM.AZ xəbər verir ki, Bakı və ölkənin əsas magistral yollarında quraşdırılmış radarların əsas missiyası sürət həddini aşan avtomobilləri müəyyən etməkdir. Təbii ki, bu bütün dünya ölkələrində var və təqdir ediləsi haldır. Çünki bu radar-kameralar yolların təhlükəsizliyini təmin etməklə yanaşı, yol hərəkət qaydalarını pozan sürücüləri cəzalandırmağa və onları daha məsuliyyətli olmağa vadar edir.
Düzdür, bəzi məsuliyyətsiz sürücülər radarlara da əhəmiyyət vermədən, sürət həddlərini aşaraq, ciddi təhlükə yaratmaqla yanaşı, həm də qaydaları pozurlar. Amma BDYPİ-nin yeni «icad»ları fonunda diqqəti çəkən hallar isə az qala bütün dünyanı heyrətə salmaqdadır.
JAM.AZ xəbər verir ki, hadisə vaqe olur 03.04.2014-cü ildə. 55 BJ 021 dövlət nömrə nişanlı «VAZ 21043» markalı avtomobil magistral yolla hərəkət edərkən sürət həddini aşır və kameralara yaxalanır. Sonradan BDYPİ tərəfindən həmin sürücünün ünvanına aşağıdakı məzmunda məktub göndərilir: «Ərazidəki sürət limiti 100 km/saat. Faktiki sürət 230 km/saat».
Qeyd edək ki, «VAZ» avtomibillərinin son sürət həddi 180 km/saatdır. İstehsalçı zavod əgər bilsə ki, BDYPİ-nin radarlarında bu maşınlar 230 km/saat-la hərəkət edir, şoka düşərlər. Bəlkə də, zavodun mühəndislərinə «Rusiyanın Milli Qəhrəmanı» medalı da verərlər. Çünki bu avtomobil istehsalı tarixində olmayan bir şeydir.
BDYPİ-nin bununla bağlı mövqeyini dərc etməyə hazırıq.