Kolumbiyanın keçmiş prezidenti "28 May"da qəhvəni kokainlə səhv saldı
17-03-2016, 00:42
Müasir cəmiyyət büsbütün stereotiplərə bürünüb. Bu stereotiplər insanların şüuraltında elə möhkəmləniblər ki, bəzən bütov xalqlar və ölkələr hansısa xarakterik bir sindromla assosiasiya olunur.
Misal üçün, italiyalıları bu un məmulatına məxsusi sevgilərinə görə makaronla bağlı ifadələrlə səciyyələndiririk, fransızları isə qurbağa pəncələrini ölkələrində fövqəldadlı təam hesab etdikləri ilə. Bütöv dövlətlər də müəyyən məhsullarla assosiasiya oluna bilər. Məsələn, Ukrayna tez-tez salosu ilə, Rusiya isə arağı ilə yada düşür və sairə və ilaxır.
Bununla birlikdə, həmin bu assosiasiyalarla bağlı zarafatlarla çox ehtiyatlı olmaq lazımdır ki, birdən təsadüfən kiminsə xətrinə dəyməyəsən. Haqqin.az və vietualaz.org-a məlum olub ki, Bakının mərkəzindəki qəlyanaltılardan birində edilmiş ehtiyatsız zarafat az qala beynəlxalq qalmaqala səbəb olacaqmış.
IV Qlobal Bakı Forumunda iştirak etmək üçün Bakıya təşrif buyurmuş Kolumbiyanın keçmiş prezidenti Andres Pastrana asudə axşamlarının birində Bakını gəzmək qərarına gəlir. Bu əsnada o, qəhvə içmək üçün «28 Mall» ticarət mərkəzindəki bütün dünyada məşhur olan «Starbucks» qəhvəxanasına daxil olur.
Siyasətçinin diqqətini buradakı «Narino» Kolumbiya qəhvəsini dadın. P.S. Bu, kokain deyil» yazılmış reklam lövhəsi cəlb edir. Kolumbiya qəhvəsinin bu cür reklam edilməsi keçmiş prezidenti hiddətləndirir və o, lövhənin şəklini çəkərək, «Twitter»dəki mikrobloqunda paylaşır. Kolumbiyada məşhur olan siyasətçinin şərhi isə öz ölkələrinin kokainlə assisoasiya olunmasını təhqiamiz hesab edən kolumbiyalıların qəzəb dalğasına çevrilir.
Kolumbiyalıların sosial şəbəkələrdəki etirazı elə bir miqyasa çatır ki, Azərbaycanın Kolumbiyadakı səfiri Ramil Fərzəliyev buna reaksiya verməli olur.
«Mən baş verənlərlə bağlı təəssüf etdiyimi bildirirəm. Şəxsən Bakıdakı «Starbucks» rəhbərliyi ilə əlaqə saxlamışam. Kolumbiya qəhvəsi bu cür reklam olunmamalıdır», - Kolumbiya KİV-ə müsahibəsində Ramil Fərzəliyev belə deyib.
«Starbucks»ın da reaksiyası ləngiməyib. Dünya miqyasında məşhur qəvhəxanalar şəbəkəsinin rəhbərliyi Bakıdakı nümayəndəlikdə baş verənlərə xeyli təəccübləndiyini bildirib.
«Təəssüf edirik ki, Bakıdakı «28 Mall» TM-də yerləşən mağazamızda bu cür qəhvə reklamı nümayiş etdirilib. Bu barədə bizə məlumat çatan kimi dərhal reklamı yığışdırmağı və bu hadisənin araşdırılmasını tapşırmışıq», - «Starbucks»ın rəsmi bəyanatında belə deyilir.
Ertəsi gün Kolumbiyanın keçmiş prezidenti Andres Pastrana «28 Mall» TM-ə gəldiyində qalmaqala səbəb olmuş təhqiramiz reklamın başqası ilə əvəz olunduğunun şahidi olub. Necə deyərlər, olan olub, keçən keçib, amma vurduğu yaranın izi qalıb. Qəhvəxana işçilərinin ehtiyatsız bir zarafatı uzaq Latın Amerikası ölkəsində Azərbaycanın nüfuzuna ciddi zərbə vura bilərdi.