Sumqayıtda 50 yaşlı kişi rayona getmək istəməyən arvadını şil-küt elədi - TƏFƏRRÜAT
18-07-2022, 10:17

Sumqayıt şəhərində 1972-ci il təvəllüdlü İsa şəxsi münasibətlər zəminində arvadı Rəfiqəyə (adlar şərti verilib – red.) xəsarət yetirib. DİA.AZ xəbər verir ki, demokrat.az-ın əldə etdiyi məlumata görə, İsanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən saölamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İsa ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, ailə üzvləri ilə birlikdə yaşayır: “Rəfiqə ilə 1998-ci ildə ailə həyatı qurmuşam və 3 övladımız var. Həyat yoldaşım ilə münasibətlərim hər zaman yaxşı olub. Lakin son vaxtlar Rəfiqə evdə yerli-yersiz söhbətlər salıb və bu hal məni narahat etdi”.
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə baş verən günü Rəfiqəyə Tovuz rayonunda getmək istədiyini bildirib: ”Fikirləşdim ki, həyat yoldaşım mənimlə razılaşar. Lakin Rəfiqə bu zaman deyinməyə başladı. Rəfiqənin bu hərəkəti mənə pis təsir etdi. Buna əsəbiləşərək onun üzərinə getdim. Əlim ilə və ayaqqabım ilə ona bir neçə zərbə vurdum. Daha sonra isə sakitləşmək üçün evdən çıxdım. Bir müdət sonra isə rayona getmək üçün yola düşdüm”.
İsa deyib ki, sonradan Rəfiqənin hadisə ilə bağlı polisə müraciət etdiyini bilib. O, əməlindən peşman olduğunu deyib.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Rəfiqənin sözlərinə görə, həyat yoldaşı isa taksi fəaliyyəti ilə məşğuldur: “Mən özüm isə Sumqayıt şəhəri 22 saylı MİS-də xadiməçi kimi işləyirəm. Əvvəllər İsa şəxs ilə münasibətlərim normal olub. Lakin son dövrlərdə İsa mənimlə tez-tez mübahisələr etməyə, əsassız yerə məni təhqir etməyə və döyməyə başladı. Mən isə ailəm üçün buna səbr etdim”.
Zərərçəkmiş qeyd edib ki, sonuncu dəfə yaşadıqları evdə İsa onunla birlikdə Tovuz rayonuna, vəfat etmiş qardaşının məzarını ziyarət etməyə getməyi bildirib: “Bu zaman yoldaşıma oruc tutduğumu, uzun yola çıxmaqda çətinlik çəkdiyimi, Ramazan bayramından sonra getməyi təklif etdim. Lakin həyat yoldaşım bu zaman üzərimə hücum çəkərək başıma yumruqla vurmağa başladı. Sonradan isə İsa öz ayaqqabısını ataraq başıma bərk zərbə vurdu”.
Rəfiqə deyib ki, həyat yoldaşı ilə barışıb, ondan şikayəti yoxdur.
Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə İsanın barəsində olan cinayət təqibinə xitam verilib. Buna səbəb zərərçəkmişin ondan şikayətçi olmaması olub.