Pullu imtahanlarla bağlı - Açıqlama
15-07-2016, 13:43
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının fəaliyyəti dövründə dövlət tərəfindən hər il 7 milyona yaxın büdcədən vəsait ayrılırdı. Onun 5 milyona qədəri imtahanların keçirilməsi ilə bağlı olub.
Publika.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin direktoru Məleykə Abbaszadə imtahanların ödənişli keçirilməsi ilə bağlı suala cavab verərkən deyib.
O bildirib ki, yeni yaradılmış Dövlət İmtahan Mərkəzi isə dövlət tərəfindən maliyyələşdirilməyəcək: “Bizə sifariş verən tərəf ödənişi etməlidir. Hər bir abituriyentə 25 manat pul xərclənirdi. Bu pulu dövlət ödədiyindən normal qəbul edilirdi. Lakin imtahana gəlməyib məsuliyyətsizlik edənlər olurdu. Sınaq imtahanlarına görə də 3 manat ödəniş edilirdi. Ancaq həmin sınaq imtahanlarına da hər abituriyent üçün 25 manat xərclənirdi. Regionlarda sınaq imtahanlarının təşkili daha çox xərc tələb edirdi. Həmin sınaq imtahanlarına da qeydiyyatdan keçib gəlməyənlər çox olurdu. Eləcə də, bugünkü imtahanda da 715 nəfər buraxılış vərəqəsini götürməyib. Vərəqini götürüb imtahana gəlməyənlər də olacaq”.
M.Abbaszadə bildirib ki, 11 illik təhsil ödənişsiz olduğundan buraxılış imtahanları ödənişsiz olacaq: “Digər imtahanlara çəkilən xərci dövlət ayıracaq ya yox, bunu bilmirik. Bu imtahanları dövlət sifariş verməsə, bu ödənişli ola bilər. Çünki həmin imtahanlarda iştirak vacib deyil. Bizim üçün fərqi yoxdur ki, ödəniş kim edəcək. Çünki biz sifariş qəbul edirik. Əslində bizim imtahanlar üçün müəyyən etdiyimiz vəsait digər ölkələrdən çox aşağıdır”.
M.Abbaszadə onu da vurğulayıb ki, bununla bağlı bütün bu məsələlərdə bağı Tarif Şurasına müraciət ediləcək: “Hansı qərar qəbul ediləcəyi bizdən asılı deyil. Külək əsdiyinə görə bizi günahlandırmaq doğru deyil. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının əməkdaşları dövlət qulluğuna qəbul olunmuş şəxslərdir. Dövlət İmtahan Mərkəzi yeni yaranmış qurumdur və büdcə müəyyən edilməyib. Artıq həmin işçilərin də maaşı yenidən müəyyən olunacaq. Biz həmin mütəxəssisləri itirmək istəmirik. Onların da maaşlarını təmin etməliyik”.
M.Abbaszadə imtahanların ödənişli olmasının qəbul imtahanda iştirak edəcək şəxslərin sayına təsir edəcəyini düşünmədiyini deyib: “Ödəniş imtahanın növündən asılı olaraq dəyişəcək. Məsələn rezidentura imtahanına əlavə professor və müəllim heyəti cəlb olunur. Ekspertlər səhər 08:00-dan imtahana gəlirlər. Biz istəyirik ki, həmin şəxslər ədaləti təmin etsin. Ədaləti təmin etmək üçün onlar maaş almalıdırlar. Ödənişli təhsilin pulunu verə bilən valideyn, yəqin həmin imtahanın da pulunu verəcək. Biz hələ ki, xərclərimizi müəyyən edib, hökumətə vermişik”.