"Beynəlxalq Bank" işində məhkəməyə kimlər çıxacaq - 3-nün adı bəlli oldu
21-07-2016, 13:13
“Azərbaycan Beynəlxalq Bankı”nın keçmiş sədri Cahangir Hacıyevlə birlikdə cinayət işi məhkəməyə göndərilən şəxslərdən üçünün adı məlum olub.
“Report”un xəbərinə görə, bunlar Beynəlxalq Bankın Mərkəz filialının direktoru olmuş İlqar Abdullayev və Yusif Ələkbərov, bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynovdur.
Digər dörd şəxsin isə adı açıqlanmayıb.
Qeyd edək ki, “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və digər 7 şəxsin Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin istintaqı yekunlaşaraq təqsirləndirilən şəxslər, onların müdafiəçiləri iş materialları ilə tanış edilmiş və iş üzrə ittiham aktı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən iyulun 19-da təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.