Vitse-admiralın işini aparan müstəntiq - Həbs edildi
10-08-2016, 10:23
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanov və HDQ-nin digər rütbəli şəxsləri ilə bağlı başladılmış cinayət işi üzrə istintaq qrupunun müstəntiqi Məmmədli Vüqar Sahib oğlu həbs edilib.
Bu barədə “Qafqazinfo”ya Şahin Sultanovun və HDQ-nin Yanacaq Xidmətinin eks-rəisi, polkovnik-leytenant Kazım Əsgərovun vəkili Adəm Məmmədov məlumat verib. Hüquqşünas bildirib ki, həbsə səbəb Vüqar Məmmədlinin Kazım Əsgərovdan külli-miqdarda pul almasıdır:
“Hərbi Dəniz Qüvvələri ilə bağlı işin istintaqını aparan Hərbi Prokuroluğun mühüm işlər üzrə müstəntiqi Vüqar Məmmədli müdafiə etdiyim şəxsin 20 min manat pulunu ələ keçirib. O, bu məbləği adıçəkilən şəxsi ev dustaqlığına buraxmaq adı ilə mənimsəyib”.
Adəm Məmmədov əlavə edib ki, Kazım Əsgərov bununla bağlı Baş Prokurorluğa müraciət edib və araşdırma başlanandan sonra sənədlər Korrupsiya İdarəsinə göndərilib. İşin aparılması isə prokurorluğun mühüm işlər üzrə böyük müstəntiqi Rəşad Məmmədova tapşırılıb.
Daha sonra Azərbaycan baş prokuroru tərəfindən təqdimata əsasən məhkəmə müstəntiqin məsuliyyətə cəlb edilməsi ilə bağlı qərar çıxarıb:
“Vüqar Məmmədli 20 mini ələ keçirərkən həmin pulu Hərbi Prokurorluğun Ağır Cinayətlərə dair İşlər İdarəsinin rəisi Hüseynzadə Mehdi Tofiq oğluna çatdıracağını deyib. İstintaq zamanı Vüqar Məmmədli pulu aldığını etiraf edib. Amma anasının xəstə olduğunu əsas gətirərək, məbləği borc adı ilə götürdüyünü bildirib. Bu cinayət işi üzrə Əhmədov Ülvi Rövşən oğlu, vəkili Aslanov Sənan Aslan oğlu şahid qismində dindiriliblər. Və məsələ təsdiqini tapıb”.
Vəkil əlavə edib ki, hal-hazırda işə Bakı Hərbi Məhkəməsinin hakimi Rafiq Abbasov baxır. Bu gün də onun sədrliyi ilə məhkəmə iclası keçirilib və təxirə salınıb.
Adəm Məmmədov onu da iddia edib ki, Respublika Hərbi Prokurorluğunda baxılan cinayət işləri qərəzli aparılır:
“Dəniz Qüvvələri ilə bağlı aparılan cinayət işi də qərəzli olub. Müvəkkilimin 20 min pulunun mənimsənilməsi məsələsində təkcə Vüqar Məmmədli yox, idarə rəisi Mehdi Hüseynzadənin də rolu var. Bu, bir daha təsdiq edir ki, müstəntiqlər işi qeyri-obyektiv aparıblar. Onun gördüyü iş külli-miqdarda mənimsəmə faktıdır (178. 3.2). Bu halda Vüqar Məmmədlini 7 ildən 12 ilə kimi həbs gözləyir. Amma o, hələ də həbs edilməyib”.