Azərbaycan 41 quzuya görə axtarışa verdi, Livanda tutuldu - Məhkəmə azadlığa buraxdı
8-03-2024, 07:24
15 sentyabr 2020-ci il tarixdən 21 sentyabr 2020-ci il tarixədək olan müddətdə tanışlarının 41 baş quzusunun pullarını mənimsədiyi üçün "İnterpol"un xətti ilə beynəlxalq axtarışa verilmiş Samir Həsənova hökm oxunub.
1989-cu ildə Bakı şəhərində anadan olmuş Samir Həsənov 2020-ci ildə Serbiyaya getmək üçün yaxın fermer tanışlarının 41 baş quzusunun pullarını mənimsəyib.
Belə ki, o, İsa və Xudayar adlı tanışlarının 41 baş quzusunu kəsdirərək, onlardan 13 manat 50 qəpiyə alıb. Samir həmin quzuları Sabunçu rayonu Məhəmmədi qəsəbəsində yerləşən ət kəsimi dükanlarına 10 manata satıb. Ümumilikdə fermerlərə 9.714 manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq edib.
Samir Həsənov quzuların pularını götürərək Serbiya Respublikasına getmək üçün Türkiyəyə təyyarə bileti alıb. 22 sentyabr 2020-ci il tarixdə səhər tezdən təyyarə ilə Türkiyəyə, oradan isə Serbiyaya gedib. Serbiyada işləri fikirləşdiyi kimi alınmadığına görə xeyli ziyana düşüb. Bundan sonra o, Qazaxıstan, Misir və digər ölkələrdə tikinti işləri ilə məşğul olub.
2023-cü ildə noyabr ayında Misirdən Türkiyəyə gedərkən tranzit olaraq Livan Respublikasında enib. Livan Hava Limanında digər təyyarəyə minmək istəyərkən saxlanılıb və axtarışda olması barədə məlumat verilib. Həmin tarixdən həbsdə qalıb. 28 noyabr 2023-cü il tarixdə Livan Respublikasından Azərbaycana ekstradisiya edilib.
Məhkəmənin qərarı ilə Samir Həsənov Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib və 5000 manat məbləğində cərimə cəzasına məhkum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və məhkəmə zalından azadlığa buraxılıb. \\Qaynarinfo