“Beynəlxalq Bank işi”ndən yeni xəbərlər

13-08-2016, 09:27           
“Beynəlxalq Bank işi”ndən yeni xəbərlər
Zamirə Hacıyevanı axtaran varmı?; Cahangir Hacıyevin vəkili ittihamların əsassız olduğunu deyir
Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşının beynəlxalq axtarışa verilməsinə dair məhkəmə qərarı icra olunmamış qalıb.

Virtualaz.org xəbər verir ki, beynəlxalq polis təşkilatı “İnterpol” Zamirə Hacıyevanın axtarışı ilə məşğul deyil və onun adı təşkilatın axtarılanlar siyahısında yoxdur. Xəbər verildiyi kimi, Zamirə Hacıyeva barəsində həbs-qətimkan tədbirinin seçilməsi və onun beynəlxalq axtarışa verilməsinə dair qərarı bu il iyunun 1-də Bakının Nərimanov Rayon Məhkəməsi çıxarıb. Qərara əsasən, Zamirə Hacıyeva Beynəlxalq Bankdan 2009-2015-ci illər ərzində bir neçə kredit kartı ilə üst-üstə 18 milyon manat çıxararaq şəxsi ehtiyacları üçün xərcləyib.


Bura xanım Hacıyevanın Avropa ölkələrində lüks istirahət xərcləri, gözəllik salonlarının xidmətlərindən istifadə etməsi, təyyarə biletləri və s. daxildir. Qərarda deyilirdi ki, Zamirə Hacıyeva 2014-cü il noyabrın 15-də Bakı aeroportundan “London istiqamətində” ölkəni tərk edib və həmin vaxtdan Azərbaycana qayıtmayıb. Göründüyü kimi, Z.Hacıyevanın barəsində çıxarılmış beynəlxalq axtarış qərarı formal xarakter daşıyıb.

Zamirə Hacıyevanın vəkili Aqil Layıcov “Yeni Müsavat”a açıqlamasında müvəkkilinə qarşı 18 milyon manatlıq mənimsəmənin əsassız olduğunu bildirib. Deyib ki, hazırda Z.Hacıyeva ilə bağlı istintaq dayanıb və həbs-qətimkan tədbirinin ləğvi üçün şikayət veriblər: “Şikayətimizə nə vaxt baxılacağı haqda məlumat verilməyib”.

Qeyd edək ki, Cahangir Hacıyevin barəsində də ibtidai istintaq yekunlaşıb. Cahangir Hacıyev və digər 7 şəxsin cinayət işi üzrə ittiham aktı Azərbaycan Baş Prokurorluğu tərəfindən 19 iyul 2016-cı il tarixində təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. C.Hacıyev və digər 7 nəfər Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.
Vəkil Cahangir Hacıyevin işi üzrə ittiham aktının ziddiyyətli məqamlarla zəngin olduğunu da diqqətə çatdırıb: “Həddən artıq səthi bir araşdırma aparıblar. Yazırlar ki, ”filankəs filankəsdən kredit alıb və qaytarmayıb". Bu məsələnin Cahangir Hacıyevə hansı şəkildə aidiyyətinin olduğu göstərilmir. Heç kim demir ki, bu krediti Cahangir Hacıyev mənimsəyib və ya mən krediti şəxsən Cahangir Hacıyevdən almışam. Bir nəfərin belə bu haqda ifadəsi yoxdur".
Vəkil müvəkkilinə qarşı ittihamların, sadəcə, ümumilikdə Beynəlxalq Bankla bağlı yayılan məlumatların araşdırılması zərurətində irəli gəldiyi qənaətində olduqlarını, məhkəmədə ittihamın əsassızlığının üzə çıxacağı söyləyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.