Azərbaycanda dollar satışında qara bazar canlanır
20-08-2016, 09:33
Dollara tələbin artması və nə Mərkəzi Bankın, nə də Neft Fondunun bu tələbi qarşılaması nəticəsində qara bazarda canlanma müşahidə olunur.
Bankların dollar satmağa qoyduğu məhdudiyyət də əhali arasında qara bazar istifadəçilərinin sayını artırır. Dəfələrlə rəsmi şəkildə olunan qadağalara baxmayaraq, son günlərdə “qara bazar”da dollar alveri aktivləşib. Banklardan istədikləri məbləğdə dollar ala bilməyən vətəndaşlar gizli yolla dollar satanlara müraciət edirlər.
“Qara bazar”dan əldə etdiyimiz məlumata əsasən, bu gün orada dolların satış kursu 1,6850 - 1,6855 manat arasında dəyişir və dollar dəyişmək üçün hər hansı limit də yoxdur. Banklarda isə dolların alışı üçün təbii ki, məbləğ mədudiyyəti şərtilə, maksimum qiymət 1,6852 manatdır. Əksər banklar isə bunlar daha ucuz məzənnə ilə ilə mübadilə edirlər. Buradan belə aydın olur ki, banklar ABŞ valyutasının “qara bazar”a çıxışını minimallaşdırmaq üçün alış və satış kursunu qol verilən həddin maksimumuna yaxınlaşdırmaq məcburiyyətində qalırlar. İndiki maliyyə böhranında bankların dollar alış-satışı arasında minimal fərq yaradaraq mübadilə əməliyyatları aparması isə onların külli miqdarda gəlirdən məhrum olması deməkdir. Ona görə də maliyyəçilər eyni zamnada “qara bazar”la mübarizə aparmaq məcbuiyyətindədir.
Ancaq qeyri-rəsmi olaraq o da məlumdur ki, qara bazarın təminatçıları özləri də elə maliyyə qurumlarıdır. Araşdırmalar göstərir ki, indi “qara bazar”da dollar satanların əksəriyyəti elə bank işçiləridir. Onlar kimliklərini ustalıqla gizlədərək xarici valyuta alverində fəal iştirak edirlər. Təkcə yaxın ətrafları onların əslində harda işlədiklərini bilirlər və bu, onlara inamı artırır. Nəticədə isə vətəndaşlar ucuz dollar almaqdan məhrum olurlar.