Rövşən Lənkəranskinin adamları təhdid olunur - Qarşıdurma gözlənilir
21-08-2016, 20:12
İstanbulda “qanuni oğru” Rövşən Lənkəranskinin ölümü Rusiya paytaxtında kriminal “razborka”lara səbəb ola bilər. Virtualaz.org bildirir ki, bu barədə Rosbalt məlumat yayıb.
Kriminal dairələrdəki vəziyyətə yaxından bələd olan mənbə nəşrə xatırladıb ki, son vaxtlara qədər Moskva regionundakı iri göyərti bazarı Rövşən Lənkəranskinin nəzarətində olub. Amma ötən il həmin bazara başqa bir “oğru” - Vaqif Süleymanov göz qoyub. Hazırda ən nüfuzlu “qanuni oğru” hesab olunan Zaxar Kalaşova (Şakro Molodoy) arxayın olan Vaqif bu gəlirli biznesi Rövşənin əlindən almaq üçün əməliyyata başlayıb. Münaqişə nəticəsində 2016-cı ilin yazında Vaqifin tərəfində olan tanınmış biznesmen Canpolad Şamiloğlu öldürülüb.
Zaxar Kalaşov həbs olunanda Rövşənin briqadasından olanlar nəzərəçarpacaq dərəcədə fəallaşıb və göyərtinin topdan satışı biznesindəki əvvəlki mövqelərini qaytarmaq üçün bir neçə dəfə cəhd göstəriblər. Ancaq...
“Lənkəranskinin ölümündən heç iki sutka keçməmiş Moskvada onun adamlarına qarşı “ov” başlayıb. Hazırda onların hamısı gizlənib. Kimisə döyəcəkləri, kimisə də Rövşənin ardınca göndərəcəkləri ilə hədələyirlər. Mal göndərənlər də Lənkəranskinin obyektlərindən qaçırlar. Bir sözlə, onun ölümü Moskvada çox ciddi qarşıdurmalara gətirib çıxaracaq. Hətta mümkündür ki, atəş səsləri də eşidilsin”, -deyə mənbə vurğulayıb.