Yeni "Hyundai Tucson": Yolsuzluq avtomobilinin yenilənmiş versiyası istehsal olunmağa başladı
9-09-2024, 17:05
Qazaxıstanda yenidən qurulmuş "Hyundai Tucson" yolsuzluq avtomobilinin istehsalına başlanılıb. Quraşdırma "Astana Motors" qrupunun tərkibindəki "Hyundai Trans Kazakhstan" müəssisəsi tərəfindən həyata keçirilir.
Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Yenilənmiş modelin qiyməti 14.2 milyon tengedən (təxminən 50 280 manat) başlayır. Əsas konfiqurasiyada avtomobil 150 at gücünə malik iki litrlik "atmosfer" mühərriki, altıpilləli avtomatik transmissiya və ön ötürücü ilə təchiz olunub. Yolsuzluq avtomobili həmçinin təhlükəsizlik yastıqları, iki zonalı iqlim nəzarəti və 12.3 düym diaqonallı media sistemi displeyi ilə təchiz edilib. Yenilənmiş versiyada avtomobilin interyeri dəyişdirilib.
Qeyd olunur ki, "Hyundai Tucson" brendin Qazaxıstanda satış lideridir.