Bakıda iki şadlıq evi özəlləşdirilməyə çıxarıldı
3-10-2016, 01:59
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) noyabrın 1-nə yeni hərraclar elan edib. Həmin hərraclarda 28-i ikinci dəfə olmaqla, 62 müəssisə və obyektin satışa çıxarılacağı gözlənir. Bakıdakı «Vüqar» və «Aydınlıq» şadlıq evləri, «Araz» kafesi də onların arasındadır.
ƏMDK hərracların açıq, şəffaf və hamıya bərabər imkanlar şəraitində keçirildiyini bildirib. Daha öncə baş tutan bir hərracda iki obyektə rəqib çıxdığı və qiymətin ikiyə qatlandığı hallar da olmuşdu.
Biri Qaraçuxurda, biri Mərdəkanda...
Noyabrın 1-də keçiriləcək hərracda Qaraçuxur qəsəbəsində 250 kvadratmetr sahəli «Vüqar» şadlıq evinə 88 min manat ilkin qiymət qoyulub. Mərdəkanda yerləşən «Aydınlıq» şadlıq evini (405 kvadratmetr) isə 179 min manat ödəyib almaq olar. Təbii ki, hərracda rəqib çıxıb, qiyməti qaldırmasa.
Xətai rayonunda ümumi sahəsi 244 kvadratmetr olan «Araz» kafesinin ilkin qiyməti 120 min manatdır. Onun hər kvadrat metrinə 492 manat qiymət qoyulub. ƏMDK obyektləri bazar qiyməti ilə qiymətləndirdiyini bildirir.
Hərraca çıxarılacaq obyektlərin 36-sı mağaza və 8-i yeməkxana, qalanları məişət xidməti obyekti, avtomobil təmiri və çörəkbişirmə sexləri və s.-dir. Obyektlərin yarısı Bakıdadır.
İnvestorlara təklif olunan müəssisə və obyektlərin ümumi sahəsi 7 min 500 kvadratmetrə yaxındır. ƏMDK onların satışından dövlət büdcəsinə, ən azı, 1 milyon 178,1 min manat daxil olacağını gözləyir. (“Azadlıq” radiosu)