İstehsal üzrə direktoru Şamil Rzayevin səhlənkarlığı üzündən 4 nəfər ağır yaralıanıb - «Baku Steel Company»-də
6-10-2016, 10:20
Bakı şəhəri Nərimanov rayonu, Z.Bunyadov prospektində yerləşən “Baku Steel Company”də sentyabrın 29-da baş vermiş istehsalat qəzası ilə bağlı Serhed.info-ya yeni məlumatlar daxil olub.Maksimum şəhildə gizli saxlanılmağa çalışılan xoşagəlməz hadisəyə səbəb olmuş şəxsin kimliyi bəlli olub.
Əməkdaşlarımızın etibarlı mənbədən əldə etdiyi məlumata görə, 4 nəfərin ciddi yanıq xəsarəti alması ilə nəticələnən yanğın hadisəsi zavodun İstehsal üzrə direktoru Şamil Rzayevin səhlənkarlığı üzündən baş verib. Belə ki, zavodda dəmir məmulatlarının əridilməsi prosesində 2 krandan istifadə olunur. Kranlardan biri əsas, digəri isə köməkçi funksiyasını yerinə yetirir. Qəza baş verən gün isə, əsas kranda texniki nasazlıq yaranıb.
Fəhlələr ikinci krana etibar etmədiklərindən çalışıblar ki, əsas işi görən kranı təmir etsinlər. Fəhlələr kranı təmir edən zaman Şamil Rzayev onların üstünə qışqıraraq işi niyə dayandırdıqlarını soruşub. Kranın xarab olduğunu dedikdə, İstehsal üzrə direktor göstəriş verib ki, ikinci kranla işlərini davam etdirsinlər. Fəhlələr bunun təhlükəli olduğunu bildirsələr də, Şamil Rzayev sözündən dönməyib. Köməkçi kran işə salınıb ərinmiş metal qaldırılaraq qəliblərə tökmək istəyən zaman güclü yanğın əmələ gəlib. Və nəticədə 4 fəhlə ağır yanıq xəsarəti ilə 5 saylı Şəhər Klinik Xəstəxanasının yanıq şöbəsinə aparılıb. Hazırda fəhlələrdən ikisinin vəziyyəti olduqca ağırdır.
Bu arada Serhed.info olaraq onu da qeyd edək ki, Şamil Rzayevin işinə məsuliyyətsizliyi hər zaman diqqət mərkəzində olub. Hətta “Baku Steel Company”nın prezidenti Rasim Məmmədov dəfələrlə onu danlayaraq işi yarıtmadığını diqqətinə çatdırıb. Hətta sonuncu xoşagəlməz hadisədən sonra da Rasim Məmmədov onu yanına çağıraraq danlayıb.