Araz Əlizadədən sitat" “Daşnaksütyun”a irad tutmağa əsas yoxdur."

10-06-2015, 20:46           
Araz Əlizadədən sitat" “Daşnaksütyun”a irad tutmağa əsas yoxdur."
Ermənistanın paytaxtı Yerevanda “Sosialist İnternasionalı”nın (“Sosintern”) komitə iclası keçirilib. Bu beynəlxalq təşkilatın üzvü olan Azərbaycan Sosial Demokrat Partiyası (ASDP) sədrinin insan haqları üzrə müavini Saləddin Allahverdiyev və təbliğat-təşviqat məsələləri üzrə müavini Yaşar Əsədov “Sosintern”in iclasında iştirak etmək üçün Yerevana gedib. ASDP sədri Araz Əlizadə “Sosintern”in fəaliyyəti ilə bağlı Modern.az saytının suallarını cavablandırıb.

- Bu təşkilatda qatı millətçi olan Ermənistanın “Daşnaksütyun” Partiyası da iştirak edir. Amma “Sosintern” sosialistlərin bir araya gəldiyi qurumdur. “Daşnaksütyun”un burada təmsil olunması “Sosintern”in mahiyyətinə xələl gətirmir?

- “Sosintern” XX əsrin əvvəllərində yarananda “Daşnaksütyun” da bura üzv idi. Bu beynəlxalq təşkilat 1950-ci illərdə yenidən fəaliyyətə başlayanda “Daşnaksütyun”un buradakı statusu donduruldu.

“Daşnaksütyun”u məcbur etdilər ki, özünün nizamnaməsini və proqramını dəyişsin. Çünki “Daşnaksütyun”un nizamnaməsində hərbi birləşmələrin mövcud olduğu bildirilirdi. Bundan başqa, qonşu dövlətlərin hamısına ərazi iddiaları irəli sürülürdü. “Sosintern”in tələblərindən sonra bu məsələlər proqramdan çıxarıldı. Bundan sonra “Daşnaksütyun” yenidən “Sosintern”ə bərpa edildi. Ona görə də indi “Daşnaksütyun”a irad tutmağa əsas yoxdur.

- “Sosintern”in fəaliyyəti onsuz da formal xarakterdədir. Buna görə də ASDP bu qurumdan çıxmaq haqqında düşünürmü?

- Xeyr, belə bir planımız yoxdur. Bu gün nüfuzlu beynəlxalq təşkilatlar belə, praktiki olaraq heç bir iş görmürlər. Amma bu təşkilatlara üzv olmaq vacibdir. Çünki sən orada olmasan, dalınca danışacaqlar, haqqında cəfəng ittihamlar səsləndirəcəklər. Amma orada olanda ağızlarından vurursan və yerlərində oturdursan.

- Sizin partiyanızdan iki nəfər “Sosintern”in Yerevandakı tədbirinə qatılıb və hələ də Azərbaycana gəlməyiblər. Onlar “Daşnaksütyun” Partiyasının nümayəndələri ilə görüş keçiriblər?

- Xeyr. Burada müzakirə olunan məsələlərdən biri də regiondakı münaqişələrdir. Amma mənim göndərdiyim adamlar “Daşnaksütyun” təmsilçiləri ilə ayrıca görüş keçirməyiblər.

- “Sosintern”in 2010-cu ildə Bakıda iclası keçirilib. Növbəti toplantılardan da hansısa Bakıda keçirilə bilərmi?

- Düşünürəm ki, payızda Bakıda toplanacağıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.