Azərbaycanda polis əməkdaşının öldürülərək yandırılması faktı ilə bağlı rəsmi məlumat yayılıb

20-04-2015, 12:04           
Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Bakıda polis əməkdaşının öldürülərək yandırılması faktı ilə bağlı birgə məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən DİA.AZ-a daxil olan məlumatda qeyd olunur ki, paytaxtın hüquq-mühafizə orqanları əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində daha bir qətlin “isti izlər”lə açılması təmin edilib.

Belə ki, aprelin 18-də Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində üzərində zorakılıq əlamətləri olan yanmış naməlum kişi meyitinin aşkar edilməsi faktına görə Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işi üzrə aparılan intensiv araşdırmalarla meyitin İmişli Rayon Polis Şöbəsinin (RPŞ) polis nəfəri Kazımzadə Muxtar Qadir oğlu olması müəyyən edilib.

Araşdırmalarla o da müəyyən edilib ki, M.Kazımzadə Xətai rayonunda yaşadığı mənzildə İmişli RPŞ-də sürücü işləyən İbayev Ravil Nuruş oğlu tərəfindən tamah niyyəti ilə qətlə yetirilib, sonuncu cinayətin izini itirmək məqsədi ilə M. Kazımzadənin meyitini Xəzər rayonu ərazisinə apararaq yandırıb.

R.İbayev aprelin 18-də şübhəli şəxs qismində tutulub və dindirilərkən törətdiyi cinayəti tam etiraf edib.

Cinayətin törədilməsində digər şəxslərin iştirakının olub-olmamasının müəyyən edilməsi istiqamətində Bakı Şəhər Prokurorluğunun İstintaq idarəsində cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.