GENERALIN ÖĞLU TƏCRIDXANAYA KÖÇÜRÜLDÜ

20-04-2015, 16:51           
GENERALIN ÖĞLU TƏCRIDXANAYA KÖÇÜRÜLDÜ
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və köməkçisi Rövşən Məmmədov Səbail və Yasamal rayon Polis idarələrinin müvəqqəti saxlanma yerlərində monitorinq keçiriblər.

Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, monitorinq zamanı ciddi qanun pozuntusu aşkarlanmayıb: “Bir sıra kiçik nöqsanlar var idi. Lakin qeyri-insani rəftar, işgəncə faktı ilə bağlı bizə heç kim müraciət etməyib. Saxlanılan şəxslər əsasən, narkotik və oğurluq cinayətlərində şübhəli bilinirlər. Görüşdüyümüz şəxslərin əksəriyyəti məhkəmə qərarlarından narazılıq bildirdi. Biz də onların müraciətlərini aidiyyatı qurumlara göndərəcəyik” .

E. Behbudov Yasamal Rayon Polis İdarəsində olarkən Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayevlə də maraqlandığını deyib: “Mənə bildirdilər ki, Tamerlan Əsədullayev barəsində həbs-qətimkan tədbiri seçilib və Bakı İstintaq təcridxanasına göndərilib. Hazırda təcridxanadadır. Mən Şərif Əsədullayevi yaxından tanıyıram. Əgər Tamerlan bir cinayət törədibsə, burada atasının günahı yoxdur. O, özü müstəqil adamdır, gərək bunu etməyəydi. Bəzi mətbuat orqanlarında Tamerlanda odlu silahın olması, bıçaqladığı adamın ölməsi barədə məlumatlar yayılır. Bunlar yalandır, onun odlu silahı olmayıb. Bıçaqlanan şəxs də artıq evə buraxılıb”.

Qeyd edək ki, aprelin 10-da -da Bakının Yasamal rayonunda fəaliyyət göstərən “Senator” restoranında dava-dalaş baş verib, bir nəfər bıçaqlanıb. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, qeyd edilən faktla bağlı Yasamal rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.

Tamerlan Əsədullayev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunub və Yasamal rayon məhkəməsinin müvafiq qərarı ilə barəsində 4 aylıq həbs qəti-imkan tədbiri seçilib.

Qeyd edək ki, Tamerlan Əsədullayev Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğludur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.