Avropa Liqası: "Qəbələ" heç-heçəyə razılaşdı, "Zirə"nin işi çətinləşdi
14-07-2017, 00:05
Bu gün Azərbaycanın daha iki klubu futbol üzrə Avropa Liqasının II təsnifat mərhələsində ilk oyunlarını keçirəcəklər.
Publika.az-ın məlumatına görə, “Qəbələ” Bakıda Polşa təmsilçisi “Yagelloniya”nı qəbul edəcəyi halda, “Zirə” Rumıniyanın Curcu şəhərində “Astra”nın qonağı olacaq.
Son iki mövsümdə Avropa Liqasında mübarizəyə I təsnifat mərhələsindən başlayan və qrupa düşməyi bacaran “Qəbələ” bu dəfə yarışa nisbətən gec qoşulur. Yay fasiləsində 9 futbolçu transfer edən “qırmızı-qaralar” Polşa komandası ilə görüşə yenilənmiş heyətlə çıxacaq. Bu mənada, Roman Qriqorçukun rəhbərlik etdiyi kollektivin necə təsir bağışlayacağı maraqla gözlənilir.
“Qəbələ”nin rəqibi isə I təsnifat mərhələsində özünü yaxşı tərəfdən göstərməyi bacarıb. “Yagelloniya” Gürcüstan “Dinamo”suna (Batumi) hər iki oyunda (1:0, 4:0) qalib gələrək, yoluna davam edib.
Qeyd edək ki, “Qəbələ”-“Yagelloniya” qarşılaşması tarixi əhəmiyyətə malikdir. Bakıda baş tutacaq matç Azərbaycan klublarının bu turnirdə 200-cü oyunudu. 1994-cü ildə UEFA kubokundakı debütümüzü rəsmiləşdirən “Turan”ın “Fənərbaxça” ilə 23 il əvvəlki matçından (0:5) indiyədək klublarımız bu yarışda 199 görüşə çıxıb. 1994-2009-cu illərdə UEFA kubokunda oynayan komandalarımız 2009-2017-ci illərdə yeni ad altında – Avropa Liqası kimi keçirilən kubokda mübarizə aparıb.
Baş tutan 199 görüşdən 57-də təmsilçilərimiz qalib gəlib. “Qəbələ”nin 8-ci km qəsəbəsindəki qələbəsi 58-ci ola bilər. Avropa Liqasının ümumi tarixində 50 heç-heçəsi olan komandalarımız 92 dəfə meydanı məğlub tərk edib.
Avrokuboklarda ilk mövsümünü keçirən “Zirə” uğurlu bir başlanğıc edib. Ayxan Abbasovun baş məşqçisi olduğu komanda I təsnifat mərhələsində Lüksemburq “Differdanj”nı hər iki matçda üstələyərək (2:0, 2:1), “Astra”ya rəqib olub.
Avropa Liqası
II təsnifat mərhələsi, ilk oyunlar
13 iyul
21:00. “Qəbələ” (Azərbaycan) – “Yagelloniya” (Polşa) 1:1
Monroz, 47 - Romançuk, 15.
Baş hakim: Marko Frits
Baş hakimin köməkçiləri: Holqer Henşel, Marsel Pelqrim
Dördüncü hakim: Qvido Uinkmann (hakimlər briqadası Almaniyadandır)
UEFA nümayəndəsi: Yevgeni Tratsyuk (Belarus)
Hakim-inspektor: Erol Ersoy (Türkiyə)
Bakı. “Bakcell Arena”
21:30. “Astra” (Rumıniya) – “Zirə” (Azərbaycan) 3:1
İonita, 31. Dandea, 55. Le Tallek, 74 - Sadiqov, 34.
Baş hakim: Sergey Sinkeviç
Baş hakimin köməkçiləri: Yevgeni Romanov, Vitali Malyutsin
Dördüncü hakim: Viktor Şimusik (hakimlər briqadası Belarusdandır)
UEFA nümayəndəsi: İvan Borissov Lekov (Bolqarıstan)
Hakim-inspektor: İrji Ulrix (Çexiya)
Curcu. Marin Anastasoviçi stadionu